Azərbaycanlıların deportasiyasının birinci mərhələsi-ARAŞDIRMA

Azərbaycanlıların deportasiyasının birinci mərhələsi-ARAŞDIRMA

27 İyun 2011 17:03
Bəyəndim (0) Bəyənmədim (0)
Oyan, Türk oğlu, artıq sənin zamanındır!

ATA YURDU

Özüm Bakıda doğulub böyüsəm də, hər yay ata-baba yurdum olan Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsinin Gölkənd kəndində istirahət edirdim. Gözəl təbiəti, mehriban insanları ilə seçilən bu kənd məni maqnit kimi özünə çəkirdi. Yay tətillərini səbirsizliklə gözləyirdim ki, kəndə gedim və səmimi dostlarımla azad həyatın ləzzətini çıxarım. Sonuncu dəfə qış fəslində Gölkənddə olmuşdum. Ailəvi surətdə əmimin toyuna getmişdik. Aradan uzun illər keçsə də, hər şey bugünkü kimi xatirəmdədir. Üç gün-üç gecə davam edən toy, dəflə zurnanın ecazkar sədaları, milli rəqslər, qədim adət-ənənələrə əsaslanan nikah mərasimi, bir sözlə, silsilə xarakterli oğuz şənlikləri indi də məni o günlərin sehrli dünyasına aparır.

İnanın ki, kəndimizin hər yolunu, cığırını addım-addım tanıyıram və zaman-zaman kəndimizə xəyalən səyahət edirəm...

SONUNCU HƏMLƏ

1988-ci ildə Qərbi Azərbaycanın bütün oğuz yurdları rus imperialistləri və erməni millətçiləri tərəfindən zorla boşaldıldı. Gölkənd də onlardan biri idi. Onun zəhmətkeş əhalisi Azərbaycan Respublikasına pənah gətirdi və ölkəmizin müxtəlif yaşayış məntəqələrində yerləşdi. O zamanlar qərbi azərbaycanlıların dərdinə şərik çıxanlar da oldu, onları qınayanlar da. Lakin sonrakı hadisələr göstərdi ki, bu məcburi köç lokal erməni-azərbaycanlı münaqişəsinin nəticəsi deyil. Əslində, qlobal imperiya siyasətinin növbəti mərhələsidir. Deməli, nə qərbi azərbaycanlıları, nə də qarabağlıları qaçqın və məcburi köçkün həyatını yaşamaqda ittiham etmək olmaz. Bunu tarixin inkarolunmaz faktları da sübut edir.

MƏRHƏLƏLİ İŞĞAL

Ümumiyyətlə, azərbaycanlılar 3 mərhələdə öz torpaqlarından deportasiya olunublar. 1905-1920-ci illərdə, 1948-1953-cü illərdə və nəhayət, 1988-1992-ci illərdə. Bugünkü məqalədən etibarən biz məcburi köçün mərhələlərini bir-bir təhlil etməyə başlayacağıq.

BİRİNCİ MƏRHƏLƏNİN BAŞLANĞICI

İsveçlə Rusiya arasında 1721-ci ildə sülh müqaviləsi imzalandıqdan sonra Rusiya çarı I Pyotr ərazilərini Avropa ölkələri hesabına artıra bilməyəcəyini anlayıb cənuba - Qafqaza və Xəzərin qərb sahillərinə doğru irəliləməyi qərara aldı. Bu istək 1723-cü ildə Bakının işğalı ilə nəticələndi. Əsasən müsəlmanlardan ibarət olan yerli əhalinin narazılığını və müqavimətini görən I Pyotr işğalı uzunömürlü etmək üçün həmin ərazilərə təcili surətdə xristianları (erməniləri) yerləşdirmək fikrinə düşdü. Rusiyanın imperialist siyasətinin banisi olan I Pyotr gələcək nəsillərə bu tendensiyanı davam etdirməyi bir növ vəsiyyət etmiş oldu. Heç təsadüfi deyil ki, 1768-ci ildə II Yekatirina "Ermənilərin himayə edilməsi barədə" xüsusi fərman imzaladı. 1802-ci ildə çar I Aleksandr H.D.Sisianova ünvanladığı məktubda yazırdı: "Hər nə olur-olsun, ermənilər Azərbaycanın xanlıqlarında istifadə olunmalıdır." O dövrdən etibarən köçəri ermənilər dövlətlərini yaratmaq məqsədilə Rusiyanın imperiya siyasətinin alətinə çevrildilər.

