“18-19 yaşlı gəncləri ön xətdə saxlamaq düzgün deyil”

“18-19 yaşlı gəncləri ön xətdə saxlamaq düzgün deyil”

1 Mart 2017 13:12
Bəyəndim (0) Bəyənmədim (0)
Azad İsazadə: “Ön xətdə müqavilə əsasında xidmət edən hərbçilər yerləşdirilməlidir”

Təmas xəttindəki son ciddi hərbi qarşıdurma zamanı verdiyimiz itkilər ön xətdə 18 yaşlı çağırışçıların yer almasının nə dərəcədə doğru olub-olmaması ilə bağlı müzakirələrə yol açıb. Məsələ ilə bağlı moderator.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə ön xətdə 18-19 yaşlı hərbçilərin yerləşdirilməsinin doğru olmadığını bildirib:

"Bu döyüşlərdən asılı olmayaraq, ön xətdə bu məzmunda dəyişikliyə çoxdan ehtiyac var. Atəşkəs bağlanandan sonra bunu eləmək lazım idi. Çünki doğrudan da 18-19 yaşlı gəncləri ön xətdə saxlamaq düzgün deyil. Onlar arxadakı hərbi hissələrdə hərbi hazırlıq keçməlidirlər. Daha təcrübəli, daha yetkin şəxslər - müqavilə və ya maaş əsasında xidmət edən hərbçilər ön xətdə qərarlaşmalı, döyüşlərdə iştirak etməlidir.

Amma bu gün mövcud hərbi qanunvericilikdə bu məsələ özünün tam həllini tapmayıb. Söhbət çağırışçılardan formalaşan ordudan müqavilə əsasında formalaşan peşəkar orduya keçiddən gedir. Tədricən bu keçidi reallaşdırmaq lazımdır. Bu gün ordumuzda müqavilə ilə qulluq edən çavuş və gizirlər var. Onların sayı az deyil. Gürcüstan tam olaraq bu cür orduya keçib. Pribaltika dövlətləri də tam olaraq bu cür orduya keçib. Ukrayna da hansısa formada bu tip orduya keçməyə çalışır. Keçmiş sosialist respublikalarından Çexiya da bu tipli orduya keçib. Lakin bu, o demək deyil ki, çağırışçılar hərbi xidmət keçməsin. Çağırışçılar da xidmət etməlidir. Onlar bir il, 18 ay ərzində hərbi təlim keçməlidirlər. Daha sonra onların içindən könüllülk əsasında müqavilə ilə çalışmaq istəyən şəxsləri orduda saxlamaq olar. Amma hazırda mövcud qanunvericilik buna imkan vermir".