First-lady Parisdə...

First-lady Parisdə...

19 İyul 2013 09:46
465
Bəyəndim (0) Bəyənmədim (0)
Parisdə Azərbaycanın UNESCO-ya üzv qəbul olmasının 20 illiyi münasibəti ilə mərasim keçirilib

Parisdə Azərbaycanın UNESCO-ya üzv qəbul olmasının 20 illiyi münasibəti ilə mərasim keçirilib. Mərasimdə Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da iştirak edib.

Tədbirdən əvvəl Mehriban Əliyeva ilə UNESCO-nun baş direktoru İrina Bokovanın görüşü olub. Görüşdə Azərbaycanla UNESCO arasında əməkdaşlıqdan danışılıb və münasibətlərin bundan sonra da inkişaf edəcəyi bildirilib.

Həmçinin Heydər Əliyev Fondu ilə UNESCO arasında gələcək əməkdaşlıq, qurumun mədəni irs siyahısına Azərbaycandan daha çox mədəni abidələrin daxil edilməsi, UNESCO-nun qeyri-maddi mədəni irs üzrə hökümətlərarası komitəsinin bu ilin dekabrında Bakıda keçiriləcək iclası barədə də müzakirələr aparılıb.

Daha sonra Azərbaycan höküməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi imzalanıb. Sazişi Azərbaycan tərəfdən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, UNESCO tərəfdən isə baş direktor İrina Bokova imzalayıblar.

İ. Bokova qeyd edib ki, bu saziş təhsil, mədəniyyət, ətraf mühitin qorunması sahələrində Azərbaycanla UNESCO-nun birgə səylərini dəstəkləyən fondun yaradılması istiqamətində mühüm addımdır.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə Azərbaycan Prezidenti İlham Əliyev və hökumət adından ölkəmizlə UNESCO arasında humanitar əməkdaşlıq, təhsil, səhiyyə, sosial məsələlər, mədəni proseslər sahələrində əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib.

Daha sonra Azərbaycanın təşkilata üzv olmasının 20 illiyi münasibətilə ölkəmiz adından UNESCO-ya hədiyyə edilən daş at və qoç abidələrinin təqdimat mərasimi olub.

XII-XII əsrə aid olan bu heykəllər Tovuz rayonunun Aşağı Ayıblı kəndindən tapılıb. Abidələr UNESCO-nun baş qərargahının həyətinə qoyulub və daim o burda nümayiş olunacaq.

Mərasimdə çıxış edən UNESCO-nun baş direktoru İrina Bokova deyib ki, Azərbaycanla imzalanmış saziş 5 milyon manatlıq trastın yaradılmasına dairdir.
İ. Bokova UNESCO ilə Azərbaycan arasındakı səmərəli əməkdaşlığa görə, prezident İlham Əliyevə və UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya minnətardlığını bildirib.

O, M. Əliyevaya təhsilin, o cümlədən qızların təhsilinin inkişafına verdiyi töhfələrə və irəli sürdüyü təşəbbüslərə görə də təşəkkür edib: "Pakistanda qızlar məktəbinin tikintisinin maliyələşdirilməsini çox yaxşı xatırlayıram. Bu arada digər təşəbüslər də olub, xüsusən də "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi və ölkənizin bir çox rayonlarında 132 məktəbin inşası. Mən, həmçinin bu mənada mədəniyyətlərarası dialoqun, musiqi təhsilinin, bir daha qeyd etmək istərdim, qızların təhsilinin inkişaf etdirilməsinə ölkənizin sadiqliyini yüksək qiymətləndirirəm".

M. Əliyeva isə çıxışında deyib ki, Azərbaycan UNESCO-nun müxtəlif sahələrdə məqsədlərinin təşviqinə sadiqdir: "Son 20 ildə biz ölkəmizdə təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə xususi diqqət yetirmişik. Biz dərindən inanırıq ki, yalnız yüksək səviyəli təhsilə malik olan ölkə uğurlar əldə edə və xalqı üçün daha yaxşı həyat keyfiyyətini təmin edə bilər. Biz, eyni zamanda, elmin və müasir texnologiyaların inkişafına çoxlu sərmayə yatırırıq. Bu ilin fevral ayında Azərbaycanın ilk telekomunikasiya peyki olan "Azərspeys-1"in kosmik fəzaya buraxılması bunun bariz nümunəsidir".

Mədəni irsin qorunmasının Azərbaycan höküməti üçün prioritet istiqamət olduğunu bildirən M. Əliyeva muğam, aşıq musiqisi, tar ifası, Novruz bayramının UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edildiyini xatırladıb:" Eyni zamanda, Qız Qalası, İşərishəhər, Şirvanshahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Dünya İrsi Siyahısına salınıb".

M. Əliyeva qeyd edib ki, Azərbaycan həm də UNESCO ilə mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlıq edir: " Bu gün beynəlxalq ictimayət bizim ölkəmizi yüksək dini və etnik dözümlülük sahibi, dailoqun mərkəzi kimi tanıyır. Əsirlər boyu müxtəlif dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda sülh, harmoniya şəraitində yaşayıblar".

M. Əliyeva UNESCO iə Azərbaycan arasında bağlanmış çərçivə sazişinin də mühüm əhəmiyyət kəsb etdiyini bildirib: "Əminəm ki, Azərbaycan UNESCO ilə əməkdaşlığını davam etdirəcək. Mövcud olan böyük potensialı reallaşdırmaq üçün gələcəkdə əlaqələrimiz daha da güclənəcək".

O.M.