Xankəndində müharibəyə hazırlaşır və Rusiyanın köməyinə ümid bəsləyirlər

Xankəndində müharibəyə hazırlaşır və Rusiyanın köməyinə ümid bəsləyirlər

20 Aprel 2022 09:23
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın siyasət meydanında çaşqınlıq və laqeydllik dövrü başa çatıb. Aprelin sonlarında Bakı və Yerevan sərhədin demarkasiyası üzrə komissiya yaratmaq barədə razılığa gəlib.

Oxuməni.az xəbər verir ki, Ermənistanda və Qarabağda siyasi qüvvələr hələ başlamamış sülh prosesini pozmaq üçün səfərbər olub. Yerevanda mitinq və müddətsiz aclıq aksiyası keçirilir. Prosesin təşəbbüskarları və hərəkətverici qüvvəsi Qarabağ ermənilərinin liderləridir.

25 mart 2021-ciil tarixində Xankəndində rus dili haqqında və onun “ikinci dövlət dili” statusu haqqında “qanun” qüvvəyə minib. Azərbaycan ordusuna qalib gəlməyin qeyri-mümkün olduğunu dərk edən Xankəndi öz məqsədləri üçün Rusiyanı cəlb etməyi planlaşdırır. Rusiyanın Ukraynaya hücumunun başlaması bu ümidləri gücləndirib. Separatçıların lideri Araik Arutyunyan “müstəqilliyin tanınmasının və Ermənistana birləşməyin qeyri-real göründüyünü” bildirib və buna görə “Rusiya ilə vertikal münasibətlər” ehtimalını mümkün hesab edib.

Qarabağda qanunsuz “parlament” son həftələr ərzində iki dəfə 2020-ci ilə qədər olduğu kimi, separatçıların müstəqilliyinə yenidən zəmanət vermək və Qarabağı Azərbaycanın tərkibində tanımaqdan imtina etmək çağırışı ilə müraciət edib.

“Rusiyanın və Arsax Müdafiə Ordusunun Dağlıq Qarabağ Respublikasının ərazi bütövlüyünün bərpası üzrə xüsusi hərbi əməliyyatı çox uzaqda deyil. Bunun üçün Rusiya iyunun 24-nə qədər (Moskvada tarixi Böyük Vətən Müharibəsi paradının tarixi, 1945 – Red.) Ukraynada əməliyyatları başa çatdırmalı, həmçinin Ermənistan lideri müharibə aparmaq iqtidarında olan güclü rəhbərlə əvəz olunmalıdır. 22-ci ilin ikinci yarısı və 23-cü ilin ilk yarısı Rusiyanın Qarabağ ərazisində hərbi əməliyyatı ilə əlamətdar olacaq, 2023-cü ildə süni Azərbaycan dövləti parçalanacaq və dağılacaq və əlbəttə ki, İlham Əliyev devriləcək”, deyə ermənilərə məxsus teleqram kanalı yazır.

Kreml ermənilərin çağırışlarına reaksiya vermir. V.Putinin Qarabağın Azərbaycana məxsus olması haqqında məşhur sözlərindən sonra (2020) Moskva bu mövqeyini dəyişdirməyib. Putinin siyasətini davam etdirən Rusiya Beynəlxalq Məsələlər Şurasının baş direktoru Andrey Kortunov bildirib ki, “Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, elə Ermənistan özü də”.

Bu müsahibənin videoyazısı aprelin 17-də news.am saytında yerləşdirilib.

Xankəndindəki ermənilər işğal edilmiş Ukrayna vilayətlərindən sonra RF-nin “yeni” ərazisi olmağı istəyirlər. Amma Qarabağdakı separatçılar RF-nin tərkibinə daxil olmaq haqqında referendum keçirmək qərarına gəlsə, Rusiyanın necə hərəkət edəcəyi haqqında suala cavabda Kortunov belə deyib: “Siz Qarabağ əhalisinin yalnız Azərbaycanın nəzarəti altında olmayan ərazilərindəki hissəsindən danışırsınız, yəni bu halda Qarabağın bölünməsindən danışırsınız”.

Kortunov xatırladıb ki, “bu yaxınlarda DXR tərəfindən də RF-nin tərkibinə daxil olmaq mümkünlüyü haqqında referendum ideyası səslənib, amma Kreml bu ideyaya kifayət qədər soyuq yanaşıb”.

Rusiya SQ-nin Qarabağdakı missiyasının müqavilədə nəzərdə tutulan beş illik müddətinin başa çatacağı 2025-ci il haqqında düşünən Azərbaycan üçün aşağıdakı abzas əhəmiyyətlidir:

“Rusiya sülhməramlı mandatının müddəti başa çatdıqda bu ərazinin burada yaşayan bütün icmaların hüquqlarına riayət olunan polietnik ərazi kimi mövcudluğuna zəmanət verən sabit vəziyyət olmalıdır”, deyə Kortunov qeyd edib.

RBMŞ xarici siyasət və beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır, 2011-ci ildə RF prezidenti D.Medvedevin sərəncamı ilə təsis edilib.

Yerevanın Lragir saytı bu müsahibəni ermənilər üçün “soyu duş” adlandırıb.

Erməni siyasətçilərin öz planlarını təşviq etmək israrlarını nəzərə alaraq, demək olar ki, Kortunovun bəyanatı separatçıların Azərbaycan və Rusiya arasında münaqişə salmaq niyyətinə təsir etməyəcək. Ən azından, Dövlət Duması səviyyəsində ermənilərin bu səyləri nəticə verir. Artıq DD-nin iki deputatı Ukraynada “xüsusi əməliyyatdan” sonra Azərbaycanla “hesablaşmaq” təhdidi səsləndirib.Turan.az