
Qafqaz Müsəlmanları İdarəsi rəhbərinə geniş səlahiyyətlər verilməsi Azərbaycan üçün kifayət qədər təhlükəlidir
Nizamnaməsi qanunlara zidd olan qurum ... - Qafqaz Müsəlmanları İdarəsi ləğv edilə bilərmi?
Azərbaycanda "Dini etiqad azadlığı haqqında" qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, İslam dininə aid ziyarət və ibadətgahlara səlahiyyətli şəxslərin təyin edilməsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilir. Xatırladaq ki, qanunun 8-ci maddəsinə əsasən hazırda bu səlahiyyət Qafqaz Müsəlmanları İdarəsinə aiddir.
Oxuməni.az Azpolitika.info-ya istinadən xəbər verir ki, hazırkı prosedura görə yerli icra hakimiyyətinin razılığıyla məscidlər tikilərək bələdiyyələrin balansına verilir. Bələdiyyələr isə öz növbəsində həmin məscidləri Qafqaz Müsəlmanları İdarəsinin nəzarətinə verir.
Sonra QMİ məscidlərə axund, imam və digər səlahiyyətli şəxslərin təyinatını aparır və hər il onlardan hesabat alır. Bir sözlə, hazırda məscidlərə aid bütün səlahiyyətlər QMİ-nin əlindədir. İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri isə birbaşa olaraq Şeyxülislam Allahşükür Paşazadə tərəfindən 5 il müddətinə təyin olunur.Dini məsələlərdə Qafqaz Müsəlmanları İdarəsinə geniş səlahiyyətlərin verilməsi zaman-zaman ictimaiyyətin narazılığına səbəb olub. Qurumun rəhbəri Allahşükür Paşazadənin bu səlahiyyətlərdən öz maraqlarına uyğun istifadə etdiyi, bunun sayəsində böyük varidata sahibləndiyi barədə mətbuatda mütəmadi olaraq, yazılar, faktlar dərc edilib.
Ümimyyətlə, strateji əhəmiyyətə malik və məntiqlə dövlətin səlahiyyətləri çərçivəsində idarə edilməli olan sahənin QMİ kimi qeyri-hökumət təşkilatının tabeliyinə verilməsi çox da anlaşılan deyil.
Ölkədə ictimai rəyə təsir göstərmək gücünə malik olan din xadimlərinin təyinatının dövlətin nəzarətindən kənarda qalması, onların təyinatının Şeyxülislamın, yaxud hər hansı başqa bir din xadiminin ixtiyarına verilməsi doğru və başadüşülən yanaşma deyil, hətta bu, kifayət qədər təhlükəlidir. Xüsusən də bu şəxs Rusiya və İranla isti münasibətlərdədirsə...
QMİ-nin səlahiyyətlərinin azaldılmasına gəlincə, əslində bu proses illər öncə başlamışdı. 2001-ci ildə yaradılan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi(DQDK) yavaş-yavaş bu sahəyə nəzarəti artırmağa başladı. Əvvəlcə təbliğat və maarifləndirmə işləri ilə məşğul olan komitə bir müddət sonra dövlətin strateji maraqları çərçivəsində olan dini təhsil məsələsini QMİ-nin əlindən aldı. Belə ki, 2018-ci ilə qədər QMİ-nin tabeliyində olan “Bakı İslam Universiteti” ləğv olundu və əvəzində DQDK-nin nəzarət etdiyi İlahiyyat İnstitutu yaradıldı. İndi isə artıq qanuna edilən müvafiq dəyişiklikdən sonra Qafqaz Müsəlmanları İdarəsi sadəcə dini fətva və əlamətdar təqvimləri elan edən ictimai təşkilat kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, QMİ-nin Nizamnaməsindəki qeyri-müəyyənliklər əslində bu dəyişikliyi zəruri edən əsas səbəblərdəndir. 2017-ci ildə qəbul edilən QMİ-nin nizamnaməsində qeyd olunan bəzi maddələr ümumiyyətlə Azərbaycan Qanunvericiliyi ilə üst-üstə düşmür. Konstitusiyanın 18-ci maddəsinə əsasən Azərbaycanda bütün dinlər qanun qarşısında bərabərdir. Digər dini icmaların istədikləri quruma tabe olmaq hüququları olduğu halda, İslam dini icmaları yanlız QMİ-yə tabe ola bilərlər.
