"Maviləşən" erməni ordusunda rəzalət baş alıb gedir

"Maviləşən" erməni ordusunda rəzalət baş alıb gedir

14 İyun 2011 11:45
Bəyəndim (0) Bəyənmədim (0)
Partizanlıq hər birimizin borcudur

GÜC BİRLİKDƏDİR

Qəhrəman olan şəxs ilk növbədə dostunu və düşmənini tanımalıdır. Torpaqlarının 20 faizi işğal altında olan, vətəndaşlarının hər səkkiz nəfərindən biri qaçqın və ya məcburi köçkün həyatını yaşayan bir cəmiyyət kimi biz qəhrəman olmağa borcluyuq. Qəhrəmanlıq təkcə döyüşlərdə göstərilən şücaət deyil. O, həm də hər bir vətəndaşın öz işini layiqincə yerinə yetirməsi, ümumi məqsədə çatmaq yolunda eyni hədəfə zərbə vurmasıdır. Bunun üçünsə hədəfi müəyyən etmək və zamanında həmlə etmək lazımdır. Deyilənləri nəzərə alaraq, bugünkü məqalədə düşmənlərimizin kim olduğunu onların öz dili ilə bir daha sizə çatdıracaq və Ermənistan ordusunun zəif yerlərini birlikdə müəyyən edəcəyik.

MAVİLƏŞƏN ORDU

Son dövrlərdə erməni mətbuatının yaydığı məlumatlar diqqətimizi cəlb etdi. Belə ki, Ermənistan ordusunda baş alıb gedən neqativ hallar artıq onları əməlli-başlı narahat etməyə başlayıb. Rüşvətxorluq, dedovşina, maliyyə fırıldaqları, insan hüquqlarının pozulması, vəzifədən sui-istifadə halları azmış kimi, indi də erməni ordusunda cinsi istismar problemi baş qaldırmışdır. Daha dəqiq desək, əsgərlərin öz həmkarları və ya zabitlər tərəfindən zorlanma halları geniş vüsət almaqdadır. Bu da ordunun döyüşkən ruhuna mənfi təsirini göstərməklə yanaşı, erməni cəmiyyətinin də narahatlığına səbəb olmuşdur. Artıq valideynlər öz övladlarını əsgərliyə göndərməkdən boyun qaçırırlar. Müxtəlif üsullardan istifadə edərək hərbi mükəlləfiyyətdən yayınmağa çalışırlar.

HƏRBİ REJİM

Ermənistanın "Armenia Today" informasiya agentliyinin son zamanlar yaydığı məlumata görə, 3 ildir Ermənistanda dərinləşməyə başlayan iqtisadi və sosial problemlərə ordudakı ağır vəziyyət dəəlavə olunmuşdur. Buna əsas səbəb kimi dünyadakı iqtisadi böhranın Ermənistan büdcəsinin ordu xərcləri bölümünə vurduğu sarsıdıcı təsir göstərilir. Digər tərəfdən, Seyran Ohanyanın rəhbərliyi altında fəaliyyət göstərən Müdafiə Nazirliyi də məqalədə kəskin tənqidə məruz qalmışdır. Xatırladaq ki, Seyran Ohanyan hazırkı vəzifəsinədək Baş Qərargah rəisi vəzifəsində çalışırdı. 19 fevral 2008-ci ildə Ermənistanda Prezident seçkilərinin nəticələri saxtalaşdırıldıqdan sonra sadə xalq etiraz səsini ucaltdı. Məhz Seyran Ohanyanın əməliyyata birbaşa rəhbərliyi ilə etiraz dalğası insanların qırğını hesabına yatırıldı. Bundan sonra o, mükafat olaraq Müdafiə naziri postuna yüksəldi. Həmin dövrdən etibarən Seyran Ohanyan sürətlə varlanmağa başladı və "Armenia Today" informasiya agentliyinin məlumatına görə, artıq Ermənistanın ən zəngin oliqarxlarından birinə çevrilmişdir. Bu gün erməni KİV-lərində onun personasına qarşı çıxışlar jurnalistlərin təqibi, təzyiqi və hətta fiziki məhvi hesabına başa gəlir. Bununla belə, erməni cəmiyyətinin aşıb-daşan səbir kasası bəzən mətbuat vasitəsilə ətrafa yayılır.

MAVİ - HƏRBİ NAZİR

Ermənistan Baş Prokurorluğu nəzdində hərbi cinayətlərin araşdırılması şöbəsinin əməkdaşları "Daşnaksutyun"partiyasına bir neçə məxfi sənəd ötürmüşlər. Sənədlərdə hərbi çağırışlar zamanı alınan rüşvətlər, rüşvətin zonalar üzrə təsnifatı, əsgərlərin işgəncələrə məruz qalmaları və digər cinayət halları əks olunur. "Daşnaksutyun" partiyasının hökumətdə koalisiya ortağı olan "Çiçəklənən Ermənistan" partiyası, daha doğrusu, onun rəhbəri Qaqik Sarukyan ölkə rəhbəri Serj Sarkisyana kəskin etirazını bildirmişdir. O demişdir: "Seyran Ohanyan cinsi oriyentasiyaca homoseksualdır. Bu barədə bizə gizli çəkilişlər ötürülüb. Ohanyan özü kimiləri hərbi hissələrdə böyük vəzifələrə təyin edib. Bu namussuzluğa son qoyulmalıdır."

