Səlim Müslümov yaralı hərbçilərə baş çəkdi

Səlim Müslümov yaralı hərbçilərə baş çəkdi

8 Aprel 2016 18:07
Bəyəndim (0) Bəyənmədim (0)

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısının alınması zamanı yaralanan və hazırda Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbiçilərlə görüşüb.

ƏƏSMN-nin mətbuat xidmətindən verilən məlumata görə, hərbi qulluqçular onların səhhəti ilə maraqlanan S.Müslümova aparılan müalicə işi nəticəsində sağlamlıqlarının tədricən yaxşılaşmaqda olduğunu, sağaldıqdan sonra da yenidən hərbi hissələrinə qayıdaraq, Vətənə şərəfli xidmətlərini davam etdirəcəklərini deyiblər. Nazir göstərdikləri qəhrəmanlığa görə onlara minnətdarlığını bildirib :"Azərbaycan Ordusu, o cümlədən siz hərbçilərimiz düşmənin ölkəmizə silahlı təxribatı zamanı əsl rəşadət, qəhrəmanlıq nümayiş etdirdiniz, nəinki bu təxribatın qarşısını məharətlə aldınız, hətta işğal altında olan və hərbi baxımdan strateji əhəmiyyətli bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini işğaldan azad etdiniz. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun nə qədər gücləndiyini və bu gün Vətənimizin işğal altında olan hissəsini qısa bir müddətdə işğaldan azad etməyə qadir qüdrətli bir ordu olduğunu Siz yüksək səviyyədə sübut etdiniz. Buna görə də biz sizlərə minnətdarıq və hər birimiz sizinlə, bütün qəhrəman Azərbaycan hərbiçiləri ilə fəxr edirik. Vətənin müdafiəsində qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəlmiş igid Azərbaycan övladlarının ruhu qarşısında isə baş əyirik".

S.Müslümov prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yaralı hərbçilərimizin zəruri sosial müdafiə və bərpa xidmətləri ilə təmin olunacaqlarını diqqətə çatdırıb. Daha sonra nazirlik tərəfindən müvafiq reabilitasiya vasitələri, o cümlədən əlil arabaları, dirsəkaltı ağaclar, əsalar və s. hospitala təqdim edilib. Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin müvafiq hallarda yaralı hərbiçilərin dayaq-hərəkət funksiyalarının bərpası üçün onların protez-ortopedik məmulatlarla təmin etməyə hazır olduğu qeyd olunub.

S.Müslümov sonda yaralı hərbiçilərimizin tezliklə şəfa taparaq sağalacaqlarına əminliyini ifadə edib.

PrevNext


Mediainfo.az