“İran Azərbaycanla münasibətlərdə bütün “qırmızı xətlər”i aşıb”

“İran Azərbaycanla münasibətlərdə bütün “qırmızı xətlər”i aşıb”

2 Noyabr 2022 14:18
251
Bəyəndim (0) Bəyənmədim (0)

“İranda rejim dəyişməyənə və ya Tehranın xarici, o cümlədən təhlükəsizlik siyasətində köklü dəyişikliklər baş verməyənə qədər iki ölkə arasındakı münasibətlərin normallaşması mümkün deyil”.

Oxuməni.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert İrandan Azərbaycana yönəlik təxribatlara diqqət çəkib:

“İranla münasibətlərin elə bir nöqtəsinə gəlib çıxmışıq ki, bundan sonra hətta sözdə normal mehriban qonşuluq münasibətlərin davamı da çətin olacaq. Tehran Azərbaycanla münasibətlərdə bütün “qırmızı xətlər”i aşıb. Bu ölkənin rəsmilərinin, diplomatlarının, deputatlarının və hərbçilərinin Azərbaycan əleyhinə davamlı açıqlamaları, sərhəddə hərbi təlimlər, qonşu ölkənin kəşfiyyat strukturlarının Azərbaycan ərazisində artan fəallığı və digər faktlar iki ölkə arasındakı münasibətlərdə dərin çat yaradıb.

Rəsmi Bakı da təxribatları cavabsız qoymayıb. Prezident İlham Əliyevin “Azərbaycandan kənarda yaşayan soydaşlarımızın taleyi diqqət mərkəzimizdədir” açıqlaması, azərbaycanlı deputatların İranın təxribatlarına adekvat cavabları, Güney Azərbaycan mövzusunun aktuallaşması, hətta Azərbaycan Dövlət Televiziya kanalında bununla bağlı reportajların yayımlanması və Azərbaycan ərazisində İran kəşfiyyatına bağlı şəxslərin həbs edilməsi buna misaldır.

İranda rejim dəyişməyənə və ya Tehranın xarici, o cümlədən təhlükəsizlik siyasətində köklü dəyişikliklər baş verməyənə qədər iki ölkə arasındakı münasibətlərin normallaşması mümkün deyil”.