Cəmiyyətin haqlı narazılığına hələ ki ölkə rəhbəri reaksiya verməsə də, mütəxəssislərin gəldiyi qəti nəticəyə görə, Müdafiə naziri hərbi polisin rəisi polkovnik Vova Qasparyanla "görüşür". Sən demə, onlar uzun illərdən bəri Xankəndidə "sevgi macərası" yaşamışlar.

ETİRAF

Ermənistan ordusunun yüksək rütbəli eks-zabiti, hazırda Avropada sığınacaq tapan Paruyr Stepanyan beynəlxalq təşkilatlara erməni ordusunda kök salmış özbaşınalıq haqda təkzibolunmaz sənədlər təqdim etmişdir. Sənəddə yazılır: "Dağlıq Qarabağ Ermənistana lazım olmayan ərazidir. Qarabağ indiki hərbi xuntanın siyasəti ilə razılaşmayan insanlar üçün katorqa rolunu oynayır. Onlar hərbi xidməti başa vurduqdan sonra mənən sınırlar, fiziki və psixoloji cəhətdən cəmiyyətə yararsız olurlar. Erməni ordusunda hökm sürən bu ağır və dözülməz şəraiti dünyanın heç bir yerində görmək mümkün deyil. Orduda intiharların sayı rəhbərlik tərəfindən gizli saxlanılır, Ölənlərin valideynləri daim təzyiq altında yaşamağa məcburdurlar. Hərbi rəhbərlik mövcud məsələ ilə bağlı beynəlxalq təzyiqin olacağından çox qorxur."

MƏTBUATDAN

Ermənistanın "Ankak" qəzetinin məqaləsində bildirilir: "Əgər 2008-ci ildə əsgərliyə getməmək üçün 500-800 ABŞ dolları tələb olunurdusa, 2009-cu ildən sonra bu rəqəm 7000-8000 dollaradək yüksəlib... Hər çağırışda Ohanyan 15-20 milyon dollar əldə edir... Ermənistanın kasıb bölgələrindən olan çağırışçılar Dağlıq Qarabağda xidmət etməməkçün 300-600 dollar ödəməli olurlar."

"Aravot" qəzetinin əməkdaşı Ruzanna Minasyanın apardığı jurnalist təhqiqatında yazılır ki, Dağlıq Qarabağa hərbi xidmətə çağırılan tanınmış güləşçi Qukas Minasyanın çəkisi 76 kq idisə, iki ildən sonra həkimlərin rəsmi rəyinə görə 45 kq olmuşdur.

Ötən ilin 12 avqust tarixində sıravi Karen Arutunyanın internetdə yayıldığı müsahibəsində qeyd olunurdu ki, o, həqiqi hərbi xidmət zamanı dəfələrlə cinsi istismara məruz qalıb.

11 sentyabr 2010-cu ildə internetin "Youtube" portalında Ermənistan ordusunun "Yexnikner" rotasında gənc çağırışçıların komandir tərəfindən alçaldığı görüntüləri yayımlandı. Müdafiə naziri Seyran Ohanyan bunun video-montaj olduğunu bildirməyə tələssə də, 15 sentyabr günü istintaqın gəldiyi nəticəyə görə, belə bir hal həqiqətən yaşanmışdı və bu aksiyanın başında Seyran Ohanyanın qohumu, rota komandirinin müavini vəzifəsində çalışan mayor dayanmışdı.

Ermənistan parlamentinin "Miras" fraksiyasından olan deputatı Viktor Yakubyanın yerli mətbuata açıqlamasına görə, ötən illərlə müqayisədə bu gün erməni ordusunda qulluq etmək türmə həyatına bərabərdir.

ERMƏNİ KİV-LƏRİNDƏN İSTİ-İSTİ MƏLUMATLAR

Bu yaxınlarda Ermənistanın "Jamanak" qəzetinin redaksiyasına hərbi hissələrin birinin kazarmasının zirzəmisində asılmış vəziyyətdə tapılan əsgər Samvel Xaçaturyanın bacısı zəng vurmuşdur. O, əsgərin intihar etdiyi barədə yayılmış rəsmi məlumatı inkar edərək vəziyyətə bu cür aydınlıq gətirmişdir: "Samveli işgəncə ilə öldürüblər, əvvəlcə möhkəm döyüb, sonra nazik simlə boğaraq qalın iplə asıblar. Məhkəmə-tibbi eksperti də qeyd edib ki, onun üzündə və bədənində qançırlar var, sol biləyi isə qırılıb. Qardaşımın başında da hücum izləri aşkar edilib... O, 1 oktyabr günü evə zəng vuraraq deyib ki, rota komandiri ilə aralarında ciddi problemləri var."

