1948-1953-cü illər - deportasiyanın ikinci dalğası

1948-1953-cü illər - deportasiyanın ikinci dalğası

28 İyun 2011 13:00
Bəyəndim (0) Bəyənmədim (0)
"Erməni köçü" Rusiya siyasətinin prioriteti kimi

XATIRLATMA

Ötən məqalələrimizdə azərbaycanlıların dədə-baba torpaqlarından deportasiya edilməsinin üç mərhələdə həyata keçirildiyini qeyd etmişdik: 1905-1920-ci illər, 1948-1953-cü illər, 1988-1992-ci illər. Xəyanətlə müşayiət olunan birinci mərhələnin çoxsaylı insanların qanı bahasına başa gəldiyinin şahidi olmuşduq. Bugünkü məqalədə isə məcburi köçün ikinci - 1948-1953-cü illəri əhatə edən mərhələsini təhlil edəcəyik. İkinci mərhələ birbaşa insanların qətlə yetirilməsi hesabına başa gəlməsə də, məsələni dərindən təhlil etdikdə, onun mahiyyətində mənəvi-fiziki terrorun olduğunu açıq-aydın görə bilərik. Bəli, 1905-1920-ci illərdə İran və Osmanlı imperiyası ərazilərindən, o cümlədən Şimali Afrikadan Cənubi Qafqaza yüz minlərlə erməni ailəsi köçürüldü. Bu, azərbaycanlıların dədə-baba yurdlarından qovulması, toponimlərin adlarının dəyişdirilməsi və Ermənistan respublikası adlı qondarma coğrafi vahidin yaradılması ilə nəticələndi. Daha dəqiq desək, birinci mərhələdə ermənilər Cənubi Qafqaza yerləşdirilərək, onlar üçün yaradılmış inzibati ərazilərdə kök salmağa başladılar.

VƏSİYYƏTƏ ƏMƏL OLUNUR

Cənub sərhədlərini möhkəmləndirməyə çalışan Rusiya imperiyası ermənilərin Qafqaza yerləşdirilməsi siyasətini davam etdirirdi. XX əsrin ortalarında bu dövlət SSRİ adlansa da, I Pyoturun vəsiyyətinə uyğun hərəkət edirdi. Bu yerdə yenidən Rusiya Prezidenti Vladimir Putinin ümumdünya ermənilərinin Moskvadakı qurultayında dediyi sözləri xatırlamaq istərdik. 05.10.2003-cü il tarixində Kremlin qurultaylar sarayında o vaxtkı Rusiya Prezidenti demişdi:

"Sağ olun, hörmətli xanımlar və cənablar! Günaydın, əziz dostlar. "Barevdzes" (ermənicə salam)... Böyük Rusiya islahatçısı çar dahi Pyotr öz qərarlarının birində aşağıdakıları yazmışdır. Maraqlı səslənir: "Erməniləri mümkün qədər tumarlamaq, vəziyyətlərini mərifətli dərəcədə yüngülləşdirmək, daha çox köç etmələri üçün onlarda həvəs yaratmaq lazımdır"... Aradan çox keçmədi, cəmi 300 il. Deyildi, əməl olundu."

Tarixi araşdırmalar və Rusiya Prezidentinin səmimi etirafı onu deməyə əsas verir ki, ermənilərin Cənubi Qafqaza köçürülməsi hər bir dövrdə Rusiya imperiyasının siyasətinin prioritet sahəsi olmuşdur. Məsələyə bu prizmadan nəzər salsaq, görərik ki, deportasiyanın ikinci mərhələsi də təsadüfi addım deyildi və düşünülmüş planın növbəti mərhələsi idi. Odur ki, məcburi köçün növbəti - 1948-1953-cü illər mərhələsini də ümumi kontekstdə təhlil etməyə çalışacağıq. Bəri başdan qeyd edək ki, o vaxtlar SSRİ adlanan Rusiya imperiyasının rəhbəri milliyyətcə gürcü olan İ.V.Stalin idi. Deməli, xaçpərəstlərin Cənubi Qafqazda mövqelərinin gücləndirilməsi həm də gürcülərin maraqlarına xidmət etməli idi.

