Qarabağın erməni veteranları indi bomjdurlar

Qarabağın erməni veteranları indi bomjdurlar

22 İyun 2011 12:23
Bəyəndim (0) Bəyənmədim (0)
Erməni cəbhədə olarkən arvadı ona yaxın dostu ilə xəyanət edib

QARABAĞ MÜNAQİŞƏSİ - DÜNƏNDƏN BU GÜNƏ

Qarabağ münaqişəsinin başlanmasından 20 il ötür. Torpaqlarımızın 20 faizi düşmən işğalı altındadır, 1 milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün həyatını yaşayır.

Bəs görəsən, ötən illər Ermənistanda nə ilə yadda qalıb? İlk baxışdan qalib görünən bu ölkə əslində məğlub durumdadır. Əvvəla ona görə ki, bütün regional layihələrdən kənarda qaldığından iqtisadiyyatı məhv olmaq ərəfəsindədir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, real mənzərə haqda təsəvvür yaransın: Ermənistanın ümumi büdcəsi Azərbaycanın hərbi xərclərinə bərabərdir.

Digər tərəfdən, bu ölkənin xarici borcu durmadan artır və iqtisadiyyat Rusiyanın inhisarına keçmək üzrədir. Bu isə Ermənistanı şimal qonşusunun bir əyalətinə çevirir.

Ölkədə hökm sürən diktatura, anarxiya, rüşvətxorluq və digər neqativ hallar həyatı dözülməz edir. Odur ki, Qarabağ münaqişəsinin başladığı dövrdən bu günə kimi Ermənistanın və Dağlıq Qarabağın erməni əhalisi təxminən iki dəfə azalaraq kritik həddə çatıb. Bunu Ermənistanın rəsmi statistikası da etiraf edir.

Mövzunu daha geniş şəkildə təhlil etmək olardı. Lakin bu gün biz məsələnin vacib bir nüansını müzakirə edəcəyik. Daha doğrusu, Qarabağ müharibəsində vuruşduqdan sonra bomja çevrilən erməni veteranlarının qısa həyat hekayələrini dinləyəcəyik.

BOMJ VETERANLARIN ETİRAFLARI

Ermənistanın Hetqonline saytının apardığı araşdırmalara əsasən qələmə alınan silsilə məqalələrdə yazılır:

"Evimiz olmasa da, biz də insanıq", - deyə təəssüflə söhbətə başlayan 47 yaşlı Rafik Martirosyan kövrəlmiş halda sözlərinə əlavə etdi: "Hər gün qorxuram ki, gecə yatanda donaram. Ona görə də bir butulka araq içirəm. Gecə onda ayılıram ki, tir-tir əsirəm. Bir-iki rumka da ötürüb mürgüləyirəm. Acı həyatdır, nə deyim? Müharibə vaxtı 9 ay Kəlbəcərdə vuruşmuşam. Yaralı olmuşam. İndi isə bomjam. 2 ildir ki, küçələrdəyəm. Bizimlə söhbət edən də yoxdur, heç adam yerinə qoymurlar. Bəzən kimdənsə saat soruşuram, sözümü ağzımda qoyub gedirlər. Qəlbimə toxunurlar. Bomj olmaq istəmirəm. Mən ustayam, suvaqçılıq, bənnalıq əlimdən gəlir. Amma iş yoxdur, heç nə yoxdur. Nə edim? Butulka yığmaqla məşğulam, yeməyimi də zibil qutularından tapıram".

58 yaşlı Ovik Qambaryan adlı başqa bir bomj isə danışığına əsəbi halda başladı: "Kim idik, kim olduq? Bu dünyanı dəyişəni,,, (söyür). Mənim hər şeyim var idi, evim, ailəm. Hər bir şərait qurmuşdum. Amma indi boş butulka yığıram. Novembryan və Talış kəndlərində iki dəfə ağır yaralanmışam. İkinci qrup əliləm. Sənədlərim itdiyi üçün təqaüd də ala bilmirəm. Sol arteriyam yoxdur, on altı tikiş qoyublar. Razdan şəhərində üçotaqlı evimi, arvadımı və iki uşağımı qoyub İrəvana gəlmişəm. Müharibədə Manvelin batalyonunda vuruşurdum. 8 ay evlə əlaqə saxlaya bilmədim. Sonra öyrəndim ki, bu müddət ərzində arvadım mənə ən yaxın dostumla xəyanət edib. Hər şeyə tüpürdüm".

43 yaşlı Qeqam Petrosyan isə danışarkən göz yaşlarını saxlaya bilmədi: "Bu ölkədə mən hörmətsizliyə layiq görüldüm. Artıq qara, dərdli, azmış, tənha həyatı olan bir adamam. Qorbaçov SSRİ-ni dağıtmasaydı, belə olmayacaqdı. Mən Sovet dövlətinin vətəndaşı idim. İndiki Ermənistanın əksinə olan adamam. Bu ölkə mənim 17 ilimi, sağlamlığımı, ailəmi əlimdən aldı. Nəyin bahasına olursa-olsun, Ermənistanı tərk edəcəm. Bu həyat məni hissələrə parçalayıb, bu ölkə məni intihara sürükləyib".

QEYD:

Nəzərinizə çatdıraq ki, Ermənistanda bomjlar təkcə müharibə veteranları deyillər. Günü-gündən artan işsizlik, bahaçılıq, qıtlıq cəmiyyətdə kəskin təbəqələşməyə gətirib çıxarıb. Artıq insanlar həyata ümidlərini itirməyə başlayıblar. Bu barədə növbəti məqalələrdə sizləri tanış edəcəyik.

SON SÖZ ƏVƏZİ:

Zaman hər şeyi yoluna qoyur. Bir vaxtlar günahsız azərbaycanlı əhalisinə düşmən kəsilən ermənilər indi özlərinə düşməndirlər...

Natiq Qocaman

O.M.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.