Lüksemburq parlamentinin qərəzli qətnaməsi qarışqanın filə meydan oxumasına bənzəyir

Lüksemburq parlamentinin qərəzli qətnaməsi qarışqanın filə meydan oxumasına bənzəyir

27 May 20:18
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın dünya birliyindəki reytinqi yüksəldikcə, dostlarının da sayı durmadan artır. Hazırda ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı xeyli çoxalıb. Xüsusilə, Vətən müharibəsində cəmi 44 gün ərzində işğalçı Ermənistan üzərindəki tarixi Qələbəmizdən və 2023-cü ildə qəhrəman silahlı qüvvələrimizin Qarabağda apardığı lokal xarakterli antiterror tədbirlərindən, separatçıların kökünün birdəfəlik kəsilməsindən, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpasından sonra Azərbaycanın dünyadakı nüfuzu daha da yüksəlib. Təbii ki, bu da Azərbaycanın uğurlarını gözü götürməyənləri, Qərbin və Avropanın ermənipərəst, xüsusilə Fransa kimi riyakarların ciddi təşvişinə səbəb olub. Onlar özlərinin respublikamıza qarşı apardıqları təxribatlarla heç nəyə nail ola bilmədiklərini gördükdə bəzi qərəzli beynəlxalq təşkilatları ortalığa atdılar. Bundan da bir şey “qazana” bilmədiklərini görən Qərb və Fransa kimi işğalçılar indi də “cırtdan”lara üz tutaraq onların səviyyəsində olduqlarını təsdiqləyirlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov Lüksemburq Parlamentinin ölkəmiz haqqında qərəzli və absurd qətnaməsinə münasibət bildirərkən səsləndirib.

Siyasi şərhçi deyib ki, əslində, bütün maneələri cəsarətlə dəf edərək sürətli inkişaf yolunda irəliləyən Azərbaycan haqqında dünyada cırtdan dövlət kimi tanınan Lüksemburq kimi bir ölkənin parlamentinin qərəz və böhtanla dolu qətnamə qəbul etməsinə və parlament sədrinin qərəzli fikirlər səsləndirməsinə bişmiş toyuğun da gülməyi gəlir. Çünki bir özünə bax, bir də haqqında danışdığına. Müstəqilliyinin 31 ili ərzində dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmuş Azərbaycan haqqında ABŞ-ın, Qərbin bir sıra dövlətlərinin, o cümlədən Fransanın, Almaniyanın narahatlıq hissi keçirmələri, təşvişə düşmələri başa düşüləndir. Çünki Azərbaycan qüdrətli liderə, dünyanın 50 ən güclü ordularından birinə malikdir. Lüksemburqun isə ölkəmizə qarşı qara-yaxma kampaniyasına qoşulması yalnız istehzalı gülüş doğurur. İndiyə qədər bu “dövlətin” özünün ana dilinin olmaması, fransız dilini əsas dil kimi müəyyən etməsi, Cənubi Qafqaz regionuna yanaşmasında “fransız üslubu”nu davam etdirməsi və nəyinsə xatirinə əsl həqiqəti təhrif etməsi “cırtdan”ın “bəylik” sevdasına düşməsindən xəbər verir.

Ə.Bədəlov deyib ki, “cırtdan”ın “parlamenti” də var imiş. Hətta bu parlamentin sədri özünün varlığını sübut etmək üçün dünyada suveren dövlət kimi nüfuz qazanmış Azərbaycanın ünvanına bir sıra qərəzli və böhtanla dolu ittihamlar da səsləndirib. Bu işin əsas təşkilatçısının Fransa olduğu özünü açıq şəkildə büruzə verir. Yəni, bu ölkə Fransanın diktəsi ilə hərəkət edir. Düşünürəm ki, Lüksemburq parlamentinin sədri Klod Vislerin Ermənistana səfərini, hətta təyyarə biletinin pulunu da Fransa təşkil edib: “Cırtdanın parlament sədri Ermənistan parlamentində çıxışı zamanı Azərbaycanın əleyhinə gözünü yumub ağzını açanda, hətta ermənilər zalı tərk edərək onun çıxışını ələ salıblar. Çünki danışdıqlarının hamısının yalan olduğu ermənilərə də bəlli idi. Axı Ermənistanda hamı Azərbaycanın gücünə, qüdrətinə yaxşı bələddir. 2020-ci ildə Ali Baş Komandanın “dəmir yumruğu”nun dadı hələ də onların damağından getməyib. Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri Ermənistana, onun havadarlarına göz dağıdır. Bütün bunlardan sonra “cırtdan”ın qalib dövlətin ünvanına böhtanları ermənilərə “dost təsəllisi”ndən çox, yarasına duz səpib. Çox güman ki, ermənilər də bunu qarışqanın filə meydan oxumasına bənzədiblər.

Siyasi şərhçini sözlərinə görə, Lüksemburq parlamentinin sədri o dərəcədə siyasi kor və savadsızdır ki, hələ də dərk edə bilmir Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına təmin edərək öz torpaqlarını işğaldan azad edib. “Cırtdan”ın parlament sədri onu da bilmir ki, Lüksemburqdan dörd dəfə böyük olan həmin ərazilər hazırda ölkəmizin gücü hesabına bərpa olunur və yenidən qurulur. Ata-baba yurdlarından didərgin salınmış soydaşlarımız böyük coşqu ilə isti ocaqlarına qayıdırlar. Dünyanın əksər dövlətlərinin başçıları, diplomatik korpusların əməkdaşları, QHT rəhbərləri və aparıcı media nümayəndələri işğaldan azad edilmiş ərazilərə gedir, oradakı yenidənqurma, həmçinin erməni vandallığının qalıqları ilə tanış olurlar. Lüksemburq parlamenti isə sanki qəflət yuxusundan indi ayılıb. Necə deyərlər, ağıllılar yeyib qurtarıb, dəlilər indi ayılıb.

“Azərbaycan-Ermənistan ikitərəfli sülh danışıqlarının müsbət şəkildə davam etdiyi, xüsusən sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində uğurlu nəticələrin əldə edildiyi vaxtda Cənubi Qafqazda sabitliyi pozmağa cəhd edən və buna nail ola bilməyən Qərb və Fransa kimilərin riyakar siyasətini cırtdan Lüksemburqun vasitəsilə “davam etdirmələri” ikrah hissi doğurur. Belə yerdə deyiblər ki, dostunu göstər, kim olduğunu deyim”, - Ə.Bədəlov bildirib.