Rusiya “Apple” və “Microsoft”-u informasiya yayımının təşkilatçıları reyestrinə daxil edib: bu, onların bloklanmasına yol aça bilər

Rusiya “Apple” və “Microsoft”-u informasiya yayımının təşkilatçıları reyestrinə daxil edib: bu, onların bloklanmasına yol aça bilər

12:21
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidməti (Roskomnadzor) Apple və Microsoft şirkətlərini informasiya yayımının təşkilatçıları reyestrinə daxil edib. Oxuməni. az xəbər verir ki, bu barədə “Tech Talk” Telegram kanalı məlumat yayıb.

Reyestrə daxil edilən xidmətlər istifadəçilər haqqında məlumatları Rusiya ərazisində saxlamağa və hüquq-mühafizə orqanlarının tələbi ilə təqdim etməyə borcludurlar. Bu tələblərə əməl edilmədiyi təqdirdə şirkətləri cərimələr və xidmətlərin bloklanması təhlükəsi gözləyir.

“Tech Talk” qeyd edir ki, şirkətlərin reyestrə daxil edilməsi tənzimləyici orqanlara onların xidmətlərini bloklamaq üçün formal hüquqi əsas verir.

Apple və Microsoft reyestrə oktyabrın 2-də daxil edilib. Bunun könüllü, yoxsa məcburi qaydada baş verdiyi məlum deyil. Ötən il CDN xidmətləri göstərən ABŞ şirkəti Cloudflare də informasiya yayımının təşkilatçıları reyestrinə məcburi şəkildə daxil edilmişdi.

Şirkətlərin özləri hələlik bu məlumatı şərh etməyiblər.

2018-ci ilin iyulundan etibarən informasiya yayımının təşkilatçıları hesab edilən şirkətlər istifadəçilərin bütün məlumatlarını, o cümlədən yazışmaları, video və audio mesajları altı ay ərzində saxlamağa və xüsusi xidmət orqanlarının sorğusu əsasında təqdim etməyə borcludurlar. Onlar həmçinin fəaliyyətə informasiya yayımının təşkilatçısı kimi başladıqları barədə Roskomnadzora məlumat verməlidirlər.

2024-cü ildə Roskomnadzor bu cür şirkətlər özləri reyestrə daxil olmadıqda və buna görə cərimələndikdə, onları müstəqil şəkildə reyestrə daxil etmək hüququ əldə edib. Apple şirkəti artıq belə cərimələrə məruz qalıb: ötən ilin yayında şirkət 500 min rubl məbləğində cərimələnib.

Almaz Həsənli