"Oğlum qabaqda döyüşür, onu qoyub getmərəm, qalib gələcəyik" - Cəbhədən reportaj (VİDEO)
Ötən gün də cəbhədə hərarət pik həddə olub.
TTV (Region TV) xəbər verir ki, Azərbaycanın rəşadətli ordusu tərəfindən ermənilərin bütün təxribatlarının qarşısı uğurla alınıb. Və alınan təkcə bu deyil. Əks-həmlə əməliyyatları zamanı isə hərbçilərimiz daha bir neçə strateji yüksəkliyi düşmənin işğalından azad edib.
Artıq dördüncü gündür ki, erməni hərbi birləşmələri Tərtərin cəbhəyanı kəndlərini intensiv atəşə tutur. Ötən gün düşmən tərəfinin atdığı top mərmisi rayonun mərkəzinə düşüb. Nəticədə Həzi Aslanov prospektində yaşayış evi yararsız vəziyyətə gəlib. Düşmənin ağır artilleriyadan istifadə edərək dinc sakinləri hədəf alması onların iç üzünü bir daha ortaya çıxarıb. Tərtərin Düyərli kəndindəki yaşayış mənzillərindən birinə düşən ağır artilleriya mərmisi mənzili yerlə bir edib. Nəticədə evin xanımı 32 yaşlı Əliyeva Mehparə Vəli qızı və onun qonşusu 40 yaşlı Ağayeva Kəmalə Əjdər qızı yaralanıb. Onlar dərhal Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin sözlərinə görə, hazıra Mehparə Əliyevanın vəziyyəti ağırdır.
Ümumilikdə erməni hərbi birləşmələrinin təxribatı nəticəsində Tərtərdə 162 ev dağıdılıb, onlardan 95-i tamamilə yararsız hala salınıb. 6 mülki şəxs düşmənin atdığı mərmidən xəsarət alıb. Onlardan biri dünyasını dəyişib. Erməni hərbçiləri vəziyyətdən sui-istifadə edərək Ağdərə istiqamətində mövqelərimizə qarşı hücuma keçib. Ordumuz onların nəinki qarşısını alıb, hətta əks-həmlə əməliyyatı zamanı Keçəltəpə yüksəkliyini də işğaldan azad edib.
Gərginlik Ağdam rayonunda yaşanıb. Rayonun Xındırıstan Əhmədağalı və Sarıcalılar kəndi davamlı düşmən atəşinə məruz qalıb. Xüsusi ilə gecə saatlarında aktivləşən düşmən mövqeləri dəqiq koordinasiya ilə tək atəşlə məhv edilib. Gecə yarıdan keçməsinə baxmayaraq kənddə mağazalar da işləyir. Bir sözlə, kənddə həyat öz axarı ilə davam edir. Səhər saatlarınadək düşmən silahlıları ağır artilleriyadan kəndləri intensiv atəşə tutub. Milli Ordumuzun layiqli cavabı düşmənə iki artilleriya qurğusunun itkisi bahasına başa gəlib.
Mediainfo.az