TƏSİR ƏKS-TƏSİRƏ BƏRABƏRDİR

1945-ci ilin noyabrında Ermənistan Kommunist Partiyasının rəhbərliyi İ.V.Stalinə rəsmi məktubla müraciət edərək, Dağlıq Qarabağ Muxtar Vilayətinin (qeyd: qısaca DQMV) Ermənistan Sovet Sosialist Respublikasının (qeyd: qısaca SSR) tərkibinə verilməsini xahiş etmişdi. Stalin həmin müraciəti Malenkova, o da Bağırova göndərdi. M.Bağırov vəziyyəti təhlil edərək cavab məktubunda aşağıdakıları bildirdi: "SovİKP MK-nın nəzərinə çatdırmağı zəruri hesab edirik ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi məsələsinə baxılarkən, Ermənistan SSR-in Azərbaycan SSR-ə bitişik olan və əsasən azərbaycanlıların məskunlaşdığı Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır... Gürcüstanlı yoldaşlar Azərbaycan SSR-in Balakən, Zaqatala və Qax rayonlarının Gürcüstan SSR-in tərkibinə daxil edilməsi məsələsini qoyurlar. Göstərilən rayonlarda əhalinin ümumi sayı 79 min nəfərdir ki, bunlardan cəmi 9 min nəfəri gürcü-inqloylardan ibarətdir. Gürcüstan SSR-in, demək olar ki, yalnız azərbaycanlıların yaşadığı və Azərbaycan SSR-ə bitişik olan Borçalı rayonunun Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır. Nəhayət, biz Dağıstan MSSR-in keçmişdə Azərbaycanın bir hissəsi olan, Bakı quberniyasının tərkibinə daxil olan və hazırda Azərbaycan SSR-ə bitişik Dərbənd və Qasımkənd rayonları ərazilərinin Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə baxmağınızı xahiş edirik." Məhz bu sərt cavab məktubundan və separatçılıq hərəkatına başçılıq edən Gürcü Patriarxının nümayəndəsi, Gürcüstan Nazirlər Sovetinin pravoslav kilsə şurasının səlahiyyətli nümayəndəsi Aleksey Natadzenin Azərbaycandan qovulmasından sonra "gürcü problemi" birdəfəlik həllini tapdı. Bununla belə, imperiya siyasətinin ayrılmaz parçası olan ermənilərin məskunlaşması prosesi davam edirdi.

NÖVBƏTİ XƏYANƏT

Hələ 1943-cü ildə Tehran konfransı zamanı Sovet-İran münasibətləri müzakirə edilərkən erməni diaspor təşkilatları SSRİ Xarici İşlər Naziri V.Molotovdan İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş etmişdi. Molotov mövcud təklifi ölkə rəhbəri İ.Stalinə çatdırdı. Beləliklə, ermənilərin növbəti kütləvi köçünə rəsmi razılıq verildi. Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin I Katibi (qeyd: respublika rəhbəri) Q.Arutyunov bundan istifadə edərək, azərbaycanlıların Ermənistan SSR-dən zorla çıxarılması barədə qərar verilməsinə nail oldu.

23 dekabr 1947-ci ildə SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar verdi. İlk mərhələdə İrəvan şəhəri yaxınlığındakı yaşayış məntəqələri, daha sonra rayon mərkəzləri, ətraf kənd və qəsəbələrin əhalisi köçürüldü. Deportasiya olunan əhali əsasən dağ rayonlarında yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin uyğunlaşa bildi. Bu, insanlar arasında ağır xəstəliklərin, epidemiyaların, ölüm hallarının yayılmasına səbəb oldu. Onu da qeyd edək ki, köçürülənlərin bir nəfəri belə Dağlıq Qarabağa yerləşdirilmədi. Əksinə, o dövrdə Dağlıq Qarabağ Muxtar Vilayətindən Xanlar rayonu ərazisinə 132 azərbaycanlı ailə, daha doğrusu, 549 nəfər köçürüldü. Bu da ermənilərin kompakt yerləşdirildikləri ərazilərdə sayca azərbaycanlılardan çox olmasına gətirib çıxardı. Beləcə, 23 dekabr 1947-ci il tarixli 4083 saylı və 10 mart 1948-ci il tarixli 754 saylı qərarlar 150 mindən artıq soydaşımızın öz ata-baba yurdlarından qovulması və yüzlərlə inzibati ərazinin adının erməniləşdirilməsi ilə nəticələndi. İndi dövrlə müqayisədə rəqəmlər o qədər də böyük görünməsə də, nəzərinizə kiçik bir detalı çatdırsaq, real itkilərimizi qiymətləndirə bilərik. Təxminən 50 il ərzində əhalinin sayca üç-dörd dəfə arta biləcəyini nəzərə alaraq deyə bilərik ki, Ermənistanın 3 milyon 500 minlik əhalisinin sayı 1948-1953-cü illərdə qovulmuş azərbaycanlıların hesabına 500 min artıq ola bilərdi. Bu rəqəmin üzərinə əsrin əvvəlindəki və sonundakı deportasiyaları əlavə etsək, köçürülmüş ermənilərin sayını bu rəqəmdən çıxsaq, görərik ki, yalnız bir əsrdə dədə-baba yurdundan qovulan azərbaycanlıların sayı nə az-nə çox, düz 2 milyon nəfərdir. Başqa sözlə desək, indi Ermənistan Respublikası adlanan ərazidə təxminən 2 milyon 500 min nəfər yaşamalı idi ki, onun da 80 faizi azərbaycanlılar olmalı idi.

