VİDEO-Erməni ordusunda dedovşinanın nəticələri

VİDEO-Erməni ordusunda dedovşinanın nəticələri

16 Dekabr 2011 19:26
Bəyəndim (0) Bəyənmədim (0)
Ermənistan Müdafiə Nazirliyi zabit tərəfindən gözü çıxarılmış əsgərlə maraqlanmır

Ermənistan ordusunda kök salan neqativ hallar haqda çox yazmışıq. Bunu qonşu ölkənin ictimai təşkilatları, ziyalıları da dəfələrlə qeyd ediblər. Dedovşina, korrupsiya, yerlibazlıq erməni ordusunun bugünkü reallığıdır. 14 dekabr günü Dağlıq Qarabağda yerləşən "Yeqnikner" hərbi hissəsində Ermənistandan gəlmiş çağırışçının Qarabağdan olan zabit tərəfindən döyülməsi, sağ gözünün çıxarılması buna bariz nümunədir. Belə ki, həmin gün Armen Tovmasyan adlı stepanakertli (Qarabağ) praporşik səhər saatlarında 18 yaşlı eçmiədzinli (Ermənistan) Narek Avetisyanın gözünə topa açarlarla zərbə vurmuşdu. Səbəb isə o olmuşdu ki, zabit əsgəri qanunsuz yerə naryada yazmış, əsgər isə postdan qayırdığını bildirərək tələbi rədd etmişdi. Bundan sonra zabit topa açarla onun gözünə qəfil zərbə vurdu və əsgərin sağ gözü çıxdı.

Ermənistanın "Susmayacağıq" gənclər hərəkatı insidentlə əlaqədar dəfələrlə Ermənistan Müdafiə Nazirliyinə müraciət etsə də, hələ də faktla bağlı cinayət işi açılmayıb. Hətta nazirliyin qaynar xətti sayılan 188 telefon nömrəsi də gecə-gündüz işləməli olduğu halda zənglərə cavab vermir. Zərərçəkmişin atasının etirafına görə, hələ də Müdafiə Nazirliyindən onun oğlu ilə maraqlanan yoxdur.

Ermənistanın Tert.am saytı faktla bağlı cinayət işinin açıldığını qeyd etsə də, Armen Tovmasyan adlı zabit bu günə kimi azadlıqdadır.

Düşmənin gözünü çıxara bilmək üçün dörd gözlə partizanlıq etmək hər birimizin borcudur. Odur ki, Ermənistan cəmiyyətində və ordusunda baş verən hadisələrlə tanış olmaq üçün Partizan rubrikasını oxuyun.

Murad Şahməmmədov

O.M.