İlham Əliyev İran prezidentinin andiçmə mərasiminə dəvət olundu

İlham Əliyev İran prezidentinin andiçmə mərasiminə dəvət olundu

24 İyul 2013 09:56
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İran İslam Respublikasının yeni prezidenti Həsən Ruhaninin andiçmə mərasiminə dəvət olunub.APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Əraqçı açıqlama verib. Nazir müavini deyib ki, İranın yeni prezidenti Həsən Ruhaninin andiçmə mərasimi avqustun 4-də ölkə parlamentində keçiriləcək: "İslam inqilabının qələbə çalmasından sonra ilk dəfə olaraq xarici ölkələrin rəsmilərinin də İran prezidentinin andiçmə mərasimində iştirak etməsi üçün dəvət ounması ilə bağlı qərar qəbul olunub. Əlbəttə, bu məsələ bütün dünya ölkələrində həyata keçirilən bir işdir. Biz də ABŞ, Böyük Britaniya və İsrail istisna olmaqla bütün ölkələrə dəvətnamə göndərmişik. Təbii ki, qonşu və region ölkələri, habelə İran İslam Respublikası ilə dostluq və yaxın əlaqələrə malik olan dövlətlər daha çox bizim diqqət mərkəzimizdədir. Allaha şükürlər olsun ki, bu dəvətlər müsbət qarşılanıb".

A.Əraqçı vurğulayıb ki, Azərbaycan Respublikasına da dəvətnamə göndərilib: "Ümid edirik ki, Azərbaycan Respublikası da İran İslam Respublikasının yeni prezidentinin inauqurasiya mərasimində yüksək səviyyədə iştirak edəcək".

O.M.