Prezidentdən şad xəbər!

Prezidentdən şad xəbər!

19 İyul 2013 09:42
Bəyəndim (0) Bəyənmədim (0)
“Maaşlar və pensiyalar artacaq”

Azərbaycanda bu ilin ilk altı ayındakı müsbət inkişaf dinamikası ilin sonuna qədər də qorunacaq. Bbunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Prezident Azərbaycandakı iqtisadi artımın bu il də nümunə ola biləcəyini qeyd edib. Ölkə başçısı ümumi daxili məhsulun 5 faiz, qeyri-neft sektorunun 11 faiz artdığını deyib: "Hesab edirəm ki, biz bir müddət bundan əvvəl növbəti 10 il ərzində qeyri-neft sektorumuzu 2 dəfə artırmaq barədə qarşımıza qoyduğumuz məqsədə çatacağıq".Dövlət başçısı kənd təsərrüfatında 5 faiz artım olduğunu, növbəti illərdə bu artımın daha da çoxalmasının gözlənildiyini bildirib.Prezident deyib ki, bu ilin birinci yarısında ölkə iqtisadiyyatına 12,6 milyard dollar sərmayə qoyulub, bunun təxminən 7 milyard dolları daxili, 5 milyard dolları isə xarici sərmayədir: "Uzun illərdir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır. Son altı ayda iqtisadiyyatımıza yatırılan 5 milyard dollar xarici sərmayə bunu bir daha təsdiqləyir. Hər bir ölkə üçün xarici investisiyalar önəmli rol oynayır . Özümüzün də kifayət qədər böyük maddi imkanlarımız olmasına baxmayaraq, xarici investorların Azərbaycana olan inamı və xarici investisiyaların qoyuluşu ölkənin ümumi inkişafını əks etdirir".

Azərbaycanda özəl sektorun da investisiya imkanlarını artırdığını bildiröən dövlət başçısı deyib: "Şübhə etmirəm ki, vaxt gələcək Azərbaycan iqtisadiyyatına yatırılan daxili investisiyaların böyük hissəsi özəl qurumlar tərəfindən qoyulacaqdır. Buna nail olmaq üçün əlbəttə ki, özəl qurumlar daha da fəal işləməlidir, daha da böyük güc toplamalıdırlar. Dövlət isə öz tərəfindən onlara bütün lazımi dəstəyi göstərir".

Ölkənin neft-qaz sektorunun işlənilməsi ilə bağlı nəzərdə tutulan layihələrin 10 milyard dollarla ölçüldüyünü bildirən prezident bu sifarişlərin böyük əksəriyyətinin Azərbaycanda reallaşmalı olduğunu da vurğulayıb.

Ölkə başçı qeyd edib ki, ilin sonuna qədər investisiya qoyuluşundakı temp saxlanılsa, o zaman sərmayələrin səviyyəsi təqribən 25 milyard dollara çatacaq.

Azərbaycanın həm də başqa ölkələrin iqtisadiyyatına sərmayə qoymağa başladığını bildirən prezident bunun mühüm üstünlük olduğunu da vurğulayıb: "Son bir neçə il ərzində dünyanı, xüsusilə Avropanı bürümüş iqtisadi və maliyyə böhranı şəraitində xarici iqtisadiyyatlara qoyulan vəsait onu göstərir ki, biz doğrudan da, böyük imkanlara malikik. Biz özümüzü çox rahat hiss edirik. Əlbəttə ki, bizim iqtisadi imkanlarımız və siyasi addımlarımız bir-biri ilə bağlıdır və biz gələcəkdə xarici bazarlara nə qədər çox investisiya qoysaq, bölgədə və dünyada siyasi çəkimiz də o qədər artacaq".

Ölkənin valyuta ehtiyatlarının 48 milyard dollardan çox olduğunu bildirən dövlət başçısı ilin sonuna qədər bu ehtiyatların daha da artacağını deyib.

