Obama Uqo Çavesin ölümü ilə bağlı danışarkən başsağlığı verməyib

Obama Uqo Çavesin ölümü ilə bağlı danışarkən başsağlığı verməyib

6 Mart 2013 10:46
Bəyəndim (0) Bəyənmədim (0)
ABŞ lideri prezidentin ölümünə münasibət bildirdi

Amerika Birləşmiş Ştatları Venesuela ilə konstruktiv qarşılıqlı münasibətlərin bərqərar ediləcəyinə ümid edir. Bunu ABŞ prezidenti Barak Obama Venesuela prezidenti Uqo Çavesin ölümünə münasibət bildirərkən deyib.

"Uqo Çavesin ölümü ilə əlaqədar Venesuela üçün ağır olan bir vaxtda ABŞ növbəti dəfə Venesuela xalqını dəstəklədiyini ifadə edir və Venesuela hökuməti ilə konstruktiv münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayır. İndi Venesuelanın öz tarixində yeni bir səhifə açdığı bir vaxtda xatırlatmaq istəyirik ki, demokratiya, bərabər hüquqluluq və qanun qarşısında bərabərlik, eləcə də insan haqlarının müdafiəsi prinsiplərini əvvəlki kimi dəstəkləyirik", - Barak Obama belə deyib.
Maraqlıdır ki, ABŞ prezidenti Barak Obama Uqo Çavesin ölümü ilə bağlı danışarkən başsağlığı verməyib.

Qeyd edək ki, ABŞ və Venesuela arasında diplomatik münasibətlər 2010-cu ildə, hər iki ölkə öz səfirlərini geri çağırdıqdan sonra minimuma enmişdi. Gərgin münasibətlərə baxmayaraq, Uqo Çaves bildirmişdi ki, "amerikalı olsaydı, seçkilərdə Obamaya səs verərdi".