İrəvan qədim Azərbaycan torpağıdır

İrəvan qədim Azərbaycan torpağıdır

25 İyul 2011 16:21
Bəyəndim (0) Bəyənmədim (0)
Tarixin şanlı salnaməsini yazmaq üçün bu səhifəni oxumalıyıq

TARİXİ ÇIXIŞ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 oktyabr 2010-cu ildə Yevlax səfəri zamanı səsləndirdiyi fikirlər bu gün də hər bir azərbaycanlının hafizəsindədir. O, tarixi həqiqətlərə söykənən nitqində bir daha sübut etdi ki, istər indiki Ermənistan Respublikasının ərazisi, istərsə də Dağlıq Qarabağ tarix boyu Azərbaycan torpaqlarının tərkib hissəsi olmuşdur. Ölkə prezidentinin çıxışını izləmək imkanı olmayanlara onun nitqindən bəzi məqamları təqdim edirik: "... Mən dəfələrlə demişəm ki, bugünkü Ermənistan, xəritədə Ermənistan Respublikası adlanan ərazi qədim Azərbaycan torpaqlarıdır. Bu, həqiqətdir. Əlbəttə, Zəngəzur, İrəvan xanlığı bizim torpaqlardır. Azərbaycanlılar orada əsrlərlə yaşamışlar. Ermənilər müəyyən bölgələrdə yaşayırdılar. Ancaq XIX əsrdə onların kütləvi köçü baş verdi. Necə ola bilər ki, 1918-ci ildə İrəvanın Ermənistanın paytaxtı elan edilməsi Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə baş verib? Əgər o bölgələr "böyük Ermənistana" aid idisə, onda nə üçün bizdən icazə istəyirdilər?.. Əlbəttə, Qarabağ tarixi Azərbaycan torpağıdır. Erməni dilində Qarabağ sözü varmı? Yox. Xankəndi şəhəri o vaxt, sovetlər dövründə Stepanakert adlandırılıb. Stepanakert adı haradan götürülüb? Bu ad Stepan Şaumyanın adından götürülüb. Əgər bu şəhərin ermənilərlə bağlı tarixi keçmişi var idisə, onda onlar bu adı verərdilərmi? Onun tarixi adı Xankəndidir. Budur reallıq. Bizim uşaqlar bütün bunları bilməlidir. Bilməlidirlər ki, indiki Ermənistan tarixi Azərbaycan torpaqlarında yerləşir. Hələ bu azmış kimi, onlar bizim ərazilərdə ikinci dövlətlərini yaratmaq istəyirlər. Biz buna heç vaxt razılıq verə bilmərik və biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. İstənilən yolla. Mən buna şübhə etmirəm."

Dövlət başçımızın ibrətamiz sözləri bir ziyalı kimi bizləri də düşünməyə vadar etdi. Qərara aldıq ki, tarixi araşdırmalar nəticəsində bu həqiqətləri bir daha üzə çıxaraq və sizlərə təqdim edək. Odur ki, bugünkü məqaləni İrəvanın tarixinə həsr edəcəyik. Qoy hər kəs qədim torpaqlarımızın tarixini bilsin və həqiqətləri mənimsəyərək gələcək nəsillərə ötürsün. Onda gec-tez haqq-ədalət bərpa olunacaq.

