"Bizim ölkə damla-damla qanı sızan orqanizmə bənzəyir"

"Bizim ölkə damla-damla qanı sızan orqanizmə bənzəyir"

5 İyul 2011 13:08
Bəyəndim (0) Bəyənmədim (0)
Ermənilər ölkələrini vətən hesab etmirlər

Ermənistan respublikası anbaan boşalır. Bəli, səhv duymadınız. Hətta siz bu məqaləni oxuyan zaman da kimlərsə bataqlığa çevrilmiş Ermənistana "əlvida" deyir. Onların sayı az deyil. Rəsmi statistik məlumata görə, bu ölkənin insanları xoş güzəran axtarışında başqa dövlətlərdə sığınacaq tapmağa çalışırlar. Artıq erməni cəmiyyəti və ziyalıları həyəcan təbili çalmağa başlayıblar. Belə ki, Qarabağ münaqişəsi başlayandan bu günə kimi Ermənistanın və Dağlıq Qarabağın ümumi əhalisi artmaq əvəzinə təxminən iki dəfə azalıb. Mövzunun aktuallığını nəzərə alaraq, son dövrün hadisələrini sizlərə təqdim edirik. Ermənistanın "Hetqonline" saytının məqaləsində bu barədə yazılır:

- Erməni ziyalıları ölkədən gedən emiqrantların sayının durmadan artmasından narahatdırlar. Onlar bu halı iqtisadi və milli fəlakət adlandırırlar. Bu günlərdə bir qrup ziyalı Ermənistan Milli Məclisinə və Nazirlər Kabinetinə real faktları əks etdirən rəsmi məktubla müraciət edib. Məktubda yazılır: "Rəsmi statistikaya baxmayaraq, ölkə əhalisinin sayı hiss olunacaq qədər azalmışdır. Bu zaman kəndlilərin aldıqları yüksək məbləğli kreditlərə diqqət yetirmək lazımdır. Onlar kreditləri kənd təsərrüfatına yönəltmək əvəzinə əcnəbi ölkələrə işləməyə getmək üçün yolpulu edirlər. Üzdə biznes-kredit görüntüsü yaransa da, əslində, emiqrasiya stimullaşdırılır".

Ziyalıların nümayəndələri Milli Məclis sədrinə təklif edirlər ki, mövzu ilə bağlı məsul şəxslərin və ziyalıların iştirakı ilə təcili surətdə dinləmələr keçirsin. Baş nazirə isə tövsiyə olunur ki, qısa müddət ərzində Ermənistanın demoqrafik vəziyyətinin yaxşılaşdırılması üçün təxirəsalınmaz tədbirlər planı hazırlanaraq ictimaiyyətə və parlamentin müzakirəsinə çıxarılsın.

Etnoqraf Qranuş Xaratyanın fikrincə, vətənpərvərlik hissi adlandırılan məfhum insanların köç etmələrinə artıq heç bir maneə yaratmır: "Hansı vətənpərvərlikdən danışmaq olar, əgər insan öz vətənində deqradasiyaya uğrayaraq sosiallaşa bilmirsə? Biz çox vaxt belə bir ifadə ilə rastlaşırıq: "bu mənim vətənim deyil", "mənim uşağım orduda öldü, amma onlarınkı evdə oturub", "mənim uşağım iş tapa bilmir, amma onların övladlarının böyük biznesləri var".. Məhz "mənimki" və "onunku" ayırımı onu deməyə əsas verir ki, vətəndaş bu ölkəni öz vətəni hesab edə bilmir", - deyə etnoqraf bildirdi.

İqtisad elmləri doktoru, professor Tatul Manaseryan isə problemə fərqli müstəvidən yanaşır: "Emiqrasiya təkcə fərdi və vətəndaş xarakteri daşımır, o həm də iqtisadi xarakterə malikdir. Əhalinin emiqrasiyası ən böyük itkidir. Ona görə ki, bu gün kapital emiqrasiya edir. Biznesmenlər sərmayələrini ölkədən çıxarırlar, kiçik iş adamları isə fəaliyyətlərini əcnəbi ölkələrdə qururlar".