"Qraparak" qəzetində yer almış məqalədə yazılır: "Dünən (13 oktyabr günü) axşam Ararat rayonundakı hərbi hissələrin birinin komandiri Roj ləqəbli Vardan Martirosyan həbsə alınmışdır. O, dəfələrlə əsgərləri alçaldır, döyürdü. Onun əməllərini Ermənistan Hərbi Qüvvələri Baş Qərargah rəisinin oğlu Xaçaturov himayə edirdi. Xaçaturov 4-cü ordu korpusunun komandanı vəzifəsində çalışır. Roj-Xaçaturov cütlüyü təkcə əsgərləri alçaltmırdılar, onları "Aqbabank"dan öz adlarına kredit almağa məcbur edirdilər." Mövcud məlumatı davam etdirən, "ArmToday" agentliyi yazır: "Xaçaturovun oğlu and içib ki, "döyüş" yoldaşını azad etdirəcək. Müdafiə Nazirliyindən isə fakt barədə onu bildirirlər ki, bizdə ümumiyyətlə belə bir məlumat yoxdur."

PARLAMENTİN HƏYƏCAN TƏBİLİ

Ermənistan ordusundakı real vəziyyət erməni cəmiyyətini narahat etməkdədir. Hadisələr çoxdur. Onların hamısını bir məqalədə işıqlandırmaq mümkün deyil. Heç buna ehtiyac da duymuruq. Belə ki, erməni ordusunda silsilə xarakter almış cinayət hallarına hər gün bir neçəsi əlavə olunur. Bircə faktı qeyd etmək yerinə düşərdi ki, real vəziyyət aydın olsun. "Ermənistan Xəbərləri" (News.am) agentliyinin yaydığı məlumata görə, ötən ilin 8 oktyabr günü Ermənistan Milli Məclisində müdafiə, milli təhlükəsizlik və daxili işlər daimi komissiyasının sədri Qrayr Karapetyanın təklifi ilə qapalı dinləmələr keçirilmişdir. Dinləmələrdə erməni ordusunda baş almış neqativ hallar müzakirə olunmuşdur. Bununla belə heç kim cəzalandırılmamış və ya istefaya göndərilməmişdır. Bu isə Ermənistan ordusunda kök salmış mafioz qruplaşmanın gücündən xəbər verir.

QEYD

Son dövrlərdə Ermənistandan qaçıb Azərbaycana pənah gətirən vətəndaşların sayı artmaqdadır. Əvvəlcə üç, sonra dörd əsgərin könüllü surətdə bizim tərəfə keçməsi, hətta bütöv bir ailənin Azərbaycandan sığınacaq istəməsi buna bariz nümunədir. Müqayisə üçün bir faktı xatırlatmaq yerinə düşərdi. Sovet dövründə Ermənistan yaşayış səviyyəsinə görə SSRİ-də Estoniyadan sonra ikinci yerdə dururdu. Dağlıq Qarabağ Muxtar Vilayəti isə SSRİ-nin ən qabaqcıl muxtariyyətlərindən biri sayılırdı. Bu gün isə Ermənistan Respublikası dünya ölkələri arasında ən sonuncu yerlərdən birini tutur. Qarabağ isə 19 ildir ki, uçuq-sökük viranəni xatırladır. Heç təsadüfi deyil ki, Ermənistan Dövlət Statistika Xidmətinin rəsmi açıqlamasında 1998-ci ildən bəri Ermənistan Respublikasından və Dağlıq Qarabağdan xarici ölkələrə təxminən 2,2 milyon vətəndaşın emiqrasiya etdiyi bildirilir. Göründüyü kimi, dünyada insanların bəzən fərqinə varmadıqları İlahi bir ədalət mövcuddur. Bu ədalət gec-tez hər şeyi yerinə qoyur və bizim torpaqlara məcburən köçürülən ermənilər buranı özlərinə vətən edə bilmirlər.

SON SÖZ ƏVƏZİ

Deyirlər, düşmənini zəif bilən məğlubiyyətə məhkumdur. Biz bugünkü məqalədə Ermənistan ordusunun zəif və ya güclü olduğunu araşdırmaq istəmədik. Məqsədimiz düşmən cəbhəsindəki real vəziyyəti işıqlandırmaq idi. Belə ki, biz onları güclü bilsək - necə ki, daim bu sərsəm fikir bizlərə təlqin edilir - onda ikinci Qarabağ müharibəsindən danışmağa dəyməz. Biz isə torpaqlarımızı düşmən tapdağından azad etmək əzmindəyik. Sülh danışıqları nəticə verməyəcəyi təqdirdə hamımız qətiyyətli həmləyə hazır olmalıyıq. Bunun üçünsə düşmənin zəif yerlərini müəyyən etmək və həmin nöqtələrə birlikdə zərbə vurmaq ən ümdə şərtdir.

Natiq Qocaman

O.M.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.