Bakının Qurtuluş Günü münasibətilə mərasim keçirilib

Bakının Qurtuluş Günü münasibətilə mərasim keçirilib

15 Sentyabr 2012 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

15 Sentyabr - Bakının Qurtuluş Günü münasibətilə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıç bu gün Türk Şəhidliyini ziyarət edib.

Apa-nın məlumatına görə, mərasimdə Türkiyə səfirliyinin əməkdaşları ilə yanaşı, Azərbaycan ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

Əvvəlcə Bakının azadlığı uğrunda canlarından keçmiş türk şəhidləri bir dəqiqəlik sükutla yad olunub. Səfir Hülusi Kılıç abidənin önünə əklil qoyub. O, Türk Şəhidliyinin xatirə dəftərinə ürək sözlərini yazıb. Abidənin qarşısında hərbi orkestr Azərbaycan və Türkiyə himnlərini səsləndirib.

Daha sonra mərasim iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edib. Səfir "Əbədi məşəl" abidə kompleksi önünə əklil qoyub. O, jurnalistlərə açıqlamasında 15 sentyabr zəfərindən danışıb: "Bu gün Azərbaycan və Türkiyə qardaşlığının çox önəmli bir günüdür. Həmin zamanlar Osmanlı dövlətinin çətin dövrlərinin olmasına baxmayaraq, azərbaycanlı qardaşlarımıza 8 minlik ordunu yardıma göndərdik. Bununla da, paytaxt Bakı işğaldan azad olundu".

O.M.