Təhsil Nazirliyi: “Hicablı müəllimi işdən çıxmağa məcbur edilməsinin heç bir hüquqi əsası yoxdur”

Təhsil Nazirliyi: “Hicablı müəllimi işdən çıxmağa məcbur edilməsinin heç bir hüquqi əsası yoxdur”

27 İyul 2013 12:58
Bəyəndim (0) Bəyənmədim (0)

Məktəbə hicablı gələn müəllimin işdən çıxmağa sövq edilməsinin heç bir hüquqi əsası yoxdur. Apa-nın xəbərinə görə, bu, Təhsil Nazirliyinin Facebook səhifəsində vətəndaşlarına suallarına verilən cavabda bildirilib. Nazirlik hesab edir ki, müəllim məktəbə əksəriyyətin qəbul etdiyi geyimdə gələrsə, daha məqsədəuyğun olar.

Vətəndaşların digər suallarını da cavablandıran nazirlik bildirib ki, hazırda qüvvədə olan qaydalara əsasən ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyəsini bitirmiş müəllimlərin əməkhaqqının müəyyənləşdirilməsində heç bir fərq yoxdur: "Magistratura diplomu əməkhaqqına əlavələr edilməsi üçün əsas vermir. Elmi dərəcəsi olan müəllimlərin əməkhaqqına əlavələr olunur".

Cavablarda qeyd edilib ki, nazirlik milli azlıqların ana dili dərsliklərinin hazırlanması və çapı ilə bağlı məsələlərə həssas yanaşır. Ayrı-ayrı xalqların ana dili dərslikləri çap olunaraq müvafiq təhsil müəssisələrinə göndərilib və istifadə olunur: "Lakin dərsliklərin yazılması ilə mütəxəssislər məşğul olmalıdır. Ləzgi dili tədris olunan ümumtəhsil məktəblərinin I-IX siniflərində həmin dilin tədrisinə həftədə 2 saat vaxt ayrılır. Digər azsaylı xalqların (talış, udi, saxur, avar, kürd və s.) dilləri öyrədilən ümumtəhsil məktəblərinin I-IV siniflərində həmin dillərin tədrisinə də həftədə 2 saat ayrılır. Cari dərs ilində həmin saatların artırılması nəzərdə tutulmayıb, buna ciddi ehtiyac da yoxdur. Çünki həmin uşaqlar ya Azərbaycan, ya da rus dilində təhsil alırlar".

O.M.