
Müsavat Gənclər Təşkilatının rəhbərliyi ATƏT-in Bakı ofisində olub
Müsavat partiyasının mətbuat xidmətindən verilən məlumata görə, bu gün partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı, müavinləri Əhəd Məmmədli və Rauf Məmmədli ATƏT-in demokratikləşmə şöbəsinin rəhbəri Nikolas Deçlə görüşüblər. Görüşdə Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun həbsi barədə müzakirə aparılıb. T.Abbaslı N.Yaqublunun kimliyi və onun həbsinin detalları ilə bağlı ingiliscə hazırlanan məlumatı N.Deçə təqdim edib. Gənclər bununla yanaşı həbsin siyasi motivli olduğuna şübhələr yaradan məqamları da ATƏT təmsilçisinin diqqətinə çatdırıblar.
ATƏT nümayəndəsi isə bu məsələni diqqətdə saxlayacaqlarını və qurumun Bakı ofisinin rəhbərinə və mərkəzi qərargaha hadisə barədə ətraflı məlumat verəcəklərini qeyd edib.
O.M.