İRƏVAN QALASININ TARİXİ

Əvvəla onu qeyd edək ki, ötən əsrin ortalarınadək SSRİ-də heç kim Yerevan şəhərinin dəqiq yaşını bilmirdi. Erməni alimləri bu şəhərin tarixini daha da "qədimləşdirərək" onun erməni keçmişini axtarmağa çalışırdılar. Lakin istənilən halda elmə söykənməyən cəhdlər nəticəsiz qalırdı. Belə ki, İrəvan (qeyd: indiki Yerevan) XVI əsrin əvvəllərində Səfəvi imperiyası tərəfindən müdafiə qalası qismində Osmanlı ilə sərhəddə inşa edilmişdir. Osmanlıların şərqə hücumunun qarşısını almaq üçün I Şah İsmayıl Səfəvi (qeyd: Xətai) 1515-ci ildə Zəngi çayının üzərində qala tikilməsini əmr etmişdi. İnşaat işləri vəzir Rəvanqulu xana həvalə olundu. Buradan da qalanın adı yarandı - Rəvan qala. Sonralar Rəvan qala Rəvan şəhərinə çevrildi və daha sonra İrəvan adını aldı. Səfəvi imperiyasının zəifləməsindən sonra iyirmidən artıq müstəqil Azərbaycan xanlıqları yarandı. Onlardan biri də İrəvan xanlığı idi. Hansı ki, XIX əsr rus işğalına qədər mövcud oldu. Nəzərinizə çatdıraq ki, bu danılmaz fakt bütün dünya tarixi ədəbiyyatlarına məlumdur.

TARİXİ SAXTALAŞDIRMA

1950-ci ildə Sevan (qeyd: Göyçə) gölünün ətrafında tapılmış qədim yazının oxunması zamanı ermənilərin əlinə yeni bir fürsət düşdü. Belə ki, həmin ərazidə Urartu dövlətinə aid eramızdan əvvəl 782-ci ildə mövcud olmuş Erebuni adlı qalanın mövcud olduğu üzə çıxdı. Yazıda 3 hərf qeyd olunurdu "RBN" (qeyd: qədim zamanlarda sait hərflər yox idi). Ermənistan SSR-in ziyalıları dərhal 1968-ci ildə Yerevan şəhərinin 2750 illik tarixə malik olduğunu bildirərək, bunun şərəfinə silsilə bayram tədbirləri həyata keçirdilər. Halbuki Urartu erməni dövləti deyildi və yazılar indiki Yerevanın ərazisindən yüzlərlə kilometr uzaqda, Sevan (qeyd: Göyçə) gölünün ətrafında tapılmışdı. Həm də Erebuni sözü nə qədim, nə də müasir erməni dilində heç bir məna vermirdi. Qədim alban tayfalarının dilində isə "ər evi, əsgərlər evi" mənasını daşıyırdı. Digər tərəfdən, əgər ermənilər indiki "paytaxtlarının" bu qədər qədim tarixə malik olduğunu bilsəydilər, təbii ki, bu, onların tarixində, yaddaşında qalardı və keçmişdən indiyədək hər il şəhərin yaş gününü qeyd edərdilər. Deməli, Yerevanın qədim alban şəhəri Erebuni olması tarixi saxtalaşdırmadan başqa bir şey deyildir. O ki qaldı müasir Yerevanın ərazisinə, Urartu salnamələrində oranın adı Quarliki kimi qeyd olunurdu. Bu isə çuxur-sədd mənasını verir. Erməni tarixçiləri həmin ərazilərin "çuxur-sakat" adlandığını iddia edirlər. Hətta onların dediklərinə inansaq belə, "sakat" qədim sak tayfalarının adı ilə bağlıdır, "çuxur" isə türk sözü olan çökək yer mənasını verir. Bu da sak tayfalarının türk mənşəli olduğunu bir daha sübuta yetirir.

HƏQİQİ TARİX

Yesseyan və Poqrebov adlı arxeoloqlar Cənubi Qafqaz, eləcə də indiki Ermənistan ərazilərində skif, sak mədəniyyət abidələrinin qalıqlarını tapmışlar və gəldikləri nəticələrə uyğun ümumi xəritə tərtib etmişlər. Bu xəritədə göstərilən nöqtələrin hamısı Dədə-Qorqud boylarında adı keçən coğrafi ərazilərin adını əhatə edir. Demək, Dədə Qorqud Oğuznamələri o zamanlar oğuz tayfaları olan sakların içində yaranıb.

