“Əks təqdirdə “5-ci kalon” Azərbaycanı Rusiyanın orbitindən çıxmağa qoymayacaq...”

“Əks təqdirdə “5-ci kalon” Azərbaycanı Rusiyanın orbitindən çıxmağa qoymayacaq...”

17 Yanvar 2023 22:34
Bəyəndim (0) Bəyənmədim (0)

“O, bütün gücü ilə istər destablizasiya, istər qarşıdurma olsun, istər hansısa digər vasitələrlə ölkənin Rusiyanın təsir dairəsində qalmasına xidmət göstərəcək...”

Ermənistan baş naziri N.Paşinyanın Rusiyaya və KTMT-yə qarşı son çıxış və addımları göstərdi ki, bu ölkə bacardığı qədər Kremlin təsirindən qurtulmağa çalışır. Azərbaycanda da xüsusən son aylar ictimaiyyətin, media və telekanalların Moskvanın ölkəmizə qarşı siyasəti, o cümlədən Qarabağda “sülhməramlı”ların qeyri-adekvat, suverenliyimizə zidd davranışlarına kəskin münasibət nümayiş etdirilir. Buna rəğmən hər iki Qafqaz ökəsində hələ də güclü olan “5-ci kalon” ölkəni sanki Ukraynada bataqlığa batmış Putin rejiminin ardınca sürükləməyə çalışır.

Bəlkə elə Qarabağ məsələsinin tam yekunlaşmaması, Ermənistanla sülh sazişinin imzalanmamasının əsas səbəbi məhz “5-ci kalon”ların fəaliyyətidir?

Oxuməni.az xəbər verir k, mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikirləri söyləyib:

“5-ci kalon hər yerdə var; Ermənistanda da, Gürücüstanda da, Azərbaycanda da. Sadəcə olaraq bu gün Gürcüstandakı hakimiyyət, deyərdim ki, hardasa bir balanslı siyasət yürütməyə çalışır. Çünki bilirsiz ki, Gürcüstanın da ərazisində Rusiya tərəfindən de-fakto ilhaq olunmuş və Kremlin formal baxımdan guya “müstəqil” dövlətlər kimi tanıdığı separatçı bölgələr var. Ermənistan da Moskvadan uzaqlaşmağa çalışır. Azərbaycanda isə vəziyyət fərqlidir”.

Ekspert müstəqillik və suverenliyimizin tam təminatı üçün “5-ci kalon”ların zərərsizləşdirilməsinin vacib olduğunu hesab edir.

“Azərbaycan istər Gürcüstan, istərsə də Ermənistandan daha əlverişli vəziyyətdə olmasına rəğmən sanki Rusiya ilə hesablaşmağa, onun maraqlarını nəzərə almağa çalışır. Bu, bir az qeyri-adi və qeyri-normal görünən haldır. Səbəbini söyləmək çətindir, amma şübhəsiz ki, burada həmin “5-ci kalon”un bilavasitə rolu var. Ona görə də həmişə dediyim kimi, ölkələrdə müstəqillik və suverenliyin təmin olunması üçün “5-ci kalon”lar mütləq ləğv edilməlidir. Təbii ki, bizi bu situasiyada daha çox Azərbaycan narahat edir. Və biz “5-ci kalon”un ləğvinə nail olmalıyıq. Əks təqdirdə həmin “5-ci kalon” Azərbaycanı Rusiyanın orbitindən çıxmağa qoymayacaqdır. Və o, bütün gücü ilə ölkədə istər destablizasiya, istər qarşıdurma olsun, istər hansısa digər vasitələrlə ölkənin Rusiyanın təsir dairəsində qalmasına xidmət göstərəcək. Zatən “5-ci kalon”un vəzifəsi budur”- deyə siyasi analitik vurğulayıb.