İslam dini qurumlarına bu msələdə seçim etmək hüququ verilməyib. Nizamnamədə qeyd olunub ki, QMİ qeyri-kommersiya təşkilatıdır. Amma QMİ-nin rəsmi saytında göstərilir ki, qurum aktiv kommersiya işləri ilə məşğul olur. Məsələn, xaricdəki ziyarətgahlara turlar təşkil edir, təsərrüfat obyektləri yaradır, təmir-tikinti proseslərində iştirak edir, istehsalat, ticarət, mətbəə, müxtəlif xidmət sahələri yaradır.
Qanunverciliyə əsasən, təşkilatçı hüquqi şəxslər bir şərtlə qeyri-kommersiya işləri görə bilərlər ki, bu fəaliyyət qarşıya qoyulmuş məqsədlərin icrasına yönəlsin. QMİ-nin Nizamnaməsində isə bildirilir ki, idarənin məqsədi öz səlahiyyətləri daxilində dini icmaların təşkilati məsələlərini həll etmək, onların fəaliyyətinə nəzarət etmək və məzhəb ayrı-seçkiliyinə yol verməməkdir. Yəni onsuz da bu məqsədləri icra etmək üçün qurumun sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına ehtiyac yoxdur. QMİ Nizamnamadə bu məqsədləri “Qurani-Kərim”in tələblərini və İslam peyğəmbərinin hədislərini əsas gətirərək həyata keçirdiyini bildirib. Amma hazırkı hüquq sisteminə əsasən, bu cür dini mətnlərin heç bir hüquqi əsası ola bilməz.
Eyni zamanda, QMİ dini qurum olduğundan, dövlətin səlahiyyətində olan işlərə də qarışa bilməz. Amma Nizamnamədə qeyd olunur ki, qurum icra hakimiyyəti strukturlarında yer alan komissiyaların işində iştirak edir və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təqdimatlarına baxır. Əslində isə bu məsələlər dövlət orqanlarının səlahiyyətlərinə aiddir. Bu qeyri-müəyyən maddələrdən də aydın olur ki, QMİ-nin Nizamnaməsi Qanunvericiliyin tələblərinə uyğun hazırlanmayıb və idarəyə hazırkı statusuna uyğun olmayan yüksək səlahiyyət imkanları verilib.
Qafqaz Müsəlmanları İdarəsi bu məsələ ilə bağlı bəyanat yayaraq, müvafiq qanuna dəyişiklik edilərsə dini rəhbərləri qanuna əməl etməyə çağırıb: “Qafqaz Müsəlmanları İdarəsi olaraq ölkəmizdə din-dövlət münasibətlərinin tənzimlənməsi istiqamətində aparılan işləri son illər qanunvericilik müstəvisində gedən islahatların davamı olaraq qiymətləndiririk. QMİ dindarları və din xadimlərini "Dini etiqad azadlığı haqqında" Qanuna nəzərdə tutulan yeni dəyişikliklər qəbul ediləcəyi təqdirdə Qanunun bütün müddəalarına birmənalı şəkildə əməl etməyə çağırır. Din xadimlərindən İdarənin mövqeyini nəzərə almaları xahiş olunur. Dini mərkəz olaraq QMİ dövlətin müvafiq icra qurumu ilə birgə əməkdaşlıqda dövlətimizin dini-mənəvi sahədə siyasətinin həyata keçirilməsində hər zaman yaxından iştirak edir bundan sonra da bu sahədə öz töhfəsini verəcəkdir. Uca Allahın köməyi ilə, müstəqil dövlətçiliyimizin mənafeləri naminə atılacaq bütün addımların xeyirlərə vəsilə olacağına, xalqımızın milli-mənəvi maraqlarına xidmət edəcəyinə inanırıq".“AzPolitika.info”