"Xamenei müsəlman olsa və "İslam" dinini təbliğ etsə də “şapalaq diplomatiyası” ilə məşğuldur
“Azərbaycan Prezidenti kifayət qədər mədəni, yüksək diplomatik formada İranın əsassız iddialarına cavab verib. Nəzərə almaq lazımdır ki, İranın xarici işlər naziri aqressiv və təhdid formasında məsələni dəyərləndirdi. Təəssüflər olsun ki, türk kökənli Seyid Əli Xamenei də belə bir addım atdı. Qonşu ölkəyə belə kəskin və aşağılayıcı tərzdə reaksiya vermək, onu bir növ qorxutmaq göstərir ki, İran bir neçə yüz il geridə qalıb, deyərdim ki, feodalizm quruluşundan da geridədir”.
Oxuməni.az xəbər verir ki, bu sözləri politoloq Cümşüd Nuriyev İran-Azərbaycan münasibətlərini şərh edərkən bildirib.
Politoloq əlavə edib ki, məhz quldarlıq quruluşunda cəza sistemi “şapalaq” olub.
"Xamenei müsəlman olsa və "İslam" dinini təbliğ etsə də “şapalaq diplomatiyası” ilə məşğuldur. Əslində bu, İranı aşağılayan hadisədir. Onlar elə bilirlər ki, yaxşı addım atırlar. Amma Azərbaycan Prezidenti onlardan fərqli olaraq konkret arqument və faktlar əsasında çıxış etdi. Bildirdi ki, əvvəla işğaldan azad edilən ərazilərdə yaşayış yoxdur, ikincisi, buralarda bina yoxdur. Nəhayətdə burada İsrailin yerləşməsi üçün şərait yoxdur. Azərbaycan özü bilər ki, öz ərazisində kimi yerləşdirir, kimi yerləşdirmir”.
Cümşüd Nuriyevin qənaətincə, bütün bunların fonunda İranın atdığı addımlar əslində onlara yaraşmayan gedişdir:
“Guya qonşu dövlət kimi siyasət yürüdür. İran bir növ özünün paxırını, iç üzünü açdı. Göstərdi ki, onların Azərbaycana qarşı olan nifrəti əsaslıdır və Azərbaycan mediası, siyasətçiləri İranı bu məsələdə günahlandırırdı. İndi aydın oldu ki, İran bizi sevmir. Amma bizim də onlar üçün ürəyimiz getmir. Aydındır ki, heç kim Azərbaycanın müstəqil siyasət aparmasına müdaxilə edə bilməz. Düşünürəm ki, İranın belə əsəbi davranışları həm də 44 günlük müharibənin nəticələri ilə bağlıdır”.






































































.jpg)























