Azərbaycanda deputatlar avtomobillə təmin olunacaq

Azərbaycanda deputatlar avtomobillə təmin olunacaq

6 Sentyabr 2012 13:36
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin deputatları onlara xidməti maşınların verilməsini istəyirlər. Parlamentdə xidməti avtomobil yalnız Milli Məclisin sədrinə, sədr müavinlərinə və komitə sədrlərinə verilib. İndi isə deputatların hər birinin xidməti maşınla təmin olunması gözlənilir.

Bu məsələni gündəmə Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Çingiz Qənizadə gətirib.
O bildirib ki, millət vəkillərinin xidməti maşın məsələsi həll olunmayınca, onlar bəzi problemlər yaşayacaq:
"Avtomobili olmayan millət vəkili avtobusla, metro ilə rəsmi görüşlərə gedəcəksə, gecikəcəksə, çatdıra bilməyəcəksə, bu da bir problemdir. Deputatlar rayonlara getmək üçün şəxsi maşınlardan istifadə edirlər. Onun da amartizasiya və yaxud da digər yanacaq xərcləri ödənilmir. Rayonlara getmək üçün bəzi millət vəkillərinin maşın problemi yaranır, yaxud da borc alaraq mütləq maşın götürürlər ki, millət vəkili kimi öz səlahiyyətlərini, fəaliyyətini həyata keçirsinlər. Bu baxımdan da hesab edirəm ki, millət vəkillərinin maşın məsələsi mütləq həll olunmalıdır".
Milli Məclisin mətbuat katibi Akif Nəsirov Publika.Az-a açıqlamasında bildirib ki, deputatlar xidməti maşınla təmin olunacaq:
"Bir neçə vaxt bundan öncə deputatlarımızın köməkçiləri yox idi. Bu institut yaradıldı. Bu gün hər bir deputatın köməkçisi var. Köməkçilər deputatların işinin asanlaşmasında, yaxşılaşmasında, keyfiyyətinin artmasında fəal rol oynayırlar. Son vaxtlar deputatların iş şəraitinin yaxşılaşdırılması üçün görülən işlər göz önündədir. Əlbəttə hər bir deputat istəyir ki, onun da xidməti maşını olsun. Bütün bu məsələlər yavaş-yavaş həll edilir. Nə vaxtsa bu məsələ ilə bağlı çox güman edir ki, müvafiq qərarlar olacaq və bu istək də həyata keçiriləcək. Amma nə vaxt olacağını mən dəqiq deyə bilmərəm. Hər halda deputatların iş şəraitinin yaxşılaşması üçün həm Milli Məclis, həm də ölkə rəhbərliyi əlindən gələni edir. Xidməti maşınlar da iş şəraitinin yaxşılaşdırılmasının bir hissəsidir".

O.M.