Prezident İlham Əliyev: “Gələcəkdə jurnalist şəhərciyi olacaq”

Prezident İlham Əliyev: “Gələcəkdə jurnalist şəhərciyi olacaq”

22 İyul 2013 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhəri, Səbail rayonu Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş yaşayış binasının açılış mərasimi keçirilir. Lent.az-ın verdiyi məlumata görə, jurnalistlər öncə Fəxri Xiyabanda Heydər Əliyevin və Milli Mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarlarını ziyarət ediblər. Daha sonra jurnalistlər xüsusi avtobuslarla binanın yerləşdiyi əraziyə gətiriliblər. Açılış mərasimində çıxış edən prezident İlham Əliyev jurnalistləri 22 iyul Milli Mətbuat Günü münasibəti ilə təbrik edib. Dövlət başçısı jurnalistlər üçün tikilmiş mənzillərin istifadəyə verilməsinin ikiqat bayram olduğunu bildirib: "Dünya praktikasında ilk dəfə Azərbaycanda jurnalistlər üçün ev tikilərək istifadəyə verilib. Jurnalistlər maaşları ilə mənzil ala bilməzlər. Mətbuat təmsilçiləri ilə görüşdə ortaya çıxan təşəbbüsə dərhal dəstək verildi". Prezident İlham Əliyev ətraf ərazilərdə yeni kompleks yaradılacağı, böyük su kompleksi və digər obyektlərin tikiləcəyini söyləyib. Onun sözlərinə görə, bu binada mənzil alanlar arasında müxtəlif mətbu orqanların, müxtəlif siyasi baxışa malik insanlar var: "Bu da göstərir ki, Azərbaycanda heç bir sahədə ayrı-seçkiliyə yol verilmir. Azərbaycanda sağlam ab-hava var, jurnalistlərin fəaliyyəti də bu ab-havanı daha da sağlamlaşdıracaq". Heydər Əliyevin senzuranı ləğv etməsi ilə mətbuatın azadlığının genişləndiyini vurğulayan dövlət başçısı qeyd edib ki, Azərbaycan müasir texnologiyanın tətbiqində də sözünü deyir: "Dünyada olduğu kimi, Azərbaycanda da internet jurnalistikası inkişaf edir. İnternetin yayılması ilə bağlı dövlət tərəfindən proqramları həyata keçirilir. Belə olan halda biz deyə bilərik ki, Azərbaycanda söz azadlığı tam təmin edilib. Bu, belə də olmalıdır. Azərbaycanda iqtisadi, sosial və ictimai proseslərin gedişi mütərəqqi ideyalar üzərində qurulmalıdır. Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın rolu böyükdür. Gələcəkdə də Azərbaycanda söz azadlığı və digər azadlıqlar tam təmin ediləcək. Bu yaxınlarda icazəli mitinqlərin keçirilməsi üçün də yer nəzərdə tutulub, jurnalistlərə eyvandan baxaraq o aksiyaları işıqlandırması çətin olmaz". Prezident İlham Əliyev ən mütərəqqi təcrübənin Azərbaycanda tətbiqinin zəruri olduğunu qeyd edib. O, jurnalistlərin məsuliyyətinin də daim müzakirə mövzusu olduğunu bildirib: "Azad mətbuat olan yerdə jurnalist məsuliyyəti önə çıxır. Son illər jurnalistlər məsuliyyətlərini daha çox hiss edirlər. Mətbuatda təhqiramiz yazılara çox az rast gəlinir. Digər tərəfdən, müasir internet dövründə yalan informasiyanın ömrünü uzun ola bilməz. Mətbuat Şurasının da bu məsələləri daim diqqət mərkəzində saxladığını bilirəm. Jurnalistlərin peşəkarlığı barədə heç nə demək istəmirəm, siz özünüz vaxtaşırı bu barədə danışırsınız. Əgər dövlət tərəfindən hər hansı dəstək lazımdırsa, biz bu dəstəyi verəcəyik ki, gənc, peşəkar kadrların hazırlanması prosesi sürətlə getsin. Bütövlükdə jurnalistikamız xalqına, dövlətinə bağlıdır. Bəzən şəxsi, partiya, korporativ maraqlar ortaya