Ümumerməni Katolikosunun dəhşətli maliyyə fırıldaqları

Ümumerməni Katolikosunun dəhşətli maliyyə fırıldaqları

26 İyul 2011 12:10
Bəyəndim (0) Bəyənmədim (0)
Qədim kilsə dağılır, dini rəhbərlər isə ciblərini doldurmaqla məşğuldurlar

Ermənistanın ali dini lideri Ümumerməni Katolikosu II Qaregin ətrafında söz-söhbətlər səngimək bilmir. Son günlər onun gürcü həmkarı ilə görüşü zamanı işlətdiyi xoşagəlməz ifadələr, qaba hərəkətlər hələ də cəmiyyətdə geniş müzakirə olunur. Artıq Ermənistan ictimaiyyətində bu şəxsə qarşı inamsızlıq, ikrah hissi oyanmaqdadır. Sadə vətəndaşlar, o cümlədən ziyalılar II Qareginin fəaliyyətini qənaətbəxş hesab etmirlər, hətta bəzi hallarda onu şəxsi mənafeyini ümumi maraqlardan üstün tutmaqda ittiham edirlər. Tədqiqatçı jurnalistlər isə daha da irəli gedərək "Eçmiədzin" rəhbərini maliyyə fırıldaqlarında və mafioz işlər görməkdə suçlayırlar. Bugünkü məqalədə məhz bu barədə söhbət açacağıq.

Ermənistanın ərazisində X əsrə aid olan, UNESCO-nun mədəni irsinə daxil edilmiş Sanain adlı tarixi kilsə mövcuddur. Bu kilsə illərdən bəri baxımsızlıq ucbatından dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. Damında dörd bir tərəfdən müxtəlif bitkilər bitib, bina nəmişlikdən çatlayıb. Ölkənin baş naziri adıçəkilən kilsəni əsaslı təmir edəcəkləri barədə vəd verib, ancaq bu günədək vəziyyət dəyişməz olaraq qalır. Erməni mədəni irsinin tədqiqatçısı tarixçi Samvel Karapetyan mövcud problemi Bütün Ermənilərin Katolikosu qarşısında qaldırsa da, II Qaregindən gözlənilməz cavab alıb. Belə ki, dini rəhbər dağlarda, mürəkkəb coğrafi ərazilərdə yerləşən monastırların, kilsələrin və digər dini obyektlərin "Eçmiədzin"i maraqlandırmadığını deyib. Cavab ilk baxışdan sadə görünsə də, əslində, özündə dini dəyərlərə, tarixə, mədəni isə və xalqa xəyanəti ehtiva edir. Halbuki, son zamanlar Yerevan şəhərində və digər böyük şəhərlərdə heç bir tarixi dəyərə malik olmayan yeni dini binalar tikilir və ya təmir olunur. Katolikosun Yerevan şəhərində inşa olunan dəbdəbəli iqamətgahı da onlardan biridir.

Ermənistanın "Susmayacağıq" adlı gənclər hərəkatı mövcud problemi ürək ağrısı ilə qabartmağa çalışır. Onların bu yöndə apardıqları araşdırmalar bəzi həqiqətlərə aydınlıq gətirib. Məlum olub ki, təkcə bu il mərkəzi kilsə "Toyota" şirkətinin Yerevan ofisindən ümumi dəyəri 309.000 ABŞ dolları olan 7 ədəd avtomobil alıb.

Hər biri 26.500$ olan 4 ədəd Toyota Corolla 1.6, mikroavtobus Toyota HiAce (56.000$), Toyota Camry 3.5 (52.000$), Toyota Land Cruiser 200 4.7 ($95.000) heç bir əsas göstərilmədən mərkəzi kilsə tərəfindən əldə edilib. Bundan əvvəl də "Eçmiədzin" bu cür əməliyyatlar aparıb. Lakin jurnalist araşdırmasına maneələr törədildiyindən avtomobillərin ümumi sayını müəyyən etmək mümkün olmayıb. Onu da qeyd edək ki, mərkəzi kilsə bir çox vergilərdən azad olduğu üçün aparılmış əməliyyatlar zamanı dövlət büdcəsinə ƏDV ödənilməyib.

Maraqlıdır ki, bu günlərdə Ümumerməni Kilsəsinin mətbuat-dəftərxana xidmətinin rəisi keşiş Vaqram Melikyan Sanain kilsəsindəki vəziyyətə toxunarkən mərkəzin maliyyə vəsaitinin olmadığını bir daha vurğulayıb. O deyib: "Acınacaqlı durumda olan Sanain kilsəsinin əsaslı təmirinə pulumuz yoxdur. Biz ancaq xeyriyyəçilərin ianələrindən asılıyıq".

Təbii ki, rəsmi "Eçmiədzin"in səmimiyyətinə inanmaq olmur. Belə ki, mərkəzi kilsənin maliyyə hesabatları heç bir yerdə işıqlandırılmır və son dərəcə məxfi saxlanılır. Bununla belə, kilsə əməkdaşlarının dəbdəbəli həyat tərzi bir çox mətləblərə aydınlıq gətirir. Digər tərəfdən, tikilən villalar, kilsə ehtiyacları üçün alınıb başqa məqsədlərdə istifadə edilən geniş ərazilər, balansdan silinərək özəlləşdirilən və ya satışa çıxarılan bahalı avtomobillər onu deməyə əsas verir ki, Bütün Ermənilərinin Mərkəzi dini ocağı sayılan "Eçmiədzin" kilsəsi nəinki öz xalqına, hətta dini dəyərlərə və Tanrıya qarşı asi çıxır. Xalq dözə və ya bağışlaya bilər, amma hamı üçün tək olan Tanrı xəyanəti sevmir!

Erməni kimdir? Tarixə, maddi-mənəvi dəyərlərə, mədəni irsə biganə olan "ziyalı". Xalqın sözünü eşitmək istəməyən məmur. Fırıldaqları, yalanları həyat tərzinə çevirmiş riyakar. Dini şəxsi məqsədləri üçün istifadə edən dindar. Ən nəhayət, tək olan Tanrının qəzəbindən qorxmayan kafir. Dinindən, irqindən, millətindən, sosial mənsubiyyətindən asılı olmayaraq bu tip insanlar hər yerdə erməni sayılmalıdır...

Qeyd: Şəkildə gördüyünüz kollaj Ermənistanın "Susmayacağıq" adlı gənclər hərəkatı tərəfindən hazırlanmış, Facebook sosial şəbəkəsinə yerləşdirilmişdir.

Natiq Qocaman

O.M.