Ermənistan "müstəqilliyini" itirəcək: Bu ölkə artıq defolt dövlətə çevrilir
Revanşist ideoloji yüklənmə Ermənistanı xarici borcların ödənilməsinə yol aça biləcək imkanlardan uzaqlaşdırır; Bu düşmən ölkə yaxın gələcəkdə Rusiyanın tərkibinə qatılıb, federasiya subyektinə çevrilmək məcburiyyətində qala bilər...
Ermənistan ağır durumdadır. Bu düşmən ölkədə sosial-iqtisadi böhran artıq ən təhlükəli həddə çatıb. Və belə davam edərsə, Ermənistan əhalinin səfalətə düçar olmasından qaynaqlanan ölkədaxili xaosla üzləşə bilər.
Maraqlıdır ki, bəzi erməni iqtisadçıları Ermənistandakı sosial-iqtisadi vəziyyəti "defolt dövlət" statusu ilə müqayisə edirlər. Onların fikrincə, ölkədə əhalinin gündəlik həyat şəraiti davamlı olaraq, aşağı düşür. Ermənistan hökuməti isə bu "sərbəst uzuaşağı yuvarlanma"nın qarşısını almaqda aciz vəziyyətdə qalıb.
Səbəblər isə həddindən artıq çoxdur. 44 günlük savaş onsuz da zəif olan Ermənistan iqtisadiyyatını demək olar ki, tamamilə çökdürüb. Bir çox müəssisələr iflasa uğrayaraq, bağlanıb. Yerli istehsal demək olar ki, dayanıb. Ən adi gündəlik ehtiyac məhsulları belə, idxal olunur.
Ən önəmli məqam ondan ibarətdir ki, Paşinyan hakimiyyətinin ölkə iqtisadiyyatını ayağa qaldırmaq üçün yetərli maliyyə resursları mövcud deyil. Xarici sərmayələrin ölkəyə cəlb edilməsi də mümkünsüz görünür. Çünki, Ermənistan iqtisadiyyatı xarici sərmayə üçün cəlbedici xarakter daşımır.
Təbii ki, bütün bunlar Ermənistanın xarici borclarının sürətlə artmasına səbəb olur. Belə anlaşılır ki, Ermənistan hazırda xaricdən aldığı kreditlərin hesabına ayaqda qalmağa çalışır. Halbuki, bu, uzun müddət belə davam edə bilməz.
Məsələ ondadır ki, xarici borcları həm də ödəmək lazımdır. Heç bir beynəlxalq maliyyə qurumu heç bir dövlətə onun sadəcə, ac qalmaması üçün para verməz. Borc verənlər ilk növbədə bundan gəlir əldə etməyi hədəfləyirlər. Eyni zamanda, verdikləri məbləği tam şəkildə geri almaq barədə də düşünürlər. Yəni, bu baxımdan, Ermənistanın yeni borc götürmək şansları artıq tükənmək üzrədir.
Onu da qeyd edək ki, son məlumatlara görə, Ermənistanın xarici borcları hazırda 9 milyard dolların üzərinə çıxmağa başlayıb. Rəsmi İrəvan bu ilin yanvar ayından iyul ayına qədər olan zaman intervalında Ermənistanın xarici borclarını 1 milyard dollar həcmində artırıb. Və bu, Ermənistan kimi balaca, borc qaytarmaq potensialı olmayan ölkə üçün fəlakət vəd edən məbləğdir.
Halbuki, rəsmi İrəvan bu məsələdə dayanmaq niyyətində deyil. Əksinə, başqa mövcudluq resursları olmadığından "tam sürətlə irəliləməyə" çalışır. Avqustun 23-də Beynəlxalq Valyuta Fondunun Ermənistana Ermənistana 175 milyon dollarlıq kreditin verilməsi barədə qərarı qüvvəyə minib.
![]()
Paşinyan hakimiyyəti əlbəttə ki, bundan məmnun görünür. Hər halda, daha bir müddət xərcləyə biləcəyi maliyyə qaynağı qazanılıb. Ancaq bu məbləğ Ermənistanı ən yaxşı halda, bir neçə ay ayaqda tuta bilər. Deməli, Paşinyan hakimiyyəti artıq indidən növbəti kredit qaynağının tapılması barədə düşünmək məcburiyyətindədir.
Məsələ ondadır ki, cəmisi bir ay əvvəl, yəni iyulun 31-də Ermənistanın dövlət borcu 8,973 milyard dollar olub. Bu isə o deməkdir ki, bu ilin 7 ayı ərzində Paşinyan hakimiyyəti Ermənistanın dövlət borcunu 12,6 faiz artırmağı bacarıb.
Hazırda Ermənistanda doğulan hər bir uşaq xarici maliyyə qurumları qarşısında 3032 dollar məbləğində borca sahibdir. Və rəsmi İrəvan xarici maliyyə qaynaqlarından böyük həvəslə kreditlər götürsə də, onların nə vaxtsa qapadılması üçün heç bir maliyyə-iqtisadi resurslara malik deyil.
