İlham Əliyev Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib

İlham Əliyev Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib

15 Avqust 2012 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə avqustun 14-də öz iqamətgahında iftar süfrəsi açıb. İftar mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. İftar mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

A. Paşazadə çıxış edərək, Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Şeyxülislam, həmçinin mərasimdə iştirak edən din xadimlərinə təşəkkür edib.
Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr Ata, Rusiya Federasiyası Qaraçay-Çərkəz və Çeçenistan respublikalarının müftiləri İsmayıl Berdiyev və Sultan Mirzəyev mərasimdə çıxış edərək, Azərbaycanın İslam həmrəyliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə dinlərarası dialoqun inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib və təbriklərini çatdırıblar.
Prezident İlham Əliyev ənənəyə çevrilən iftar süfrəsini cəmiyyətin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsi kimi dəyərləndirib. Dövlət başçısı Azərbaycanda dinlərarası dialoqun nümunəvi xarakter daşıdığını, ölkəmizdə bütün millətlərin nümayəndələrinin bir ailə kimi yaşadıqlarını qeyd edib.
Prezident bəşəri dəyərlərə hörmətlə yanaşan, beynəlxalq birliyə inteqrasiya edən Azərbaycanın İslam həmrəyliyinə də töhfələrini əsirgəmədiyini vurğulayıb.
Azərbaycanın sosial-iqtisadi uğurlarından danışan ölkə başçısı XXX London Yay Olimpiya Oyunlarında idmançılarımızın uğurlu çıxışlarını ölkəmizin hərtərəfli inkişafının əyani nümunəsi və bu sahənin tərəqqisi üçün dövlət səviyyəsində aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi dəyərləndirib.
Prezident iftar mərasimi iştirakçılarına və xalqımıza Ramazan ayı münasibətilə ən xoş arzularını çatdırıb. Sonra iftar süfrəsi açılıb.

O.M.