Hələ 1906-cı və 1932-ci illərdə Göyçənin iki kəndində qəribə bir kitabə tapılmışdı. Tarixçilər onun Ərməniyyə ərazisində mövcud olmuş Aramey əlifbası ilə yazıldığını və Artaşaxse adlı canişinə aid olduğunu müəyyən etdilər. Lakin yazı erməni arxeoloqlarının, xəttatlarının cidd-cəhdlərinə baxmayaraq, hay (qeyd: erməni) dilində heç bir məna vermədi. Çoxlarının düşündüyü kimi, heç fars dilində də anlam kəsb etmədi. Lakin son dövrün araşdırmaları göstərdi ki, həmin yazı qədim türk tayfalarının birinin dili ilə yazılıb və eynən bu cür səslənir: "Artaşaxse Məliy biləyi Yeritir, bunda Qonğuldu". Göründüyü kimi, bu fakt da həmin torpaqların qədim türklərə aid olduğunu və yazının məhz bu dildə yazıldığını bir daha sübuta yetirdi. Xatırladaq ki, Ərməniyyə və ya Ermənistan sözləri indiki ermənilərlə (qeyd: haylarla) heç bir əlaqəsi olmayan coğrafi ərazi anlamını daşıyır və ərlər məkanı mənasını verir. Haylar özləri də özlərini erməni deyil, hay adlandırırlar, indiki "vətənlərini" isə Hayastan.

TARİXİ XATIRLATMA

Qədim əlifbaları və xəttatlığı araşdıran dünyaca tanınmış alimlər Q.Sevak və D.A.Olderoqqe qədim erməni əlifbasını təhlil edərkən ümumi bir nəticəyə gəlmişlər. Onlar sübut etmişlər ki, bu əlifba cənubi-yəhudi mənşəlidir və demək olar ki, Efiopiya yazı sistemi ilə eynidir. Rus alimi İ.M.Dyakonovun fikrincə isə erməni dili Hind-avropa dillər qrupuna aiddir. Onu Qafqazda mövcud olmuş heç bir dil qrupuna aid etmək olmaz. Erməni alimləri də öz elmi araşdırmalarında buna bənzər fikirləri təsdiq edirlər. Məsələn, tanınmış erməni alimi M.Abeqyan yazır: "Hələ Herodotun dövründə, bizim eradan əvvəl 5-ci əsrdə dəqiq bilirdilər ki, ermənilər sonrakı ərazilərinə qərbdən gəlmişlər."

TARİX ERMƏNİ ALİMİNİN DİLİ İLƏ

Araşdırmamızı davam etdirməzdən əvvəl bir həqiqəti də xatırladaq ki, İrəvan şəhəri yarandığı gündən bəri rus-erməni işğalına məruz qalanadək daim azəri türkləri tərəfindən idarə olunub. Başqa sözlə desək, tarixin heç bir mərhələsində bu qalanı, şəhəri və xanlığı ermənilər və ya başqa millətlərin nümayəndələri idarə etməyiblər. Fikrimizcə, bu danılmaz fakt da müasir Yerevanın əzəli Azərbaycan torpağı olduğuna növbəti sübutdur. Əhalinin xronoloji statistikası da dediklərimizi təsdiqləyir. Belə ki, ABŞ-ın Kolumbiya Universitetinin erməni mənşəli tarixçi-professoru Gevork Burnutyan "Zaqafqaziya: millətçilik və sosial dəyişikliklər" kitabında yazır: "Ruslar Şərqi Ermənistanı (qeyd: indiki İrəvan və Naxçıvan ərazilərini) tutduqdan sonra yaydıqları rəsmi statistik məlumata görə, bu ərazilərdə müsəlman əhali 80 faizi ötdüyü halda, ermənilərin sayı güc-bəla ilə 20 faizə çatırdı. İstənilən halda, rusların gəlişindən qabaq ermənilər buralarda heç zaman çoxluqda olmayıblar."

