Prezidentin köməkçisi Ermənistana muzdlu göndərən ölkələrə xəbərdarlıq etdi

Prezidentin köməkçisi Ermənistana muzdlu göndərən ölkələrə xəbərdarlıq etdi

2 Oktyabr 2020 16:10
Bəyəndim (3) Bəyənmədim (0)

Bu, Vətən müharibəsidir və Azərbaycan xalqı bu günlərdə ona dəstək verən dost dövlətləri və riyakarları heç vaxt unutmayacaq.

Oxuməni.az xəbər verir ki, Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev bu gün keçirdiyi brifinqdə belə bəyan edib.

“Azərbaycan dövlətinin işi haqq işidir. Azərbaycan Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması üçün fəaliyyət göstərir. İşğala son qoyulduqdan sonra regionun inkişafı üçün münbit zəmin yaranacaq”,-o bildirib.

Azərbaycan prezidentinin köməkçisi qeyd edib ki, ölkədə ümummilli həmrəylik var: “Torpaqların azad edilməsi Azərbaycan xalqının tələbidir. Azərbaycan xalqının iradəsindən kənar münaqişənin həlli mövcud deyil. Bu xüsusda qardaş Türkiyənin Azərbaycana dəstəyini yüksək qiymətləndiririk. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 il ərzində danışıqlar aparılmasına baxmayaraq, torpaqların azad edilmədiyini bildirib. Prezident İlham Əliyevin təşəkkürünü bir daha çatdırırıq. O cümlədən, Pakistanın da dəstəyini yüksək qiymətləndiririk. Macarıstan, Türk Şurası, İƏT tərəfindən Azərbaycana dəstəyi yüksək dəyərləndiririk”.

H.Hacıyevin sözlərinə görə, erməni xalqı özünün qurban olduğunu başa düşərək, Ermənistandakı kriminal rejimdən qurtulmalıdır.

H. Hacıyev habelə deyib ki, son günlər xarici ölkələrdə, xüsusən Yunanıstanda olan erməni əslli şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərinə gələrək döyüşəcəyi barədə məlumatlar daxil olur: “Biz həmin dövlətləri Azərbaycana qarşı bu cür təxribatlardan çəkinməyə çağırırıq. Həmin ölkələrin vətəndaşları hərbi əməliyyatlarda çıxış etdiyi halda legitim hərbi hədəflərə çevrilirlər. Həmin dövlətləri vətəndaşlarının bu təxribatlarda iştirakının qarşısını almaq üçün tədbirlər görməyə çağırırıq. Xaricdə yaşayan ermənilərin kiberhücumları var, milyonlarla kiberhücumlar həyata keçirilir”.

Oxuməni.az