Ermənilər Azərbaycan sularını təmizləyirlər
Beynəlxalq təşkilatlar Azərbaycanın suverenliyini şübhə altına alıblar. Ermənistan mətbuatının bugünkü məlumatına görə, 29 sentyabrda Sualtı Aləmin Məlumatlandırılması Beynəlxalq Assosiasiyası - GUWAA Azərbaycan tərəfinin rəsmi razılığı olmadan Qarabağ separatçıları ilə danışıqlar əsasında Sərsəng su anbarında beynəlxalq tədbir həyata keçiriblər. Okeanoqraf Jak İv Kustonun şərəfinə keçirilmiş tədbir Azərbaycanın işğal altında olan ərazilərinin sularında ekoloji vəziyyətin sağlamlaşdırılmasına həsr olunub.
Tədbirin təşkilatçıları Monako prinsi II Albert, "Formula-1" korporasiyasının prezidenti Berni Ekklstoun və okeanoqrafın dostu Fransua Saranon olublar. Onlar sualtı sahənin təmizlənməsi üzrə ən böyük layihə kimi "Ginnesin Rekordlar" kitabına düşmək niyyətlərini gizlətmirlər.
Mediainfo.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi hələlik fakta münasibət bildirməyib.