Ziyalılar qrupu hökumətə və parlamentə ünvanladıqları məktubda həmçinin emiqrasiyanın səbəblərinə aydınlıq gətiriblər. Onların yekdil fikrincə, kütləvi köçün səbəbi kasıbçılıq deyil, idarəçilik sistemindəki problemlər və mənəvi-psixoloji mühitin pisləşməsidir. Ermənistan rəhbərləri iş qabiliyyəti olan vətəndaşların öz ölkələrində intellektual və fiziki imkanlarının reallaşdırılması üçün şərait yarada bilmirlər. Sosial cəhətdən təbəqələnmiş cəmiyyətdə vətəndaş oliqarxların və dövlət məmurlarının özbaşınalığı qarşısında özünü müdafiəsiz hiss edir.

Filologiya elmləri doktoru, professor Azad Yegizaryan isə problemin son həddə olduğunu qeyd edərək bildirir: "Mən Kəvərdənəm. Bir vaxtlar bizim şəhər fəal idi. İndi ora gələnlər deyir ki, bu şəhərdə uşaq yoxdur. Bizim ölkə damla-damla qanı sızan orqanizmə bənzəyir".

Onu da qeyd edək ki, mətbuat konfransının iştirakçıları məktublarına müsbət cavab alacaqlarına ümid bəsləmirlər. Bununla belə bir ziyalı kimi səssiz qala bilmirlər.

Problemin aktuallığını nəzərə alan digər erməni mətbu orqanı "A1+" yazır:

- Ermənistan Milli Məclisinin "Miras" fraksiyasının üzvü deputat Anait Baxşyan bu ölkənin baş nazirinə sorğu göndərmişdir. Sorğuya səbəb Qafan şəhərinin 13 saylı məktəbində rus bölməsinin açılmasıdır. Məktubda yazılır: ""Aravot" qəzetinin bugünkü sayından öyrəndim ki, Rusiya Federasiyasının Fövqəladə və Səlahiyyətli səfiri cənab Vyaçeslav Kovalenko ilə Sünik vilayət rəhbərliyi arasında "əməkdaşlığa niyyət haqda protokol" imzalanıb. Bu sənədə əsasən Qafan şəhərinin 13 saylı məktəbinin bazasında rusdilli tədris nəzərdə tutulur. Cənab baş nazir, xahiş edirik, ehtiyatlı olun. Ölkəmizdə emiqrasiyanın miqyası təhlükəli vəziyyət aldığı halda qubernatorlar bunun qarşısını almaq əvəzinə maneələrin qarşısını alırlar, yəni rus dilini bilməyən əhali üçün rusdilli gimnaziyaların açılması üçün protokollar imzalayırlar. Ermənistan Respublikasının "Ümumtəhsil haqda qanunu"nun 7-ci bəndinə əsasən bu cür təhsil müəssisələri yalnız hökumətin razılığı ilə açıla bilər. Bundan başqa, əcnəbi dildə təhsil yalnız özəl məktəblərdə və ya dövlətlərarası razılığa əsasən yaradılmış xüsusi təhsil ocaqlarında aparıla bilər. Xahiş edirəm, mövcud vəziyyəti 10 gün ərzində parlament və hökumət səviyyəsində araşdırın, mövcud qanunvericiliyə uyğun olub-olmadığı barədə ictimaiyyətə məlumat verin".

Son söz əvəzi: Erməni kimdir?

Öz vətəni olmadığı üçün ölkəsini vətən adlandıra bilməyən insan.

Güclülərə boyun əyib zəifləri əzən yırtıcı.

Bir parça çörək üçün dövlətinə tüpürən vətəndaş.

Əhalisinin maariflənməsindən qorxan millət vəkili.

Və ən nəhayət, Ermənistan Respublikasının diaspor naziri Qranuş Akopyanın sözü ilə desək: "Bizim üçün erməni o şəxsdir ki, özünü erməni hiss etsin. Dil, din, yaranma mənbəyi vacib deyil, vacib olan hissiyyatdır. "Erməni kimdir" sualı dəfələrlə müxtəlif ölkələrin tribunalarından səslənib, ona görə də açıqlama vermək gərək idi".

Natiq Qocaman

O.M.