Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda beşulduzlu otelin açılışında iştirak ediblər

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda beşulduzlu otelin açılışında iştirak ediblər

3 Sentyabr 2012 17:37
Bəyəndim (0) Bəyənmədim (0)

AzərTAc xəbər verir ki, sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban ƏliyevaBakıda beşulduzlu "Four Seasons" otelinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidenti və xanımı oteldə yaradılmış şəraitlə tanış oldular.
Məlumat verildi ki, "Four Seasons Hotel Baku" məşhur "Four Seasons" otellər şəbəkəsinin dünyadakı 90-cı otelidir. Xəzər dənizinin sahilində, İçərişəhərin və Dənizkənarı Milli Parkın bir neçə addımlığında yerləşən oteldə 27 lüks nömrə, iki prezident lüksü olmaqla, 171 geniş otaq, klassik interyer yaradılıb. Qonaqlar otaqların əksəriyyətindən Bakının və Xəzər dənizinin füsunkar mənzərəsini seyr edə biləcəklər.
Bildirildi ki, oteldə iki ziyafət, bir neçə kiçik banket zalları, işgüzar görüşlərin keçirilməsi üçün beş konfrans salonu fəaliyyət göstərir. Burada şüşə tavanlı hovuz, müasir sağlamlıq və idman mərkəzi, 10 prosedur otağı, eləcə də qədim Azərbaycan, türk və fars ənənələri əsasında dəriyə qulluq göstərilən "Jaleh Spa" var.
Oteldə italyan mətbəxinin təamlarının təklif edildiyi "Zafferano" restoranı, çay və ləziz desertlər üçün "Piazza Launge", "Bentley" barı fəaliyyət göstərir. Dəniz məhsullarının təqdim edildiyi "Kaspia" restoranında özəl ziyafətlər üçün kiçik "Qarabağ" zalı da var.
Diqqətə çatdırıldı ki, 350 nəfər işçisi olan otelin çoxdilli konsyerj xidməti şəhərin əyləncə məkanlarını asanlıqla tapmaq, tarixi yerlərə, çimərliklərə, xizək mərkəzlərinə şəhərdən kənar turist səfərləri etmək imkanı yaradır.
Prezident İlham Əliyev otelin kollektivi ilə görüşdü, onları təbrik etdi.
Sonda xatirə şəkli çəkdirildi.

O.M.