BİR ADDIM GERİYƏ

Ermənilər A.Mikoyanın dəstəyi ilə 50-ci illərin axırlarında da "Dağlıq Qarabağ məsələsi"ni qaldırmağa cəhd etdilər. Onların müraciətinə Sov İKP MK-nın Baş Katibi (qeyd: ölkə rəhbəri) N.S.Xruşov kəskin cavab verdi: "Mən Dağlıq Qarabağ ermənilərinin Ermənistan SSR-ə bir sutka ərzində köçürülməsini təmin etmək üçün 12 min hərbi yük maşını ayrılmasını təklif etməyə hazıram." Ölkə başçısının bu açıqlamasından sonra ermənilər geri çəkilmək məcburiyyətində qaldılar. Əslində, Xruşov da sələfləri kimi ermənilərin Cənubi Qafqaza köçürülməsi siyasətini davam etdirməyə hazır idi. Lakin 1948-1953-cü illər deportasiyasından dərhal sonra atılacaq bu radikal addım müharibədən təzəcə çıxmış və soyuq müharibə şəraitində olan SSRİ-də sosial partlayışa gətirib çıxara bilərdi. Odur ki, Rusiya imperiyasının işğalçı siyasətinin ayrılmaz parçası olan "erməni köçü" bir müddətlik təxirə salındı və yalnız əsrin sonlarına yaxın yenidən gündəmə gətirildi.

MÜƏLLİFDƏN:

18 dekabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev tarixi proseslərə siyasi qiymət verərək xüsusi fərman imzaladı. Fərmanda yazılırdı: "SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur."

SON SÖZ ƏVƏZİ:

Tarixi təkamül yolu onu göstərir ki, Azərbaycanın müstəqilliyi onun məhv olması prosesini birdəfəlik dayandırdı. Əks təqdirdə, Rusiya İmperiyası daxilində biz bir xalq, inzibati vahid kimi yox olub gedəcəkdik. Belə ki, hələ 40-cı illərdə SSRİ rəhbərliyi azərbaycanlıları Cənubi Qafqazdan Orta Asiyaya deportasiya etmək haqda düşünürdü. Sonradan başı müharibəyə qarışdığından bu çirkin niyyətini həyata keçirə bilmədi.

İndi isə taleyimiz öz əlimizdədir. Doğrudur, birinci Qarabağ müharibəsində itkilərimiz çox oldu. Lakin unutmaq olmaz ki, biz o vaxtlar yenicə ayağa durmağa başlayan körpə kimi idik və bu halda böyük imperiya ilə vuruşmaq məcburiyyətində qalmışdıq. Artıq Azərbaycan dünyada öz sözünü demiş ölkələrdən biridir. Şərqi Avropanın enerji təhlükəsizliyini biz təmin edirik. Göründüyü kimi, hətta böyük dövlətlər də bizimlə hesablaşmaq məcburiyyətindədirlər. Həmin dövlətlərdən biri də Rusiya imperiyasının sələfi Rusiya Federasiyasıdır.

Natiq Qocaman

O.M.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.