İctimai Palata prezidentliyə vahid namizədi ilkin seçkidən (praymeriz) sonra müəyyən edə bilər

İctimai Palata prezidentliyə vahid namizədi ilkin seçkidən (praymeriz) sonra müəyyən edə bilər

2 İyul 2012 16:29
Bəyəndim (0) Bəyənmədim (0)

İctimai Palatanın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli qurumun prezidentliyə vahid namizədinin müəyyənləşdirilməsinin praymeriz (ilkin seçki) yolu ilə mümkün olduğunu bəyan edib. O, "Yeni Müsavat"a açıqlamasında bildirib ki, vahid namizəd məsələsində dünya praktikasına müraciət etmək olar: "Dünya praktikasında ən yaxşı yollardan biri praymerizdir. Bu təcrübədən İctimai Palata istifadə edə, vahid namizəd məsələsini praymeriz praktikası ilə müəyyənləşdirə bilər".

İ.İbrahimlinin təklifinə İctimai Palatanın katibi, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı münasibət bildirib. "Yeni Müsavat"a açıqlamasında o qeyd edib ki, əgər zamanında İctimai Palatanın prezidentliyə vahid namizədini müəyyənləşdirməyə ehtiyac olacaqsa, praymerizin keçirilməsi də bir yoldur. G.Aslanlı xatırladıb ki, Müsavat Partiyasının praymeriz təcrübəsi var: "Partiya 2000-ci ilin parlament seçkilərində öz deputatlığa namizədlər siyahısını bu yolla müəyyənləşdirmişdi. Həmçinin 2005-ci ildə "Azadlıq" seçki bloku dairələr üzrə vahid namizəd müəyyənləşdirmək üçün praymerizdən istifadə edib. Dediyim odur ki, belə təcrübə var".

G.Aslanlı hesab edir ki, prezidentliyə vahid namizədin müəyyənləşməsi üçün praymerizdə yalnız İctimai Palatanın üzvlərinin iştirakı şərti ola bilməz: "Çünki söhbət prezidentliyə vahid namizəddən gedir. İlkin seçki ölkənin bütün seçiciləri arasında keçirilməlidir. Buna isə şəraitin yaradılması çətin problemdir. Bununla belə, əgər praymeriz tətbiq olunacaqsa, İctimai Palatanın üzvləri arasında yox, bütün xalq arasında keçirilməsi məqsədəuyğun hesab olunur".

Sonda Müsavat rəsmisi vurğulayıb ki, indi vahid namizəd mövzusunun ortaya atılması ümumi ideyaya xidmət eləmir, İctimai Palatanın daha da genişlənməsi işinə mane olur: "Ona görə də bu məsələnin, ümumiyyətlə, gündəliyə salınması, dövriyyəyə buraxılması İctimai Palatanın fəlsəfəsinə zərərdir".

O.M.