
Azərbaycan Respublikası Prezidentinin saytına ermənilər tərəfindən edilən haker hücumları dəf edilib
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) son günlərdə ermənilər tərəfindən Azərbaycan saytlarına edilən haker hücumlarına münasibət bildirib.
RİTN-nin verdiyi məlumatda deyilir: "Son bir neçə gündə ermənilər tərəfindən müxtəlif texnoloji üsullarla Azərbaycanın dövlət orqanlarının, informasiya agentliklərinin, əyləncə saytlarının fəaliyyətinə əngəllər yaratmağa, onu dayandırmağa, həmçinin məzmununa müdaxilə etməyə cəhdlər göstərilir. Ermənilər törətdikləri bu qeyri-qanuni əməlləri öz kütləvi informasiya vasitələrində açıq-aşkar etiraf edir və qürrələnirlər. Hətta yalan məlumat yayaraq ölkə başçısının saytına müdaxilə olunduğunu da bildirirlər".
Lakin RİTN qeyd edir sonuncu məlumat aşkar yalandır: "Azərbaycan Respublikası Prezidentinin saytı tamamilə işlək vəziyyətdədir və olunan bütün həmlələr dəf edilmişdir. Az sayda digər qurumların saytlarına baş vermiş müdaxilələr isə qısa bir zamanda aradan qaldırılmış və edilən həmlələrin qarşısının alınması üçün tədbirlər görülmüşdür".
RİTN həmçinin bildirir ki, azərbaycanlılar tərəfindən otuzadək sayta edilmiş müdaxilələr barədə erməni mənbələrinin yaydığı məlumatlar öz təsdiqini tapmayıb: "Bu öz hərəkətlərinə bəraət qazandırmaq üçün ermənilərin yaydığı növbəti uydurmadır".
O.M.