Türkiyədə üzüm və incir yetişdirilməsi ilə bağlı unikal antik yazı tapılıb

Türkiyədə üzüm və incir yetişdirilməsi ilə bağlı unikal antik yazı tapılıb

13:32
Bəyəndim (0) Bəyənmədim (0)


Müasir Türkiyənin Muğla vilayəti ərazisində yerləşən antik Amos şəhərində 2200 illik yazı aşkar edilib. Yazı antik dövrdə üzümçülük və incir yetişdirilməsi ilə bağlı ciddi qaydaları açıqlayır.Bu barədə Oxuməni.az “Yeni Şafak” nəşrinə istinadla xəbər verir.
Yazıya görə, hər 100 draxma icarə haqqı üçün kəndlilər 800 üzüm çələngi və 40 incir ağacı əkməli idilər. Bundan əlavə, sənəd əkilən quyuların dərinliyi, tinglər arasındakı məsafə və sıralar arasındakı torpağın taxıl əkmək üçün istifadəsini də ətraflı tənzimləyirdi.
Akdeniz Universitetinin Ədəbiyyat fakültəsinin professoru Fatih Onur bildirib ki, tapılan yazı antik dünyanın aqrar siyasəti haqqında unikal mənbədir. Onun sözlərinə görə, Amos torpaqları həm dövlət, həm də Rod adasının məbəd sistemi ilə bağlı müqəddəs ərazilər hesab olunurdu. Torpaq sahələri yalnız Amos sakinlərinə xüsusi hərraclar vasitəsilə icarəyə verilirdi və müqavilə şərtlərinin pozulması böyük cərimələr və müqavilələrin ləğvi ilə nəticələnirdi.
Tədqiqatçılar qeyd edirlər ki, Amos sakinləri Bozburu yarımadasının dağlıq relyefindən maksimum səmərəli istifadə etməyə çalışırdılar. Üzüm sıralarının arasında əlavə olaraq taxıl bitkiləri əkilir, incir isə həm qida məhsulu, həm də üzümü zərərvericilərdən qoruyan təbii vasitə kimi istifadə olunurdu. Alimlərin sözlərinə görə, belə aqrar müqavilələrin antik dünyada analoqu demək olar ki, yoxdur.
Yazı Fethiyə sahilində yerləşən Şevalye adasında tapılıb, baxmayaraq ki, ilkin olaraq Amosda yaradılıb. Alimlər hesab edirlər ki, Orta əsrlərdə daş gəmilərin balastı kimi istifadə olunub, sonra ada üzərinə gətirilərək kilsə döşəməsinə yerləşdirilib. Hazırda artefakt Fethiyə muzeyində saxlanılır və muzeyin yenidənqurma işləri başa çatdıqdan sonra ziyarətçilərə təqdim olunacaq.
Amos qazıntılarının rəhbəri, Muğla Sıtkı Koçman Universitetinin dosenti Mehmet Gürbüzer bildirib ki, qədim şəhərdə sistemli qazıntılar 2019-cu ildən davam edir. Onun sözlərinə görə, Rod ittifaqına daxil olan Amos bölgənin ən önəmli kənd təsərrüfatı mərkəzlərindən biri olub və çətin dağlıq relyefə baxmayaraq, Rod adasını üzüm məhsulları ilə təmin edib.
Almaz Həsənli