Paşinyan “Artsax” xülyasını bitirdi: “Arutyunyan yaxın vaxtlarda…” – Şok iddia

Paşinyan “Artsax” xülyasını bitirdi: “Arutyunyan yaxın vaxtlarda…” – Şok iddia

15 Aprel 2022 13:59
Bəyəndim (0) Bəyənmədim (0)

“Avropa İttfaqının vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar müsbət nəticə verir. Bu, Azərbaycanın diplomatik və siyasi uğurudur. Bu görüşlərin nəticəsi olaraq, Ermənistan Baş naziri Nikol Paşinyan otuz ildir erməni cəmiyyəti və siyasi elitası üçün qəbul edilməyən mesajlar verməsi göstərir ki, İrəvan yeganə çıxış yolunun Azərbaycanla normal əlaqələr qurmaqdan və Qarabağ iddiasından əl çəkməkdən keçdiyini anlayır”.

Oxuməni.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, artıq Ermənistan bundan sonra Qarabağ məsələsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müzakirə edəcək:

“Hesab etmək olar ki, İrəvan “status” iddiasından geri çəkilib. Paşinyanın verdiyi mesajlardan da, ermənilər üçün “Artsax” xülyasının bitdiyini düşünmək olar. Zənnimcə, Paşinyanın verdiyi mesajlar həm də o anlamda başa düşülməlidir ki, Ermənistan artıq bu məsələni beynəlxalq müstəvidə müzakirə etməyəcək.

İrəvanla əlaqələri soyuyan Qarabağdakı bir qrup separatçı isə Moskvaya üz tutub. Amma Rusiyanın bir qrup separatçıya görə Azərbaycan və Türkiyə ilə münasibətlərini pozacağı inandırıcı görünmür. Bu yöndə atacağı addım Moskvanın əleyhinə işləyə bilər. Rusiya da Ermənistan kimi reallığı qəbul etmək məcburiyyətindədir. Eyni zamanda, Moskva Minsk qrupundakı həmsədrini Ermənistan-Azərbaycan normallaşma prosesi üzrə xüsusi nümayəndə olaraq təyin etsə də, prosesin Brüssellə davam edəcəyini düşünürəm. Yəni Moskvanın fəaliyyəti pozucudur, buna görə də Bakı və İrəvan konkret nəticəyə hesablanmış prosesə üz tutacaq”.

Məhəmməd Əsədullazadə vurğulayıb ki, Paşinyanın Rusiya səfərindən əvvəl etdiyi çıxışları Moskvaya mesaj kimi xarakterizə etmək olar:

“Paşinyan Rusiyanın Qarabağ siyasətini qəbul etməyəcəyinin anonsunu verdi. Beləliklə, Rusiya və Ermənistan arasındakı gərginlik yeni müstəviyə keçir. Amma Moskvanın təzyiqlərinin nəticə verəcəyini düşünmürəm. Çünki Azərbaycanla sülh müqaviləsi bağlamaq, Ermənistanı Rusiyanın forpostu olmaqdan xilas edəcək. Paşinyan da öz xalqına bunu başa salmağa çalışır. Açıq şəkildə dedi ki, Ermənistan bundan sonra heç kim üçün qurbanlıq qoyun olmayacaq.

Qarabağ separatçıları üçün geri sayım başlayır. Onların “Rusiyaya birləşmək” çağırışları ciddi əhəmiyyət kəsb etmir. Ermənistanla sülh müqaviləsi bağlandıqdan sonra Xankəndində Azərbaycanın suverenliyi bərpa ediləcək. Araik Arutyunyan və ətrafındakı digər separatçılar yaxın müddətdə Qarabağdan qaçacağı istisna deyil.

Beləliklə, Prezident İlham Əliyevin bu yöndəki siyasəti öz müsbət nəticələrini verməyə başlayıb. Regiondakı yeni geosiyasi reallıq ətrafındakı proses Azərbaycanın maraqlarına uyğun şəkildə davam edir”.