Misirdən gözlənilməz addım - Azərbaycanı niyə yadına salmadı?

Misirdən gözlənilməz addım - Azərbaycanı niyə yadına salmadı?

9 Mart 2023 21:21
Bəyəndim (0) Bəyənmədim (0)

“Ermənistan harda mümkündür, orada Azərbaycan əleyhinə təbliğat aparır, dezinformasiyalar yayır”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistan xarici işlər nazirinin Misirə səfərinə diqqət çəkib:

“Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Misirin paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqası Şurasının nazirlər səviyyəsində keçirilən iclasında iştirak edib. Mirzoyan ərəb dövlətlərinin nazirləri qarşısında Azərbaycan əleyhinə çıxış edib, Ermənistanın müsəlman aləmi ilə sıx əlaqələrindən danışıb.

Ərəb nazirlərdən biri ona sual verməyib ki, Ermənistan İslam dininə bu qədər hörmət edirsə, Qarabağdakı məscidləri niyə dağıdıb?

Başqa suallar da aktualdır: Ərəb Dövlətləri Liqasının xarici işlər nazirlərinin toplantısına xristian Ermənistan dəvət olunduğu halda müsəlman Azərbaycan niyə dəvət edilməyib? Çünki ərəb dövlətləri arasında Azərbaycanı “dost və tərəfdaş” adlandıranlar az deyil. Məsələn, Ərəb Dövlətləri Liqasının 31-ci zirvə toplantısı 2022-ci ilin noyabrın 1-də Əlcəzairdə keçirilmişdi. Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında ev sahibliyi edən əlcəzairli həmkarı Əbdülməcid Tebbunun dəvəti ilə fəxri qonaq statusunda iştirak etmişdi. İlham Əliyev zirvədəki çıxışında Ermənistanın işğalçı siyasəti barədə məlumat vermişdi.

Misir ev yiyəsi kimi Mirzoyanı toplantıya dəvət etdiyi halda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu niyə dəvət etməyib? Axı Misir Prezidenti Əbdülfəttah əs-Sisi yanvar ayının sonunda Azərbaycana səfər etmişdi. Doğrudur, Ceyhun Bayramov fevralın 12-də Qahirəyə işgüzar səfər edib və orada Qoşulmama Hərəkatının sədri qismində Ərəb Dövlətləri Liqasının “Qüds şəhəri və onun əhalisinə dəstək” mövzusunda beynəlxalq konfransda iştirak edib. Ancaq Ərəb Dövlətləri Liqasının xarici işlər nazirlərinin toplantısında iştirak da vacibdir”.

Elxan Şahinoğlu hesab edir ki, Azərbaycanla Ermənistan arasında informasiya savaşı da gedir:

“Ermənistan harda mümkündür, orada Azərbaycan əleyhinə təbliğat aparır, dezinformasiyalar yayır. Diplomatiyamız fəallığı artırmalı, qonşu ölkənin manevr imkanlarını məhdudlaşdırmalıdır”. Teleqraf.com