Süleymanidən Bakıya görə Tehrana sensasion ittihamlar

Süleymanidən Bakıya görə Tehrana sensasion ittihamlar

29 Mart 2023 22:49
Bəyəndim (0) Bəyənmədim (0)

İrandakı Ermənistan tərəfdarları yazır ki, Naxçıvan bölgəsini Azərbaycandan ayıran və İranla Ermənistan arasında sərhəd bölgəsi olan Zəngəzur (Sünik) vilayəti Azərbaycanın nəzarətinə keçərsə, bir tərəfdən İranın Rusiya, Qafqaz və Avropa ilə əlaqəsi kəsiləcək, geosiyasi mövqeyi risk altına düşəcək, digər tərəfdən isə Azərbaycan Türkiyəyə birləşəcəcək, Türkiyə və NATO Xəzər dənizinə çıxışa malik olacaq, İsrailin də bölgədə nüfuzu artacaq və s.

Oxuməni.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında İranın ölkəmizdəki sabiq səfiri Əfşar Süleymani deyib.

Keçmiş səfir bununla bağlı ortaya bir neçə sualın çıxdığını bildirib:

“Birincisi, İranın Rusiya, Qafqaz və Avropa ilə əlaqəsi nə vaxtdan Ermənistan vasitəsilə həyata keçirilir ki, bundan heç kimin xəbəri yoxdur? Bu cür daşlı-kəsəkli, bahalı və təhlükəli marşrutda belə hərəkət dayandırılmayıb. Heç bir fakta əsaslanmayan bu təhlillərin müəllifləri mənim kimi savadsız insanları inandırmaq üçün İran və qeyri-İran qoşqu və yük maşınlarının Ermənistan üzərindən Avropaya yük daşıması ilə bağlı statistik məlumatları təqdim etsinlər və onları Türkiyə vasitəsilə Avropaya və ya Azərbaycan vasitəsilə Rusiya, Gürcüstan və Qara dənizə çıxan yük maşınlarının statistika ilə müqayisə etsinlər.

İran həmişə Rusiya, Şərqi Avropa, Gürcüstan, Qafqaz və Qara dənizə Xəzər dənizi və ya Azərbaycan vasitəsilə çıxıb, Türkiyə vasitəsilə isə Avropa ilə nəqliyyat əlaqəsi qurub.

Putin və Kremlin israfçılığı və strateji səhvləri ucbatından Rusiyanın Ukrayna, Şərqi Avropa, Balkanlar və Baltikyanı regiona yolunun bağlandığı bir şəraitdə, İranın Avropa ilə hansı quru yolu ilə ticarət və başqa əlaqələri var?

İkincisi, Türkiyə 60 ildən çoxdur NATO-nun üzvü və bazası deyilmi? Niyə indiyə kimi heç bir iddiaçı ekspert bu məsələ ilə bağlı danışmayıb, amma indi vay-şüvən qoparır? Türkiyənin uzun illərdir İsraillə rəsmi əlaqələri yoxdurmu? Ərəb ölkələri və İrana qonşu dövlətlərin İsraillə rəsmi və ya qeyri-rəsmi əlaqələri yoxdurmu? Yaxud da İsraillə münasibətlərdə heç bir gərginlikləri olmayıb və ya yoxdur? İranla qonşu olan ölkələr NATO ilə sülh naminə fərdi müqavilələr və tərəfdaşlıq sazişləri şəklində əməkdaşlıq etmirlərmi?

Geosiyasət dövlətlərdən ümumi maraqlar əsasında əməkdaşlıq etməyi tələb edir. Xəzər dənizinə çıxmaq üçün Türkiyənin yalnız Zəngəzur və ya Sünik marşrutuna ehtiyacı yoxdur. Türkiyənin Ermənistanla 600 kilometrlik sərhədi var və şübhəsiz ki, çox da uzaq olmayan gələcəkdə iki ölkə arasında münasibətlərin qurulması ilə bu sərhəd açılacaq. O zaman Türkiyə Azərbaycan, Xəzər dənizi və Orta Asiya ilə əlaqə saxlamaq üçün Naxçıvana belə ehtiyac duymayacaq”.

Əfşar Süleymani deyib ki, mövcud vəziyyət yeni bir şey deyil:

“Qeyri-real, qeyri-praqmatik və səriştəsiz xarici siyasət üzündən və beynəlxalq sistemin mahiyyəti nəzərə alınmadan enerji ixracı və tranziti, nəqliyyat və kommunikasiya oxları da daxil olmaqla, bir çox imkanlar itirilib, ölkəyə, xalqa, gələcək nəsillərə trilyonlarla dollarlıq əvəzsiz itkilər dəyib.

İranın geosiyasi və geoiqtisadi mövqeyi tələb edirdi ki, bu gün bu ölkə öz qazını ixrac etməklə, eləcə də Türkmənistan və Azərbaycan qazını Avropaya və yaxın xarici ölkələrə nəql etməklə regionun enerji mərkəzinə, Şimal-Cənub və TRASEKA dəhlizlərinin oxuna çevrilsin və maddi mənfəətlə yanaşı, milli təhlükəsizlik baxımından da vacib element hesab olunsun.

Demək istəyirəm ki, biz, bir neçə nəfər, hətta mənim kimi kiçik və savadsız bir yazıçı da daxil olmaqla, 30 il bundan əvvəl İslam Respublikası sistemi daxilində də geosiyasi təhlükələr barədə həyəcan təbili çalmışıq. Amma qərar qəbul edənlər sırasında qulağı eşidən və gözü görən bir nəfər tapılmadı. Zəngəzur zənginin sədalarını 20 ildən çox əvvəl belə eşitmədiniz və yaranmış imkanları hədə-qorxuya çevirdiniz. Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum enerji kəmərləri Zəngəzur zəngini səsləndirdi. Müqavilələr bağlanmazdan və icra fəaliyyətinə başlamazdan əvvəl xəbərdarlıq etdik, amma bizdən yaxşıları, yəni fürsətçilər hərəkətə keçdilər. O vaxt əsl ekspertlərin səsi eşidilsəydi və tədbir görülsəydi, bu gün üç qonşu və müsəlman ölkəsi olan İran, Azərbaycan və Türkiyə bir-biri ilə müttəfiq olardı və İran qeyri-müsəlman Rusiya və Ermənistanla gələcəyi olmayan sarsıntılı ittifaq yaratmaq üçün heç bir səy göstərməzdi.

Milli maraqları təmin etməyin ən yaxşı yolu gərginlikdən qaçmaq və rasionallığa, realizmə və praqmatizmə əsaslanan dinamik diplomatiya tətbiq etməkdir və indiki yolu davam etdirmək ağılsızlıq və yanlışlıq olacaq”.