Şəhidin xatirəsinə abidə-bulaq kompleksi açılıb

Şəhidin xatirəsinə abidə-bulaq kompleksi açılıb

16 May 2017 15:02
Bəyəndim (0) Bəyənmədim (0)

İsmayıllı rayonunun Kürdmaşı kəndində şəhid İlqar Məmmədovun xatirəsinə döyüş yoldaşlarının təşəbbüsü və Kürdmaşı İnzibati ərazi dairəsinin təşkilatçılığı ilə yeni xatirə-bulaq kompleksi tikilib.

Burada İlqar Məmmədovun barelyefi, Azərbaycan xəritəsi, işğal olunmuş rayonların tarixləri əks olunub.

Mayın 15-də şəhid İlqar Məmmədovun doğum günündə xatirə abidəsinin açılışına həsr olunmuş mərasim keçirilib. Şəhidin döyüş yoldaşı, abidə-bulağın əsas təşəbbüskarı Rafiq Qarayev çıxış edərək İ.Məmmədovun döyüş yolundan, vətənə vurğunluğundan danışıb.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov şəhidin təşəbbüskar döyüş yoldaşlarına təşəkkür edib. Bildirib ki, onlar bununla deyirlər ki, biz Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə həmişə hazırıq. Qarabağ uğrunda 144 İsmayıllı gənci şəhid olub. Aprel döyüşlərində fəal iştirak edən həmyerlilərimiz (onlardan şəhid olan, yaralanan da vardı) Vətəni müdafiəyə hazır olduqlarını bildiriblər.

Sonda abidə-bulağın açılışı olub.


Mediainfo.az