Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı aparılan istintaq çərçivəsində bir sıra xarici media resurslarında Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır və son dövrlərdə Azərbaycana qarşı intensiv şəkildə həyata keçirilən qarayaxma kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilir.

Bu fikirlər Media və Yayım Şurasının Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı istintaq çərçivəsində Azərbaycanın adının hallandırılması ilə bağlı açıqlamasında yer alıb.

Bildirilib ki, Almaniyanın “Der Spiegel” nəşrinin ilkin mənbə kimi yaydığı, daha sonra “Reuters”, “AFP”, “France 24”, “The Times”, “The Telegraph” və digər beynəlxalq media resurslarında tirajlanan, Azərbaycanın adını sözügedən istintaq işi ilə əlaqələndirən əsassız iddiaların geniş auditoriyaya fakt kimi təqdim olunması ciddi narahatlıq doğurur və rəsmi mənbəyə istinad etmədən belə materialların dövriyyəyə buraxılması qəbulolunmaz informasiya manipulyasiyası hesab edilir. Bu dezinformasiya əməliyyatının arxasında duran qüvvələrin çirkin niyyəti son dövrlərdə daha da inkişaf edən Azərbaycan-Almaniya əlaqələrinə xələl vurmaqdır.

“Media və Yayım Şurası Azərbaycanı əsassız şəkildə beynəlxalq informasiya məkanında mənfi kontekstdə təqdim etməyə yönələn bu cür dezinformasiya kampaniyalarını qətiyyətlə pisləyir, beynəlxalq media subyektlərini peşəkar jurnalistikanın əsas prinsiplərinə, o cümlədən dəqiqlik, obyektivlik, etibarlı mənbələrə istinad və məlumatların yoxlanılması prinsiplərinə ciddi riayət etməyə, həqiqətə uyğun olmayan məlumatların yayılmasına və ictimai rəyin manipulyasiya edilməsinə yol verməməyə çağırır”, - deyə açıqlamada qeyd olunub.

Oxuməni.az