Rusiya erməni ordusunu qurur, Qazaxın 7 kəndi boşalır
Azərbaycanla sülh danışıqlarının zəruriliyi barədə çoxsaylı bəyanatlar fonunda İrəvan öz ordusunun modernləşdirilməsi və silahlandırılması istiqamətində açıq və gizli şəkildə ciddi işlər görür. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, respublika ordunu maksimum qısa müddətdə modernləşdirə biləcək. Dağlıq Qarabağda 44 günlük müharibədən sonra Ermənistan hərbi rəhbərliyi ordunun Rusiyanın dəstəyilə yenidən təşkil olunduğunu bəyan edib.
Oxuməni.az xəbər verir ki, keçən ilin noyabrından erməni ordusu daim yeni Rusiya silahı alır. Bunu bu yaxınlarda prezident İlham Əliyev də bildirib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova da deyib ki, başqa ölkələrə silah göndərməsi Rusiyanın suveren hüquqdur. Moskva həm də iddia edir ki, bununla Azərbaycanla Ermənistan arasında qüvvələr balansının qayğısına qalır.
Rusiyadan silah almaqla yanaşı, erməni ordusunda struktur dəyişiklikləri də baş verir. Bu ilin sonuna qədər orduda diviziyalar ləğv ediləcək, qalan şəxsi zabitlər ixtisara salınacaq.
Ermənistan Nazirlər Kabineti pilotsuz uçuş aparatları İdarəsinin yaradılması, Ermənistan ordusunda hərbi texnikanın inkişafını qərara alıb. Qərar 2020-ci ildə Qarabağda döyüş əməliyyatları nəzərə alınmaqla qəbul edilib.
Erməni ordusunun müxtəlif təyinatlı pilotsuz uçuş aparatları ilə təchiz edilməsi proqramı haqda məlumat göstərir ki, ermənilər Azərbaycanda Silahlı Qüvvələr quruculuğu təcrübəsini oğurlamağa (və ya kopyalamağa) başlayıblar.
Ermənistan ağır dronları xarici ölkələrdən alacaq, yüngül tipli, əsasən kəşfiyyat pilotsuz uçan aparatları isə öz müəssisələrində istehsal etmək niyyətindədir. Ermənistan sənayesində kvadrokopter kimi kəşfiyyat və zərbəçi pilotsuz uçan aparatları istehsalı təcrübəsi var. Ehtimal edilir ki, İrəvan ilk növbədə Rusiyanın “Remdizel” şirkəti tərəfindən istehsal olunan, xüsusi təyinatlıları daşımaq üçün istifadə edilən yüngül zirehli “Tayfun” avtomobilləri ilə maraqlanacaq. Habelə erməni ordusunun Ural mülki aviasiya zavodu tərəfindən istehsal edilən “Forpost” zərbə pilotsuz aparatlarına böyük maraq göstərəcəyi təxmin edilir. Bu arada isə Ermənistanda 3 aylıq hərbi təlim toplanışı elan olunub.
Aydın görünür ki, Rusiya Ermənistan ordusunu mümkün qədər tez ayaq üstə qoymağa çalışır. Ordusu dağılmış Ermənistan regionda Rusiyanın geostrateji maraqlarına uyğun deyil. Moskva bunu balans adı ilə izah edir, amma aydındır ki, erməni ordusunu Bakının hazırda regionda əsas söz sahibi olması, Ermənistan üzərində şərtlərini diktə etməsinə qarşı dirçəldir. Zəif Ermənistanı Bakının dəmir yumruğu ilə sülhə məcbur etmək çətin olmaz, amma erməni ordusu güclənərsə, sülhə qarşı çıxacaqlar ki, bu da Moskvanın maraqlarına uyğundur. Rusiya o səbəbdən tələsir ki, Bakı bu yaranmış fürsətdən istifadə edərək Ermənistana şərtlərini diktə edə, hətta sülh müqaviləsinə məcbur edə bilər.
Bu arada ötən həftə ermənilərin Şuşa ətrafındakı Qaladərəsi və Sarıbabadan çıxacağı ilə bağlı xəbərlər yayılmışdı. Bu barədə xəbəri isə Ermənistan Müdafiə Nazirliyi təkzib edib. Şuşa ətrafında gərginlik Ermənistana lazımdır. Bununla həm əsas strateji şəhəri psixoloji təzyiq altında saxlamağı, həm də bu şəhərə “iddialarından vaz keçmədikərini” göstərməyi planlayıblar. Bu kəndlər qala - şəhərdən uzaqda yerləşsələr də, Şuşanın inzibati ərazisinə daxildirlər. Bəs, nə oldu ki, erməni mənbələrinin özlərinin yaydığı bu xəbəri bir neçə gün sonra təkzib etdilər?
Ermənistanın Dilican vilayətinin qubernatoru Hayk Qalumyan isə adıçəkilən ərazilərdə Azərbaycanla sərhəddə yerləşən nöqtələrdən, daha dəqiq desək, 1990-cı illərin əvvəllərində işğal edilən Qazaxın 7 kəndindən sonradan köçürülən əhalinin təxliyəsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, işğal edilmiş eksklavlarımıza sonradan köçürülən ermənilərin təxliyəsi ilə yanaşı, onların sərhəddən ən azı 10 km içəridə məskulaşdırılması, yemək və içməklə bağlı təminatı da gerçəkləşdiriləcək.
İddialara görə, qubernator Qalumyanın bu addımının iki səbəbi ola bilər. Birincisi, Qazaxın 7 kəndi 10 noyabr üçtərəfli bəyanatına əsasən, Azərbaycan tərəfinə sakit və səssiz şəkildə təhvil verilir. İkincisi, Ermənistan bu addımı ilə kəndlərin qaytarılmasından imtina edir və hətta müharibə hazırlıqlarına başlayır. Üçüncü versiya isə Ermənistan bu kəndləri qaytarmaqla uzun müddətə Zəngəzur dəhlizi mövzusunu və sərhədlərin demerakasiyasını arxa plana keçirir.













































.jpg)
















