Üstəlik, rəsmi İrəvan belə resursların yaradılması istiqamətində də qətiyyətli addımlar atmaqda acizlik nümayiş etdirir. Hər halda, Ermənistan cəmiyyətində bir çoxları tam dəqiqliyi ilə yeni maliyyə-iqtisadi resursların ünvanını bilirlər.
Məntiqlə düşünmək qabiliyyəti olan hər kəsə aydındır ki, Ermənistanın indiki defolta aparan vəziyyəti ölkənin blokada şəraitində olması ilə birbaşa bağlıdır. Və bu vəziyyətdən yeganə çıxış yolu qonşu ölkələrlə, xüsusilə də, Azərbaycan ilə normal münasibətlərin qurulmasına indekslidir.
![]()
Bir ölkə uzun müddət başqalarının hesabına yaşaya bilməz. Hər bir normal ölkə müstəqil iqtisadiyyata sahib olmalıdır. İstehsal alətləri yaratmalıdır. Hətta kredit almaq məcburiyyətində qalsa belə, öz istehsal alətləri sayəsində qazandıqları ilə borcunu ödəməyi bacarmalıdır. Və bu, müasir dövlətin ən əsas mövcudluq şərtidir.
Halbuki, Ermənistan bu önəmli şərtdən nəinki uzaqdır, hətta məhrumdur. Ermənistan əhalisinin gündəlik ehtiyacları xarici kreditlər hesabına ödənilir. Ordusunun xərcləri isə Rusiya tərəfindən qarşılanır. Xüsusilə də, hərbi texnika Kremldən hədiyyə olaraq, göndərilir. Və rəsmi İrəvan bütün bunlara baxmayaraq, hələ də Ermənistanın müstəqil dövlət olduğunu düşünməkdə davam edir.
Ancaq dünyada belə "müstəqillik" örnəyi yalnız Ermənistan sayıla bilər. Bu düşmən ölkə hətta öz ordusunu belə, Rusiyanın hesabına qurur. Dövlət sərhədlərini qorumaq üçün canlı qüvvəsi və hərbi texnikası yoxdur. Bu səbəbdən də, Ermənistan sərhədləri indi tamamilə Rusiyanın nəzarəti altındadır. Hər hansı problemlə üzləşdikdə də dərhal "Rusiyanın ətəyi"ndən yapışır.
Ermənistan öz qonşularına qarşı düşmənçilik münasibətini dəyişməyəcəyi, normal münasibətlər qurub, blokadadan çıxmağa nail olmayacağı təqdirdə, bu vəziyyət heç bir halda, dəyişməyəcək. Əksinə, Ermənistanın maliyyə-iqtisadi vəziyyəti daha da ağırlaşacaq.
Sosial böhran dözülməz həddə çataraq, ölkədaxili xaosu stimullaşdırmağa başlayacaq. Borcların qaytarılması tələb olunanda vəziyyət daha çıxılmaz olacaq. Çünki, Rusiya da daxil olmaqla, hər hansı xarici himayədarın Ermənistanın kredit borclarını ödəməyə həvəs göstərəcəyinə yalnız sadəlövhlər inana bilər.
Bütün bunlar onu göstərir ki, Ermənistan zaman keçdikcə, müstəqilliyi sadəcə, formal xarakter ölkə kimi diqqəti çəkə bilər. Əslində, Ermənistan artıq indidən öz müstəqilliyini böyük ölçüdə itirib. Bu vəziyyətdən xilas ola bilmək şansları isə hər ötən gün daha da azalır. Və bir müddətdən sonra Ermənistanın durumu böyük ehtimalla geriyədönməz xarakter ala bilər.
Ona görə də, Paşinyan hakimiyyətinin son imkanlardan istifadə edərək, ölkənin xilası üçün zamanı olduqca daralmış kimi görünür. Rəsmi İrəvanın ən qısa zamanda prinsipial qərarlar qəbul etməsi qaçılmazdır. Və Ermənistanın mövcudluğu da məhz həmin qərardan asılı olacaq.
Məsələ ondadır ki, rəsmi İrəvan hələlik Ermənistanın sərhəd qonşuları ilə normal münasibətlər qurub, ölkənin iqtisadiyyatına yeni "nəfəslik" də aça bilər. Eyni zamanda, revanşist mövqeyini qoruyub, blokada şəraitində "boğulmaq" seçiminə də sahibdir. İkinci variant Ermənistana ən yaxşı halda, Rusiyanın tərkibinə qayıdıb, federasiya subyektinə çevrilmək perspektivi vəd edir. Bu isə Ermənistanın müstəqilliyini itirməsi anlamına gəlir."Yeni Müsavat"









































.jpg)
.jpg)
.jpg)


















































