Ermənistanda dustaq barmağını kəsib Yerevan prokuroruna göndərdi
Ermənistan həbsxanasında qəribə bir hadisə baş verib. Yerevanın 4 saylı "Nubaraşen" həbsxanasının dustaqları dözülməz saxlanılma şəraitinə və məhkəmələrin ədalətsiz qərarlarına etiraz əlaməti olaraq 22 oktyabrdan etibarən aclıq aksiyasına başlayıblar. Henaran.am-ın məlumatına görə, dustaqlar eyni zamanda şəhər prokuroruna etiraz məktubu göndəriblər. Maraqlısı odur ki, məktuba dustaqlardan birinin kəsilmiş çəçələ barmağı qoyulub. Məktubda yazılır: "Biz burada 4 nəfər aclıq edirik. Nə deyirksə eləmirlər. Hətta həkim də göndərmirlər. Bizə həşərat qədər də dəyər vermirlər. Qanunla gündə ən azı 2-3 dəfə gəlib təzyiqimizi yoxlamalıdırlar, səhhətimizlə maraqlanmalıdırlar. Amma biz iki gündür həkimin kölgəsini belə görmürük...
Bizmlə birlikdə olan oğlanı axşam o həddə çatdırıblar ki, o, zona qaytarılmağını tələb edib, əks təqdirdə barmağını kəsəcəyini deyib. Ona inanmadılar, o da çəçələ barmağını kəsdi. Biz istəyirik ki, mətbuat bu haqda yazsın, qoy bilsinlər burada nədən danışılır, nələr edilir, necə özbaşınalıq hökm sürür. 2 oğlanımız etiraz olaraq ağzını tikib. Mən isə hakimin sabahkı cavabını gözləyirəm. Əgər hakim məsələni uzatsa və ya 132-ci maddəni ləğv etmək istəməsə, mən də barmağımı kəsib prokurora göndərəcəm. Qoy məsələyə ciddi yanaşsınlar. "
Məlum hadisə barədə hələlik rəsmilərin açıqlaması olmasa da, Ermənistanın Ədliyyə Nazirliyində məsələyə rəsmi münasibət bildirəcəyinə söz verilib.
O.M.































































