Dövlət başçısının sözlərinə görə, dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda həyata keçirilən islahatları təqdir edir: "Azərbaycanda aparılan islahatlar bir çox ölkələr üçün nümunə olmalıdır və deyə bilərəm ki, bir çox ölkələrdə Azərbaycanın təcrübəsi öyrənilir. Biz öz yolumuzla gedirik. İqtisadi və sosial inkişaf məsələlərini bir paketdə həll edirik. Azərbaycanda əsaslı iqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır. Əgər belə olmasaydı, əhalinin gəlirləri artmazdı. Əsaslı iqtisadi islahatlar bir sıra hallarda insanlara çox baha başa gəlir. İnsanlar əziyyət çəkirlər. Biz indi müxtəlif yerlərdə iqtisadiyyatı dirçəltmək, iqtisadi böhrandan çıxmaq üçün daha çox əhali hesabına atılan addımları görürük. İş yerləri ixtisar edilir, maaşlar kəsilir, iş günü uzadılır, pensiya həddi uzadılır. Yəni, bəzi hökumətlər öz iqtisadi vəziyyətini insanların hesabına sağlamlaşdırmaq istəyirlər. Bizdə isə iqtisadi islahatlar köklü xarakter daşıyırdı. Çünki biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid yoluna qədəm qoymuşduq. Bu islahatlar güclü sosial siyasətlə də tamamlanır, dəstəklənir. Belə olan halda təsadüfi deyil ki, hətta böhranlı illərdə Azərbaycan əhalisinin gəlirləri artıb".

Azərbaycanın milli valyutasının məzənnəsinin sabit olduğunu deyən prezident son altı ayda əhalinin pul gəlirlərinin 7 faizdən çox artdığını, inflyasiyanın isə cəmi 2 faiz olduğunu bildirib.

Prezident maaşların artdığını, Azərbaycanda orta əməkhaqqının 520 dollar,orta pensiyanın 200 dollar səviyyəsində olduğunu bildirib: "Bu rübdə vətəndaşların pensiyaları da, əməkhaqları da artırılacaq. Gələn illərdə də eyni siyasət aparılacaq".

Regionlarda aparılan işlər nəticəsində işsizliyin aradan qalxdığını bildirən prezident bu ilin əvvəlində işsizliyin səviyyəsinin 5 faizdən bir qədər çox olduğunu bildirib: "Hesab edirəm ki, ilin sonuna qədər bu rəqəm daha da azalacaq. Amma o da həqiqətdir ki, 5 faiz səviyyəsində işsizlik istənilən ölkə üçün arzu olunan rəqəmdir. Bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 10 faiz, 15 faiz, 25 faiz səviyyəsinə qalxır. Əlbəttə ki, bu, çox ciddi sosial problemlərə gətirib çıxarır. İşsizliyin aradan qaldırılması 10 il bundan əvvəl qarşıya qoyulmuş ən əsas vəzifələrdən biri idi. On il ərzində 1 milyon 180 min yeni iş yeri açılıb. Bu ilin altı ayında 55 min iş yeri yaradılıb. Onlardan 45 mini daimi iş yeridir".

Prezident Azəırbaycanda keçirilmiş Davos Forumunda da söz açıb, bu forumun siyasi və iqtisadi bir tədbir olduğunu, ölkəmizdə bu tədbirin yüksək səviyyədə keçirildiyini bildirib.

Son bir neçə ildə Azərbaycanın Davosda keçirilən forumlarda fəal iştirak etdiyini bildiriən ölkə başçısı ölkəmizin inkişaf dinamikası və uğurlarının bu tədbirdə geniş işıqlandırıldığını vurğulayıb: "Davos Forumunun hesablamalarına görə, Azərbaycan dünya miqyasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə 46-cı yerdədir. Bu qiymətləndirmə hesab edirəm ki, ən ciddi və böyük diqqətə layiq olan qiymətləndirmədir. Çünki bu, dünyanın bir nömrəli Forumu tərəfindən verilən qiymətləndirmədir".

O.M.