"BÖYÜK KÖÇ"

Rus-İran müharibəsi Azərbaycanın parçalanması ilə nəticələndi. Bunun ardınca çar I Nikolay 21 mart 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində "Erməni əyalətinin yaradılması haqda" xüsusi fərman imzaladı. Əhalisinin 73.8 faizi müsəlman olan Erivan (qeyd: o vaxtkı adı ilə) şəhəri də bu əyalətin tərkibinə verildi. Həmin ərəfədə F.İ.Paskeviçin imperatora göndərdiyi məktubda yazılırdı: "Erivan qalasında təxminən on min məhəmmədçi və üç min xaçpərəst ailəsi yaşayır." Türkmənçay müqaviləsinin XV maddəsinə əsaslanan I Nikolayın fərmanı ilə İrandan Şimali Azərbaycan ərazilərinə, daha doğrusu, Qarabağ, Erivan və Naxçıvana ümumən 40 min İran ermənisi köçürüldü. Artıq 1835-ci ildə müsəlmanların sayı Erivanda 46.2 faizə düşmüşdü. 1897-ci ildə Rusiya əhalisinin ilk siyahıyaalınma prosesi göstərdi ki, təkcə Erivan quberniyasında 313178 azərbaycanlı yaşayır (mənbə: "Sovet Ermənistanında Azərbaycan" kitabı, 17-ci səhifə. Yerevan, 1985-ci il). Analoji proses Osmanlı imperiyası ilə Rusiya arasında bağlanmış sülh müqaviləsindən sonra da davam etdi və Anadoludan adıçəkilən Azərbaycan xanlıqlarına 84600 erməni köçürüldü. Təbii ki, onlar yerli əhalinin qovulması və ya mövcud yaşayış məskənlərinin məhv edilməsi hesabına yerləşdirilirdi. Həmin ərəfədə təkcə Göyçə gölü hövzəsində 107 türk kəndi yerlə-yeksan edilmişdi.

İmperiyadan güc alan ermənilər hələ XIX əsrin ikinci yarısından etibarən təşkilatlanmağa başlamışdılar. Onlar "dənizdən-dənizə böyük Ermənistan" qurmaq iddiasında idilər.

1905-1907-ci illərdə erməni təşkilatları Bakı, Şuşa, Zəngəzur, İrəvan, Ordubad, Naxçıvan, Eçmiədzin, Cavanşir və Qazaxda azərbaycanlıların yurd-yuvalarından çıxarılması üçün silahlı hücumlar təşkil etdilər. Həmin illərdə Erivan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun 75 kəndini talan etdilər.

1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 50 min azərbaycanlı qətlə yetirildi, 10 minlərlə insan öz torpaqlarından qovuldu. Təkcə Bakıda 30 minə yaxın dinc əhali xüsusi qəddarlıqla öldürüldü. Şamaxıda 58 kənd dağıdıldı, 7 min insan məhv edildi. Qubada 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, Erivan quberniyasında 211, Qars əyalətində 92 kənd xəritədən silindi. Erivan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində (mənbə: "Aşxadavor" qəzeti, 2 noyabr 1919-cu il) göstərilirdi ki, azərbaycanlıların bu şəhərdə və onun ətrafında qısa zaman kəsiyində 88 kəndi dağıdılmış, 1920 evi yandırılmış, 131970 nəfəri öldürülmüşdür.

İşğalçı siyasətin həyata keçirilməsi üçün erməni təşkilatları hər yola əl atırdılar. Onlar 1917-ci ildə Rusiyada baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa çalışdılar. "Əksinqilabi qüvvələrin Bakıdan çıxarılması" adı altında 1918-ci ildə Bakını işğal etmək planını həyata keçirdilər. Lakin türkiyəli qan qardaşlarımızın köməyi ilə erməni-rus birləşmələrinin bu niyyəti puça çıxdı.