TARİXİ REALLIQ

1673-cü ildə İrəvanda olmuş Jan Şardel yol qeydlərində yazırdı: "Şəhər torpaqlarını cənub-qərbdən axan Qırxbulaq və şimal-qərbdən axan Zəngi çayları suvarır. Sərdarın sarayı çox gözəl, möhtəşəm bir imarətdir. Min addım o yanda bir qala bürcü ucalır, ona burada "Keçi qalası" deyirlər."

Göründüyü kimi, İrəvan şəhərinin toponim adları türk kəlmələrini özündə əks etdirir. Bu adlara diqqət yetirsək görərik ki, onların heç biri əcnəbilərə, o cümlədən ermənilərə (qeyd: haylara) aid deyil: Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dəmirbulaq, Bağçalar, Yoncalıq, Börkçülər (qeyd: bunlar məhəllələrdir), Culfa, Sərdar, Sulu, Tağlı, Susuz, Hacı Əli (qeyd: bunlar karvansaralardır), Dəmirbulaq, Qırxbulaq, Dəlməbulaq, Sərdar (qeyd: bunlar bulaqlardır), Gedərsay, Qırxbulaq, Zəngi (qeyd: bunlar çaylardır), Dərə, Dəlmə, Dəmirbulaq, Dərəkənd, Şəhər və Abbas (qeyd: bunlar bağlardır), Məscid, Zal Xan, Fəhlə, Böyük, Şəhər (qeyd: bunlar meydanlardır), Göy, Qala, Hacı bəyin, Zal Xan, Günlüklü, Günbəzli, Şəhər, Novruzəli, Hüseynəli (qeyd: bunlar məscidlərdir), Qanlıtəpə, Üçtəpə, Qızıl təpə kimi məkan adları İrəvanın tarixən kimə məxsus olduğunu bir daha sübuta yetirir. Hətta ermənilərin nisbətən sıx yaşadıqları ərazidə yerləşən ümumerməni ruhani mərkəzi "Eçmiədzin" kilsəsi də türk mənşəli sözdən götürülüb. Belə ki, bir zamanlar həmin kilsənin ətrafında üç məscid minarəsi ucalırdı ki, oradan mütəmadi olaraq üç müəzzin dini ayinlərini həyata keçirirdi. Elə mərkəzi erməni kilsəsinin adı da buradan götürülmüşdür.

SON SÖZ ƏVƏZİ

Bəli, Azərbaycan Demokratik Respublikasının razılığı ilə qədim türk məkanında erməni dövləti yarandı və paytaxtı İrəvan şəhəri elan edildi. Biz buna görə babalarımızı qınaya bilmərik. Belə ki, həmin addım atılmayacağı təqdirdə, ümumən Azərbaycan Respublikasının varlığı sual altına alına bilərdi. Necə deyərlər, biz pislə daha pis arasında birincini seçmək məcburiyyətində qaldıq. Amma bu, o demək deyil ki, daim imperialist qüvvələrin məngənəsində qalan Azərbaycan tarixini unutmalı və əzəli-əbədi torpaqlarına sahib çıxmamalıdır. Bu gün Azərbaycan müstəqildir və regionda ən inkişaf etmiş ölkə səviyyəsinədək yüksəlmişdir. Artıq imperiyalar bizi deyil, biz onları idarə etmək iqtidarındayıq. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin qarantı olması buna bariz nümunədir. Artıq hər bir azərbaycanlı dövlət başçısının cəsarətli siyasətindən ilham alaraq, inkarolunmaz həqiqətləri rəhbər tutaraq tarixi ədaləti bərpa etmək əzmində və yolundadır. Bu rəşadətli yol ilk növbədə Qarabağdan, sonra isə İrəvandan, Cənubi Azərbaycandan, Borçalıdan və Şimali Qafqazdan keçir. Yolun açıq olsun, Azərbaycan!

Natiq Qocaman

O.M.