Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində regiondakı siyasi vəziyyət müzakirə olundu

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində regiondakı siyasi vəziyyət müzakirə olundu

21 Sentyabr 2012 13:53
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində səfirlik və media nümayəndələrinin iştirakı ilə brifinq keçirilib. Brifinqdə "Ermənistanda seçkiqabağı siyasi vəziyyət" haqqında çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, Ermənistan Respublikaçılar Partiyasının parlament seçkilərində qələbəsindən sonra Serj Sarqsyanın favoritliyi nisbi xarakter daşıyır.

"Azərbaycan–2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının layihəsinə dair iqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdir əvəzi Vüsal Qasımlı çıxış edərək bildirib ki, konsepsiya çərçivəsində dünyanın ilk 50 ən güclü iqtisadiyyatı sırasına yüksəlmək üçün Azərbaycanda sәmәrəli və rəqabətə davamlı, biliyə əsaslanan və ixracyönümlü, habelə ölkənin siyasi və strateji maraqlarını və əhalinin yüksək rifah səviyyəsini təmin edən güclü və davamlı iqtisadiyyatın formalaşması sürətlənəcək.
SAM-ın xarici siyasət məsələlərinin təhlili şöbəsinin baş elmi işçisi Məsiağa Məhəmmədi "İranda 2013-cü il prezident seçkiləri" haqqında danışaraq bildirib ki, ölkə Konstitusiyasına görə, bir nəfərin dalbadal iki dəfədən artıq prezident seçilməsinə icazə verilmir: "Bu mənada artıq iki dəfə bu postu tutmuş Mahmud Əhmədinejadı kimin əvəzləyəcəyi istər İran daxilində, istər beynəlxalq aləmdə maraq və müzakirə mövzusudur. Xeyli vaxt qalmasına baxmayaraq, seçkilərlə bağlı ehtirasların qızışmasına prezident Əhmədinejadın sentyabrın əvvəllərində İran televiziyasına müsahibəsi təkan verib. Həmin müsahibə Əhmədinejadın İranda "Putin ssenarisi" həyata keçirmək, öz postunu aparatının rəhbəri və qohumu Rəhim Məşaiyə ötürmək niyyəti barədə rəy doğurub və əleyhdarlarının kəskin etirazına səbəb olub".
"Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi" ilə bağlı mövzu ilə xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Cavid Vəliyev çıxış edib: "Türkiyə-Ermənistan sərhədlərinin açılması və diplomatik əlaqələrin qurulması prosesini Türkiyə tərəfi "dövlətin erməni siyasətinin normallaşması" adlandırır. Normallaşma prosesi iki istiqamətdə gedir: Türkiyədə yaşayan ermənilərlə normallaşma və Ermənistanla normallaşma. Daxildə yaşayan ermənilərlə normallaşmaya Türkiyənin demokratikləşməsinin tərkib hissəsi kimi baxılır. Ermənistanla normallaşma siyasətinin səbəbləri bunlardır: Birincisi, Türkiyə diplomatiyası Ermənistanla sərhədlərin bağlı olmasının Türkiyənin Cənubi Qafqazda təsir sahəsini daraltdığı, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq yolu ilə bu sahənin genişlənəcəyi qənaətindədir. İkinci tərəfdən, Türkiyə Ermənistanla sərhədləri bağlamaqla, ermənilərin 1915-ci il hadisələri ilə bağlı təbliğatını haqlı çıxardığını düşünür".
Cavid Vəliyev bildirib ki, hazırda Ermənistanla münasibətlərin normallaşması prosesi dövlət səviyyəsində dayansa da, QHT-lər vasitəsilə davam edir. Türkiyə vətəndaşı olan ermənilərə münasibətdə normallaşma da davam etməkdədir. Normallaşma prosesini dəstəkləyən tərəflər ABŞ, ABŞ-ın Türkiyədə himayə etdiyi qruplar, Türkiyədəki bəzi liberal dairələr, Türkiyənin Ermənistanla həmsərhəd rayonlarında yaşayan iş adamları, Türkiyəli ermənilər və Ermənistandır".

O.M.