
İsveçrədən notamıza cavab gəldi
Azərbaycanın İsveçrə Konfederasiyası və
Lixtenşteyn Knyazlığındakı səfirliyindən bildirilib ki, 25-ci Beynəlxalq Kitab
və Mətbuat Sərgisinin 29 aprel 2011-ci il tarixində Cenevrə şəhərində
keçirilmiş açılış mərasimində Ermənistana aid olan "stend"lərdə ölkəmizin ərazi
bütövlüyünü təhrif edən müxtəlif materialların nümayiş etdirilməsi ilə
əlaqədar, səfirlik tərəfindən İsveçrə Xarici İşlər Federal Departamentinə
göndərilmiş etiraz notasına cavab verilib.
Federal Departamentdən daxil olmuş notada, sərgidə ermənilər tərəfindən təhrif
olunmuş materialların nümayiş edilməsinin təəssüf doğurduğu bildirilir.
Federal Departamentin cavab notasında materiallara görə stend sahiblərinin
məsuliyyət daşıdığı, hüquqi təminatın yalnız İsveçrənin qanunları pozulduğu
halda mümkün ola biləcəyi qeyd edilib. Məsələ ilə bağlı sərginin təşkilatçıları
Departament tərəfindən məlumatlandırılıb və təşkilatçılar erməni stend
sahiblərini inandırmaq üçün əllərindən gələni ediblər.
Məktubda ermənilər tərəfindən nümayiş edilmiş təhrif olunmuş materialların
Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ regionu və ətraf
rayonlar ilə bağlı İsveçrə Hökumətinin mövqeyi ilə ziddiyyət təşkil etdiyi və
İsveçrə Xarici İşlər Federal Departamentinin rəsmi internet səhifəsində İsveçrə
vətəndaşlarına ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ regionuna və ətraf
rayonlara səfər etməməkləri rəsmi olaraq tövsiyə edildiyi xüsusilə qeyd olunub.
Stendin qoyulduğu yeri azad etmək böyük azadlıq yürüşünün ilk addımı ola bilər...
Könül Aypara
O.M.