Elmar Məmmədyarov: “Ermənistan strateji baxımdan məğlub olub və zaman keçdikcə bunun fəsadlarını daha qabarıq hiss edəcək”
"Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması xarici siyasətimiz qarşısında duran vəzifə və tapşırıqlar sırasında prioritet yer tutmaqla yanaşı, bu sahədə daim konstruktiv və praqmatik yanaşma nümayiş etdirilir". Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Azərbaycan" qəzetində çıxan məqaləsində yazıb.
Nazir məqaləsində qeyd edir ki, Ermənistanın hərbi təcavüzü şəraitində təşəkkül tapan Azərbaycanın ümumi inkişaf və xarici siyasət strategiyası yüz ildən artıq bir dövr ərzində erməni ideoloqları tərəfindən formalaşdırılan böyük bir xülyanı tamamilə boşa çıxarıb: "Məhz Azərbaycan dövlətinin güclənməsi fonunda erməni lobbisinin ölkəmizə qarşı təxribatlarının qarşısı alınmağa və yalanları ifşa olunmağa başlanıb. Erməni lobbisinin sıx cəmləşdiyi ölkələrdə belə Azərbaycan haqqında həqiqətlər bu ölkələrin geniş ictimai dairələrinə sirayət edib. Təəssüflər olsun ki, düşmənçilik strategiyasını seçmiş erməni lobbisi bu gün də ölkəmizə qarşı çirkin addımlar və destruktiv tendensiya nümayiş etdirməkdən çəkinmir".
E. Məmmədyarovun sözlərinə görə, Azərbaycana qarşı açıq təcavüz, etnik təmizləmə və müharibə cinayətləri törədən və bunun müqabilində beynəlxalq ictimaiyyət tərəfindən "cəzasızlıq"la üzləşən Ermənistan elə zənn edirdi ki, bu yolla torpaqlarımızın işğalının davam etdirilməsi və sonra digər Azərbaycan torpaqlarına iddia üçün yeni fürsətlər qazanacaq: "Amma Azərbaycanın yürütdüyü qətiyyətli, müstəqil xarici siyasət və münaqişə tərəfi kimi Ermənistanın məsuliyyətinin müəyyən edilməsi istiqamətində gördüyü tədbirlər nəticəsində işğalçı dövlət nəinki bu xülyadan məhrum olmuş, hətta "müstəqil dövlət" kimi təqdim etməyə çalışdığı qondarma rejimi tanımaq iqtidarını belə itirib. Erməni liderləri ötən 20 ildən sonra mifik ideologiya əsasında formalaşdırılmış strategiya ilə erməni xalqını yəqin ki, fəlakətə apardıqlarının fərqindədirlər. SSRİ-nin dağılmasından sonra müstəqilliyini əldə edən Azərbaycanla Ermənistan arasında o dövrdə bütün sahələrdə fərq bir o qədər də böyük olmadığı halda, bu gün regionda strateji müvazinət müqayisəyə gəlməyəcək şəkildə Azərbaycanın xeyrinə dəyişib. Nəticə etibarilə Azərbaycana qarşı təcavüzkar siyasət yürüdən Ermənistan strateji baxımdan məğlub olub və zaman keçdikcə də bu strateji məğlubiyyətin daha acı fəsadları qabarıq şəkildə özünü göstərəcək".
E. Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların gedişində Ermənistanın davamlı olaraq qeyri-konstruktiv mövqe tutması, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik etməsi, beynəlxalq təşkilatların qərar və qətnamələrinə əməl etməkdən boyun qaçırması və buna paralel olaraq regionda vəziyyəti gərginləşdirməyə xidmət edən təxribatçı addımlar atmaqdan və işğal altındakı ərazilərdə qanunsuz fəaliyyət göstərməkdən çəkinməməsi danışıqların uğurla nəticələnməsinə mane olur: "ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların hələ konkret nəticə verməməsinə baxmayaraq, dünya birliyində artıq yekdil bir fikir formalaşıb ki, münaqişənin həlli Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması, azərbaycanlı məcburi köçkünlərin və qaçqınların öz doğma yurd-yuvalarına qayıtması ilə başlanmalı, bunun ardınca münaqişə tərəfləri arasında əməkdaşlıq, etimad mühitinin formalaşmasına xidmət edən qarşılıqlı addımlarla işğalın ağır nəticələri aradan qaldırılmalıdır. Azərbaycan Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesi ilə yanaşı NATO, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı başda olmaqla, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair sənədlərin qəbul edilməsinə nail olub və burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə edilib, münaqişənin məhz bu əsasda həllinin vacibliyi vurğulanıb. Dünya birliyinin mütləq əksəriyyətini birləşdirən bu beynəlxalq təşkilatların belə bir prinsipial mövqe nümayiş etdirməsindən Ermənistan nəticə çıxarmalı, öz mövqeyini bir daha təhlil etməli və dünya ictimaiyyətinin mövqeyinə uyğun şəkildə hərəkət etməlidir. Minsk Qrupu çərçivəsində aparılan danışıqların bugünkü vəziyyətinin təhlili onlar tərəfindən daha nəticəyə yönəlmiş və ədalətli yanaşmaya ehtiyac olduğunu göstərir. Keçən illər ərzində beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qərar və qətnamələr, o cümlədən Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının son Qahirə sammitinin sənədləri artıq münaqişənin həlli çərçivəsini, hüquqi bazasını və onun əsas elementlərini müəyyənləşdirib. Beynəlxalq ictimaiyyətin əsaslandığı bu sənədlər ATƏT-in Minsk Qrupunun daha nəticəyə yönəlmiş fəaliyyəti üçün əsasdır. Yalnız bu addımlar nəticəsində Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında birgə yaşayış və əməkdaşlıq mühiti formalaşdırıla bilər. Təəssüflər olsun ki, rəsmi Yerevanın hər iki icmanın nümayəndələrinin görüşlərinin keçirilməsinə mane olması icmalararası etimad mühitinin yaradılmasına və bütövlükdə münaqişənin həllinə mənfi təsir göstərir".
Nazir bəyan edib ki, Azərbaycanın mövqeyi aydındır: "Biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq və bütün regionun inkişafında maraqlıyıq. Azərbaycan öz yüksək iqtisadi potensialını bütün regionun inkişafına yönəltməyə hazırdır. Təcavüzkar dövlətin öz silahlı qüvvələrini işğal olunmuş ərazilərdən çıxarması Ermənistanın özünün Azərbaycanın geniş iqtisadi potensialından yararlanmasına və eyni zamanda, Azərbaycanın Dağlıq Qarabağ regionu üçün də real inkişaf proqramının ortaya qoyulmasına, o cümlədən real investisiyaların cəlb edilməsinə şərait yarada bilər. Biz Dağlıq Qarabağ regionunda yaşayan erməniləri öz vətəndaşlarımız kimi qəbul edirik və onların yaxşı şəraitdə yaşamasını istəyirik. Lakin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qalması bunun üçün başlıca maneədir. Ermənistan dərk etməlidir ki, onun xilası münaqişənin tez bir zamanda həll edilməsi və qonşu dövlətlərlə, xüsusilə Azərbaycanla əlaqələrin normallaşdırılmasından asılıdır".
E. Məmmədyarov qeyd edib ki, erməni yalanlarına qarşı dünya miqyasında Azərbaycan tərəfindən aparılan uğurlu diplomatik hücum strategiyasının bariz nəticəsi kimi Ermənistanın təcavüzü məsələsi artıq Meksika, Pakistan, Kolumbiya, Panama, Peru, Çexiya, Bosniya-Herseqovina, İordaniya parlamentləri və ABŞ-ın 14 ştatının yerli qanunverici orqanları səviyyəsinə çıxarılaraq insanlıq əleyhinə cinayət kimi tanıdılıb. Bu da Azərbaycanın artan ikitərəfli əlaqələrinin inkişafından xəbər verir./apa/
O.M.