Türkiyə istehsalı olan “Kızılelma” Azərbaycana nə dərəcədə faydalı olacaq?

Türkiyə istehsalı olan “Kızılelma” Azərbaycana nə dərəcədə faydalı olacaq?

13 May 16:48
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalında çıxışı zamanı “Kızılelma”nın yaxın gələcəkdə Azərbaycan səmasında görünəcəyinə ümid etdiyini bildirib. Bəs bu aparatın nə kimi üstün cəhətləri var və hansı vəzifələri yerinə yetirmək qabiliyyətinə malikdir?

Oxuməni.az xəbər verir ki, bu barədə Oxu.az pilotsuz təyyarələr sahəsində aparıcı rusiyalı ekspert, “Bespilotnaya Aviatsiya” (“Pilotsuz Aviasiya”) nəşrinin baş redaktoru Denis Fedutinovla söhbət edib.

Ekspertin sözlərinə görə, Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanan “Bayraktar Kızılelma” qırıcısı, ilk növbədə, texniki cəhətdən qabaqcıl kəşfiyyat avadanlıqlarını - optik elektronikanı, radarları və s., eləcə də raketlər, bombalar və torpedalar da daxil olmaqla yerdəki və suüstü (hətta perspektivdə hava) hədəfləri məhvetmə qabiliyyətinə malik yüksəkdəqiqlikli aviasiya vasitələrinin geniş spektrini daşıya biləcək yüksəksürətli kəşfiyyat və zərbə xarakterli pilotsuz uçuş aparatıdır (PUA).

“Kızılelma” ən təhlükəli missiyalarda pilotlu döyüş aviasiyasına qoşula bilər, həmçinin onunla birgə fəaliyyət göstərmə imkanı (inteqrasiya – red.) da istisna edilmir”, - deyə mütəxəssis əlavə edib.

O, “Kızılelma”nın əksər müasir döyüş təyyarələrindən daha yüngül olduğunu vurğulayıb.

“Döyüş yükü baxımından, onlar pilotlu döyüş təyyarələrinin müasir modellərindən bir qədər geri qalır, lakin buna baxmayaraq, müəyyən zərbə missiyalarını yerinə yetirməyə qadirdir. Qırıcı həmçinin pilotlu təyyarənin, yaxud pilotun itirilməsi riskinin yüksək olduğu əməliyyatlara cəlb oluna bilər”, - deyə D.Fedutinov vurğulayıb.

Qeyd edək ki, aviasiyada inqilab sayılan və göstəricilərinə görə “F-35”i üstələyəcəyi deyilən “Kızılelma” 1,5 min kq yükgötürmə qabiliyyəti, 6 min kq maksimum uçuş çəkisinə malikdir. Onun maksimum sürəti saatda 900 km, kruiz sürəti isə saatda 740 km-dir. Pilotsuz qırıcının döyüş məsafəsi - 930 km-dir. Qırıcı 5 saat müddətində və 12 min metr hündürlükdə fəaliyyət göstərə bilir. Tərtibatçılar “Bayraktar Kızılelma”nın 1,6 Maxa qədər (1960 km/saata) sürətlənə biləcəyini deyiblər.