Azərbaycanın anklavları necə yaranıb? - Həll belə olacaq...

Azərbaycanın anklavları necə yaranıb? - Həll belə olacaq...

27 May 2023 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənilər Azərbaycandan həm işğal dövründə, həm də ondan öncəki illərdə qoparmış əraziləri geri qaytarmaq istəmir. Ona görə də, anklavlarla bağlı məsələni gündəmə gətirirlər. Amma fakt odur ki, bu gün Azərbaycanın ermənilər tərəfindən işğalda saxlanılan bir neçə kəndi var ki, onlar heç də anklav deyil. Bu xüsusda Naxçıvanın Kərki kəndini qeyd edə bilərik. Çünki Kərki kəndi anklav ərazilərə daxil deyil. Bu kənd Azərbaycan torpaqları ilə əhatə olunub.

Oxuməni.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

O qeyd edib ki, ermənilər sovet hakimiyyəti illərində burada bağ salmaq məqsədilə ərazinin Azərbaycandan qoparılmasına nail olublar:

“Təbii ki, Kərki strateji bir mövqeyə malikdir. Dağ ətəyində yerləşən Kərki kəndinin yaxınlığından Ermənistana məxsus magistral yol keçir. Amma bunun məsələyə heç bir aidiyyatı yoxdur. Çünki Azərbaycanın dövlət sərhədləri məhz Ermənistana məxsus olan həmin yola qədər davam edib”.

Partiya sədrinə görə, anklavlar məsələsi ilə bağlı ilk növbədə həmin kəndlərin anklavlara salınması prosesi qaldırılmalıdır:

“Azərbaycana məxsus olan torpaqların Ermənistanın ərazisində olması məsələsi aydınlaşmalıdır. Fakt odur ki, bu, sovet hakimiyyətinin bir hiyləsi olub. Beləliklə də Azərbaycan ərazisində olan erməni kəndinin tabeçiliyi Ermənistana verilərək onu anklav ediblər. Azərbaycan kəndləri arasındakı torpaqları isə Ermənistana verməklə də anklavlar yaradılıb. Bunlar da Azərbaycana məxsus anklavlar olub. Erməni tərəfi də bundan istifadə edib. Ona görə də, ilk növbədə bu məsələlərə nəzər yetirilməlidir. Anklav bir dövlətin ərazisinin başqa bir dövlətin ərazisi ilə əhatə olunması deməkdir”.

Sərdar Cəlaloğlu hesab edir ki, Kərki və Qazaxın 7 kəndinin geri qaytarılması məsələsi qaldırılarkən buradakı kəndlərin necə anklav olmasına aydınlıq gətirilməsi daha vacibdir:

“Ona görə də, həmin kəndləri geri qaytarılmasını tələb edərkən onların ətrafındakı ərazilərin də təhvil verilməsi məsələsi qaldırılmalıdır. Qazaxın anklav kəndləri geri qaytarılarkən onların ətrafındakı ərazilər mütləq boşaldılmalıdır. Çünki anklavlar təhvil verildikdə o kəndlərə qayıdacaq əhalinin başqa bir dövlətin ərazisindən gediş-gəlişi müşkülə çevriləcək. Belə olduğu halda isə mürəkkəb konfiliktli vəziyyətdə kiminsə orada gedib yaşayacağı çətin olacaq”.