1918-ci ilin mart soyqırımı bolşevik-daşnak birliyinin törətdiyi bəşəri cinayətdir

1918-ci ilin mart soyqırımı bolşevik-daşnak birliyinin törətdiyi bəşəri cinayətdir

31 Mart 2023 00:34
Bəyəndim (0) Bəyənmədim (0)

1828-ci ildə çar Rusiyasının işğalına məruz qalan Şimali Azərbaycan ərazisi imperiyanın yaratdığı inzibati ərazi-idarəetmə quruluşuna daxil edildi. Çar hökuməti bölgədə öz siyasi-iqtisadi maraqlarını təmin etmək üçün ayrı-ayrı vaxtlarda xaricdən xristian mənşəli əhali olan erməniləri bu ərazilərə köçürməklə və inzibati ərazi-idarəetmə sistemində dəyişikliklər etməklə yerli idarəçilik sisteminə xristian məmurları gətirərək regionu tamamilə nəzarətə götürdü. Lakin 1914-cü ildə I Dünya müharibəsinin başlaması və gedişatı 1917-ci ildə çar Rusiyasının çökməsi ilə nəticələndi. Bu zaman siyasi nüfuza malik milli-demokratik qüvvələr milli dövlət tələbi ilə çıxış edərək mübarizəyə başladılar. Dünya müharibəsinin bitməsi ilə regionda digər böyük dövlətlərin maraqlarının olmasına baxmayaraq bolşeviklər Bakı neftini heç bir dövlətə güzəştə getmək istəmirdi. Onlar I Dünya müharibəsi dövründə terrorçu qruplar halında bölgəyə gəlmiş erməni dəstələri ilə əməkdaşlıq edərək öz maraqlarını təmin etməyə çalışırdılar. Bu əməkdaşlığı təmin edən isə 1917-ci ilin dekabrında Lenin tərəfində Qafqazın fövqəladə komissarı təyin edilən Stepan Şaumyan idi. Bolşeviklər Bakı neftinə sahib olmağa çalışdıqları halda, daşnaklar da bütün Şimali Azərbaycan ərazilərini türk-müsəlman əhalidən təmizləyərək regionda daşnakların xəyal etdiyi “böyük Ermənistan” dövləti qurmağa çalışırdılar. Bolşevik-daşnak birliyi regionda maraqlarının tam təmin edilməsini yerli türk-müsəlman əhalisinin məhv edilməsində görürdü. Şaumyan etiraf etdiyi kimi, o dövrdə Bakı 6 minə yaxın silahlı əsgər və zabit bolşeviklərin sərəncamında idi. Bundan başqa, daşnaklar tərəfindən hazırlanmış 4 minə yaxın terrorçu da Şaumyanın planı əsasında milli qırğında istifadə üçün gözləməkdə idi. Bütün bunları nəzərə alan bolşevik-daşnak birləşmələri vaxt itirmədən terror dəstələrini bölgəyə yeridərək türk-müsəlman əhaliyə qarşı əvvəlcədən düşünülmüş, planlı şəkildə soyqırımı cinayəti həyata keçirmək istəyirdilər. Şaumyan hərəkətə keçməzdən bir neçə saat öncə “Hümmət” partiyasının sədri, doktor Nəriman Nərimanov xalqımızı bolşevik-daşnak birləşmələrinin qırğınından qorumaq üçün öz evində toplantı keçirmişdi. Nərimanov Şaumyanı qırğın planından çəkindirmək üçün onu Bakı ağsaqqalları, “Hümmət” Partiyasının üzvləri və Müsəlman Milli Şurası nümayəndələri ilə görüşdürmüş və üzünü S.Şaumyana tutaraq demişdi: “Yoldaş! Siz də, mən də müsəlmanların halını bilirik. Hərgah bir iğtişaş başlansa, ayaq altında qalan fəqir-fuqəra olacaqdır. Ona görə Sizdən təvəqqe edirəm, sizə yalvarıram, bu işi sülh yolu ilə qurtarınız”. Ancaq Şaumyan öz məqsədini həyata keçirmək niyyəti ilə Nərimanovu aldadaraq bu işin sülh yolu ilə həll edilməsini desə də, bolşevik-daşnak birləşmələrinin hərəkətə keçməsinə göstəriş vermiş, yerli türk-müsəlman əhalisini bölgədən tamamilə təmizləməyə qərar vermişdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov deyib. Onun sözlərinə görə, 31 Mart soyqırımının təşkilatçılarının bolşeviklərin olmasını təsdiqləyən məlumatlar o dövrün mətbuat orqanlarında 1918-ci il martın əvvəllərində Rusiya Milli Şurasının Qafqazda xristian əhalisinə xüsusi müraciətində də öz əksini tapır. Müraciətdə Bakı şəhərində martın 11-dən 18-dək olan müddətdə 19-25 yaş arası bütün rus gənclərinin səfərbərliyə alındığı qeyd edilib. Səfərbərlik martın 31-dək davam etdirilib. Bu səfərbərlik nə üçün və kimlərlə vuruşmaq üçün təşkil edilib? Bu məqsədlə 1918-ci il martın 31-dən aprelin 2-dək bolşevik-daşnak birləşmələri Bakıda, Şamaxıda, Qubada, İrəvanda, Salyanda, Lənkəranda, Astarada və digər bölgələrdə Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirdilər. Şaumyan martın 31-də müsəlmanları aldadaraq “Vəhşi diviziya”nın 48 nəfər heyətindən yığılmış silahları geri qaytaracağını vəd etsə də, öz sözünün üstündə durmamış, elə həmin gün qanlı olayların icrasına başlamışdı. Erməni fitnəkarlığının nümunəsi bunlarla yekunlaşmır. Hələ 1917-ci il dekabrın 6-da (yeni təqvimlə dekabrın 19-da) özünü bolşeviklərin nümayəndəsi kimi aparan daşnak A.Əmiryan “Cinayətkar siyasət” adlı məqaləsində yazmışdı: “Daşnaksütyun” nə deməkdir? Bu, ifrat erməni millətçilərinin partiyasıdır. Bu partiya fəaliyyətinin 25 ili ərzində sosializmə qarşı, inqilabi ideyaların xalq kütlələri içərisində yayılmasına qarşı mübarizə aparıb, bu partiya bütün qonşu xalqlara qarşı təcavüzkar, həyasız siyasət yeridib”. 1917-ci ildə bu cümlələri yazmış Əmiryan 1918-ci il martın 31-də ermənilərin Azərbaycan türklərinə qarşı törətdiyi soyqırımının təşkilatçılarından biri olub.