GİZLİ MÜBARİZƏ

Sovet dövründə yaxın tariximizin danılmaz salnaməsi insanlardan məxfi saxlanılırdı. Bizə elə təlqin olunurdu ki, guya ermənilər hər zaman azərbaycanlılarla dost, qardaş olublar. Ara-sıra üzə çıxan faktlara isə siyasi don geyindirilirdi. Saxta beynəlmiləlçiliyi təbliğ edən sovet ideoloqları və tarixçiləri qırğınlara məruz qalan insanların sayını az göstərməklə bərabər, onların qatı millətçi və qaniçən olduqları üçün qətlə yetirildiklərini bildirirdilər. Halbuki həmin ərəfədə ermənilər qisasçılıq hisslərini və işğalçılıq həvəslərini nəsildən-nəslə ötürürdülər. Onlar hər zaman olduğu kimi yenə də "böyük Ermənistan" yaratmaq eşqi ilə yaşayırdılar. Sonrakı dövrlərin hadisələri sübut edəcəkdi ki, ermənilər məqsədlərinə çatmaq yolunda hər cür xəyanətə hazırdırlar və bunun üçün münasib şəraitin yetişməsini gözləyirlər. Belə ki, işğalçılıq planı Rusiyanın imperialist siyasətinin parçası olaraq qalmaqdadır.

TÜRKƏM, TÜRK OĞLUYAM

İstər-istəməz xəyalən kəndimizə qayıdıram. Mərhum bibim oğlu Teyyubun onlara qonaq gəlmiş yüksək vəzifəli ermənilərə dediyi sözləri xatırlayıram. Bəri başdan qeyd edim ki, Krasnoselsk (əvvəlki adı ilə Çəmbərəkənd) rayon partiya komitəsindən kənd sovxozunun baş mühasibinin evinə təşrif buyurmuş ermənilər özlərini burada olduqca sərbəst hiss edirdilər. Hətta o qədər harınlamışdılar ki, türk ailəsində Türkiyə əleyhinə ifadələr işlətməkdən belə çəkinmirdilər. O vaxtlar Türkiyə Respublikası bizə kapitalist dövlət kimi, yəni düşmən qismində təqdim olunurdu. Yəqin ermənilər də bu amildən və vəzifə sahibi olmalarından cəsarət alaraq ağına-bozuna baxmadan danışırdılar. Sözsüz ki, ev sahibi qonaqlarının xətrinə dəymək istəmirdi. Hətta deyilənlərə etiraz etsəydi belə, onun bu addımı rayon rəhbərliyi tərəfindən antisovet fəaliyyət kimi qiymətləndiriləcəkdi. Odur ki, o, canını-dişinə tutub susmağa üstünlük verirdi. Bəlkə də belə olmağı məsləhət idi. Lakin ortancıl oğlu Teyyub bu mənzərəyə biganə qala bilmədi. Məclisə müdaxilə edərək ermənilərə qəti şəkildə etirazını bildirdi. Atasının gərginliyi sovuşdurmaq cəhdlərinə baxmayaraq, qonaqları fakt qarşısında qoymağa başladı. O vaxtlar mən onun nə dediyini tam anlamırdım. Ancaq bir şeyi görürdüm ki, onun söylədiyi həqiqətlər qarşısında cavab tapmayan ermənilər narazı halda ev yiyəsinin üzünə baxırdılar və sanki "Sənin oğlun niyə başından böyük danışır?" demək istəyirdilər. Teyyubsa arqumentlərə əsaslanan çılğın nitqini "Mən türk oğlu türkəm və bununla fəxr edirəm!" sözləri ilə tamamladı. Onu da qeyd edim ki, bu hadisə 1988-ci ildə erməni-azərbaycanlı münaqişəsi başladığı ərəfədə baş vermişdi.

SON SÖZ ƏVƏZİ:

Bəli, biz oğuz boyundan olan azəri türkləriyik. Milli mənsubiyyətimizlə fəxr edirik. Çünki biz onun-bunun kölgəsi altında xəyanət, satqınlıq, nankorluq, oğurluq yolunu seçən ermənilərdən fərqlənirik. Doğrudur, müasir zamana qədər ermənilər rusların köməyi ilə ərazilərimizin müəyyən qismini işğal edə biliblər. Lakin bir şey dəqiqdir ki, onlar bu torpaqlarda uzun müddət qala bilməyəcəklər. Tarixə məlumdur, türk oyananda dünya lərzəyə gəlir. Hətta ermənilərin də belə bir atalar sözü var: "Türkün sonrakı ağlı məndə olsaydı, nələr etməzdim..." Oyan, türk oğlu, vətən səni gözləyir!

Natiq QOCAMAN

O.M.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.