Robert Koçaryan Ermənistanın məhv olacağını bildirdi

Robert Koçaryan Ermənistanın məhv olacağını bildirdi

7 Oktyabr 2015 13:05
Bəyəndim (0) Bəyənmədim (0)
Ermənistanın sabiq prezidenti: “Böyük səhvə yol verilir, nəticələri isə Ermənistan üçün olduqca təhlükəlidir”

Ermənistanın sabiq prezidenti gözlənilən konstitusiya islahatlarının ölkəsini məhvə aparacağını bəyan edib. Tert.am-ın http://2rd.am-a istinadən yaydığı məlumata görə, sabiq prezident müsahibəsində Ermənistanda həyata keçiriləcək konstitusiya islahatları məsələsinə geniş toxunub. O, artıq parlamentdə ratifikasiya olunan mövcud islahatlar layihəsini kəskin tənqid edərək, bunu ölkəsi üçün yanlış addım adlandırıb. "Mənim fikrim dəyişməz olaraq qalır. Heç bir konstitusiya islahatına, radikal dəyişikliyə ehtiyac yoxdur. Dərc olunmuş layihə mənim ən bədbin proqnozlarımı da üstələyir. Məsələ yarı-prezident və ya parlament idarə üsulundan getmir. Konstitusiya layihəsi defakto birpartiyalı idarə üsuluna gətirib çıxaracaq ki, bu da siyasi monopoliya və durğunluğa səbəb olacaq. Sovet konstitusiyasında çoxlu gəlişigözəl sözlər var idi, halbuki 6-ci maddə kommunistlərin birmənalı şəkildə monopoliyasını təmin edirdi. SSRİ-nin axırı necə oldu – hamıya bəllidir. İndiki halda da insan hüquqları və sosial məsələlər barədə təqdim olunan müddəalar əslində kamuflyaj xarakterlidir, əsl məqsədi gizlətməyə xidmət edir. Layihədə təqdim olunan 89-cu maddə bir partiyanın parlamentdə və ümumən idarə üsulunda üstünlüyünü təmin edir. Bu, iqtidar partiyasının bütün maliyyə və inzibati resurslara malik olması ilə nəticələnəcək. Ermənistanda hətta partiyalar daxilində demokratiya olmadığından mövcud qanun layihəsi ölkəni uzun illər zülmə məhkum edəcək ki, bu da son nəticədə durğunluğa və xoşagəlməz tendensiyaların vüsət almasına gətirib çıxaracaq. Beləliklə, siyasi monopoliya konstitusiya normasına çevriləcək", - deyə ictimaiyyətə açıqlama verən sabiq prezident ölkəsinin gələcəyi haqda bədbin danışdı: "Böyük səhvə yol verilir, nəticələri isə Ermənistan üçün olduqca təhlükəlidir. Mən ölkəmin gələcəyini bu cür görmək istəməzdim".

Mediainfo.az