çıxır. Buna yol vermək olmaz. Xüsusən gənc dövlətlərdə vətənpərvərlik hissi güclü olmalıdır. Bu, sadəcə şüar deyil. Gənclərimiz vətənpərvər ruhda böyüməli, tərbiyə almalıdır və jurnalistikamızın bu sahədə böyük rolu var. Müstəqillik bizim xoşbəxtliyimiz, böyük dəyərimizdir. Ona görə də jurnalistlərin vətənpərvərliyi çox vacibdir. Dövlət maraqları müdafiə edilməli, dövlətə zərər verən addımlara yol verilməlidir. Eyni zamanda cəmiyyətdə mövcud olan problemlər ölkə daxilində həllini tapmalıdır. " Dövlət başçısı bildirib ki, əgər müstəqil ölkə kimi 22 ildir ki, yaşayırıqsa, bütün problemləri özümüz həll etməliyik: "İqtisadi, siyasi xətlə bağlı fikir ayrılıqları yoxdur. Ona görə də problemlərimizi özümüz həll etməliyik. Müstəqillik, vətənpərvərliklə bağlı vaxtaşırı yazılara rast gəlinir. Ancaq mən hesab etmirəm ki, bu, kifayətdir. Bizim nəslimizin ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, müstəqil, azad dövlətdə yaşayırıq. Biz bunu qiymətləndirməli, müstəqilliyi hər şeydən üstün tutulmalıdır. Müstəqillik təkcə dövlət atributları deyil, dövlət maraqlarının qorunmasıdır". Prezident İlham Əliyev Dağlıq Qarabağ məsələsinin xüsusən xarici mətbuatda işıqlandırılmasını zəruri sayıb: "QHT-lər bu sahədə fəaldır, mətbuat nümayəndələri də xarici mətbuata çıxır. Bu iş daha da genişlənməlidir. Dövlət qrant və digər formalarda bu işə dəstək verməyə hazırdır. Son illər bir neçə ölkə Xocalı soyqırımını tanıyıb. Çünki dövlət və cəmiyyət bu məsələni diqqətdə saxlayır. Dövlət və cəmiyyətin reallıqlarını jurnalistlərdən yaxşı heç kim çatdıra bilməz. Azərbaycan böyük uğurlar qazanıb və bu reallıqları görməməzliyə vurmaq mümkün deyil. Ancaq erməni lobbisi gücləri olan bütün ölkələrdə Azərbaycana qarşı mübarizə aparırlar. İstəyirlər ki, ermənilərin Azərbaycan daxilində yaşaya bilməyəcəkləri barədə təəssürat yaratsınlar. Biz bunu nəzərə almalıyıq. Bu gün internetin resurslarından istifadə edərək tolerantlıq, dini dözümlülük və digər sahələrdəki reallığı dünyaya çatdırılmalıdır. Biz müəyyən problemlərin də olduğunu bilirik, ancaq böyük nailiyyətlər də əldə etmişik. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür, inkişaf etmiş ölkələrin bir çox kriteriyaları Azərbaycanda tətbiq edilib. Deməyə sözümüz çoxdur, sadəcə, bu sahədə koordinasiya aparılmalıdır. Vətənpərvərlik isə öndə olmalıdır. Siyasi baxışların toqquşması təbiidir, ancaq biz dövlət maraqlarımızı şəxsi ambisiyalara qurban verməməliyik. Çünki müstəqillik ən böyük dəyərdir və biz müstəqilliyimizi qorumalıyıq. Əfsus ki, hələ də qul psixologiyası ilə yaşayanlar, xaricdə dayaqlar axtaranlar var. Xaric dedikdə onun hansı qütbdə yerləşməsinin mənim üçün fərqi yoxdur. Dünyanın bir çox yerlərində proseslər mənfi istiqamətə gedir, qarşıdurmalar yaşanır. Bizdən çox maraqlarımızı müdafiə edən olacaqmı? Yox". Prezident İlham Əliyev dövlətin mətbuata qayğısının davam edəcəyini söyləyib: "Bu gün açılışını etdiyimiz binada yaşayacaq jurnalistlərin sayı 150 nəfərdir. Ancaq dövlətin dəstəyinə ehtiyacı olan, buna layiq olan jurnalistlərin sayı çoxdur. Təşəbbüsü nəzərə alaraq, jurnalistlərə bu sahədə dəstək davam edəcək. İstisna etmirəm ki, bura gələcəkdə jurnalist şəhərciyi olacaq".