Bəxtiyar Həsənov bildirib ki, bu qırğınların əsas icraçılarından biri də Stopka Lalayevin terrorçu erməni dəstəsi olub: “Bolşevik-daşnak birləşmələri 3 gün ərzində Bakını qan gölünə çevirdilər. Uşaq, qoca, qadın bilmədən qarşılarına keçənləri qətlə yetirən bolşevik-daşnak birləşmələri insanların evlərin yandıraraq onları oda atdılar. Şahidlərin dediyinə görə, küçələr, evlər parçalanmış qadın, qoca, uşaq cəsədləri ilə dolmuşdu. Qaçıb canını qurtarmaq istəyənlərin evləri, varidatı isə talan edilmişdi. O dövrün mətbuat orqanlarında verilən məlumatlarda 1918-ci ildə erməni silahlı qüvvələri tərəfindən Bakı quberniyasında 229 yaşayış məntəqəsinin, Şamaxı qəzasında 58, Quba qəzasında 122, Gəncə quberniyasında 272, Zəngəzurda 115, Qarabağda 157, İrəvan quberniyasında 211, İrəvan qəzasında 32, Yeni Bəyaziddə 7, Sürməlidə 75, Eçmiədzində 84, Qars vilayətində 82 yaşayış məntəqəsinin və digər ərazilərdə yüzlərlə kəndin yerlə-yeksan edildiyi, yüz minlərlə əhalinin qətlə yetirildiyi, öz doğma yurdlarından qaçqın düşdüyü yazılıb. Həmçinin bu sənədlərdə soyqırımı zamanı Bakıda 18 min, Şamaxıda 7 min, Qubada 6 min nəfərdən çox türk-müsəlmanın qətlə yetirildiyi haqda məlumat verilib. Azərbaycanın digər bölgələrində qətlə yetirilən insanlar haqqında dəqiq məlumatlar olmasa da, bolşevik-daşnak birləşmələrinin həyata keçirdikləri bu soyqırımı nəticəsində yüz mindən çox türk-müsəlman əhalisi öldürülüb.

Həmin soyqırımı barədə dünya ictimaiyyətinə düzgün məlumat çatdırılmasın deyə erməni terrorçuları tərəfindən azərbaycanlılara məxsus onlarca mətbu orqanları yandırıldı, dağıdıldı və yaxud Şaumyanın göstərişi ilə bağlanıldı. Bolşevik-daşnak birləşmələri tərəfindən xalqımıza qarşı törədilən bu soyqırımı SSRİ dövründə əhalidən gizlədilib. Yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Prezident Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə ölkəmizdə soyqırımı günü kimi qeyd edilməyə başlanılıb.

Bu bolşevik-daşnak cinayətkar-terrorçu qrupların həyata keçirdiyi soyqırımı zamanı təkcə on minlərlə insan məhv edilməyib, həm də min illərlə bölgədə Azərbaycan xalqının yaratdığı mədəni irs, milli-mənəvi dəyərlər, tarixi yaddaş, o cümlədən xalqımızın yetişdirdiyi yüzlərlə ziyalılarımız, dövlət işçilərimiz, bəylərimiz, tacirlərimiz, axundlarımız, əfəndilərimiz, mollalarımız, mirzələrimiz, müəllimlərimiz, şairlərimiz, memarlarımız, aşıqlarımız, xanəndələrimiz və başqa peşə, sənət sahiblərimiz tamamilə məhv edilməyə çalışılıb”. AZƏRTAC