Serj Sarkisyan qorxudan öz fikirlərini təkzib edir

Serj Sarkisyan qorxudan öz fikirlərini təkzib edir

14 İyul 2011 11:16
Bəyəndim (0) Bəyənmədim (0)
Ermənistan prezidentinin təzadlı çıxışları

Qarabağ münaqişəsinin həlli üzrə sonuncu Kazan görüşü uğursuzluğa düçar olduqdan sonra Ermənistan cəmiyyəti adından prezident Serj Sarkisyan təzadlı bəyanatlar verməyə başlayıb. O rəqibinə, yəni Azərbaycan tərəfə sərt mesajlar göndərməkdədir. Ermənistan prezidentinin 9 iyul günü gənc zabitlərin birinci iclasında dediyi sözlər buna bariz nümunədir. Prezident hərbçilər qarşısında deyib: "Qarabağ müharibəsi yenidən başlayarsa, erməni tərəfi daha güclü olacaq, qələbə çalacaq, çünki əsgərimiz öz evini qurumalı olacaq. Sonuncu müharibədə erməni hərbçisinin əli ilə düşmənin bütün istehkamları ələ keçirildi. Bizim gücümüz qarşı tərəfin sıralarında təşviş və təəssüf hissi yaratdı. Bəli, biz uzun müddətli, ağır və qeyri-bərabər döyüşlərdə qalib gəldik. Bəziləri qeyri bərabər döyüşlər deyəndə çoxlu pulu, texnikası və canlı qüvvəsi olan Azərbaycanı nəzərdə tutur. Bu bir həqiqətdir. Ancaq mənə elə gəlir ki, qeyri bərabər müharibədə güclü zəifə qarşı vuruşurdu və güclü tərəf biz idik."

Xatırladaq ki, adıçəkilən görüşdə Serj Sarkisyan hisslərinə qapılaraq arzularını həqiqət kimi qələmə verməyə çalışdı. Lakin bu yerdə 22 iyun günü prezidentin AŞPA-dakı çıxışını yada salmaq yerinə düşərdi. Serj Sarkisyan Qarabağ münaqişəsi ətrafında aparılan danışıqların son vəziyyətinə toxunarkən deyib: "Biz məsələnin kompromislər yolu ilə həllinə çalışırıq. Hərbi qarşıdurma bərpa olunarsa, Azərbaycan üstünlük qazana biləcək. Çünki onlar öz xalqını hər zaman müharibəyə hazırlaşdırırlar."

Bu yerdə haqlı olaraq bir sual meydana çıxır. Erməni kimdir? Öz xalqına bir söz deyib, dünya ictimaiyyətinə həqiqəti söyləyən prezident. Qorxudan öz fikirlərini təkzib edən dövlət başçısı. Ən nəhayət, açıq qarşıdurmadan ehtiyat edən ali baş komandan...

Natiq Qocaman

O.M.